NAXÇIVAN :

07 Yanvar 2025, Çərşənbə axşamı

Qazanılan uğurlar milli həmrəyliyimizin və birliyimizin bəhrəsidir

...

1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda “31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü” haqqında qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikası Ali Sovetinə müraciət etdi.

1991-ci il dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə Qanun qəbul etdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən təsis edilmiş və az sonra bütün ölkə miqyasında qəbul olunmuş bu bayram hər bir azərbaycanlıda öz vətəninə məhəbbət, xalqına sədaqət, tarix və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirməklə yanaşı, mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsində də ciddi rol oynadı.

Ötən əsrin sonunda dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tamhüquqlu üzvünə çevrilən Azərbaycan Respublikasının qarşısında duran başlıca və aktual vəzifələrdən biri də dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşdirilməsi idi. Digər tərəfdən, Ermənistanın ölkəmizə qarşı təcavüzünün açıq müstəviyə qədəm qoyduğu, ermənilərin dünyada anti-Azərbaycan təbliğatı apardıqları bir vaxtda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həmrəyliyinin və diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi də olduqca mühüm əhəmiyyət kəsb edirdi. Tarixin müxtəlif mərhələlərində düçar olduqları məhrumiyyətlər, haqsızlıqlar və digər səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların təşkilatlanması dövlət müstəqilliyinə yeni nail olmuş respublikamızın beynəlxalq aləmdə yerinin möhkəmləndirilməsi işinə böyük töhfələr verəcəyi şübhəsiz idi.

31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olsa da, təəssüf ki, müstəqilliyimizin ilk illərində dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi ilə bağlı dövlət siyasəti yürüdülməmiş, həmin dövrdə hakimiyyətdə olan siyasi qüvvələr bu məsələdə maraqlı olmamışdılar. Birlik və həmrəylik ideyalarının aparılan siyasətdə özünə yer tapmaması isə özünü ciddi problem kimi göstərərək o dövrdə milli inkişafı əngəlləyən amillərdən birinə çevrilmişdi.

Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi, Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə də nail olundu. Tezliklə azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir. Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini dəyərləndirən dahi siyasətçi xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini daim diqqət mərkəzində saxlayırdı. Ulu Öndər xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirir, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verirdi. “Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir” – deyə Ulu Öndər bildirirdi.

Ulu Öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Milli birlik və azərbaycançılıq ideyalarını layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər Ümummilli Liderin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini nümayiş etdirir.

31 dekabr tarixinin əhəmiyyəti  ondan ibarətdir ki, bu əlamətdar gün məhz Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilmiş və ümumxalq bayramına çevrilmişdir.

Əsası böyük şəxsiyyət Heydər Əliyev tərəfindən məhz Naxçıvan Muxtar Respublikasında qoyulan bu xalq bayramı hər il Naxçıvanda da təntənə ilə qeyd olunur, bu münasibətlə silsilə tədbirlər keçirilir. Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirildiyi bu qədim diyarda milli birlik və həmrəyliyimiz tam təmin olunub. Son illərdə Naxçıvan Muxtar Respublikasında qazanılan uğur və nailiyyətlər də məhz birlik və həmrəylik sayəsində mümkün olmuşdur. Bu gün dövlət başçısının rəhbərliyi ilə ölkəmizin digər bölgələri kimi Naxçıvanda da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik tam təmin edilmişdir. Muxtar respublikanın şəhər və rayonlarında real canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, minlərlə yeni iş yerləri açılmışdır. Şübhəsiz ki, həyata keçirilən bu tədbirlərin insan faktoruna yönəldilməsi nəticəsində muxtar respublika əhalisinin yaşayışında və həyat tərzində əsaslı dəyişikliklər baş vermişdir. Özünün hərtərəfli inkişaf dövrünü yaşayan qədim diyarın ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi almış, rahat yaşayış məskəninə çevrilmişdir. Bu gün bütün naxçıvanlılar da azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirərək bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər etməkdədirlər.

Bu gün Azərbaycanda, həmçinin onun Naxçıvan Muxtar Respublikasında birliyin, həmrəyliyin ən böyük nümunəsi orduda müşahidə olunur. Xalqla ordu arasında yaranan qarşılıqlı inam və birlik ordu quruculuğu sahəsində yeni uğurların qazanılması ilə nəticələnir. Xalqın mənəvi dəstəyi ordunun gücünü qat-qat artırır. Xalqımız yaxşı bilir ki, dövlətimizin ərazi bütövlüyünün, sülhün, əmin-amanlığın, müstəqilliyimizin təminatçısı məhz ordumuzdur. Ordu isə inanır ki, onun arxasında Azərbaycan xalqı dayanıb. Ölkəmizdə xalq-ordu birliyinin nə qədər mükəmməl olduğu 44 günlük Vətən müharibəsində daha aydın göründü. Azərbaycan xalqının bu savaşda yeganə amal uğrunda ayağa qalxması, çəkici bir zindana vurması, həmrəy və bir olması ordumuzu yenilməz etdi. Hərə öz sahəsində, öz cəbhəsində rəşadətlə vuruşdu, düşmən üzərində ümumi qələbəmizin əldə olunması üçün əlindən gələni etdi. Bu savaşda aylıq təqaüdünü döyüşən əsgərlərimizə bağışlayan, onlara isti corab, əlcək göndərən sadə vətəndaşlardan tutmuş ölkə başçısına qədər hər kəs etdikləri ilə ordunun yanında olduğunu göstərdi. Müzəffər ordumuzun səngərdə, döyüş meydanında, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin isə siyasi arenada apardığı bu mübarizədə xalqın hərtərəfli dəstəyi, köməyi böyük rol oynadı. Bu savaşda xalqın birliyi, həmrəyliyi həm ordunun, həm də siyasi liderin qələbəyə inamını qat-qat artırdı. İnam olan yerdə isə zəfər mütləqdir.

Bəli, hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Həmrəylik bayramı, ilk növbədə, azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Ona görə də azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız, harada yaşamasından asılı olmayaraq, ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu hesab etməlidir.

Qafar QƏNBƏROV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 31.12.2024 18:00