İMES sisteminə inteqrasiya olunması ilə bağlı təli...
18:31 03.02.2025
0
0
0
NAXÇIVAN :
03 Fevral 2025, Bazar ertəsi
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563 (Cild I) 7-ci maddəsinə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Bu maddənin 1-ci hissəsində göstərilən icazələrin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü maddə üzrə:
2.1.1. 4.3-cü maddənin birinci cümləsinə “rüsumları” sözündən sonra “e-bildiriş” əsasında” sözləri əlavə edilsin;
2.1.2. aşağıdakı məzmunda 4.3-1 – 4.3-3-cü maddələr əlavə edilsin:
“4.3-1. Dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsi, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulu və aidiyyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçot müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.
4.3-2. “e-bildiriş” dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilolmalarının təyinatı üzrə hesablanması və köçürülməsi üçün istifadə olunan və bu Qanunun 4.3-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sənəddir. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları, “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
4.3-3. Bu Qanunun 20-3-cü maddəsində nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin orqanın xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
2.2. 5.3-cü maddədə “20” rəqəmləri “10” rəqəmləri ilə əvəz edilsin;
2.3. aşağıdakı məzmunda 18.74-1-ci, 18.76-1 – 18.76-4-cü, 18.77-1 – 18.77-3-cü, 18.79 – 18.88-ci maddələr əlavə edilsin:
“18.74-1. Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi – 100 manat.”;
“18.76-1. Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat.
18.76-2. Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat.
18.76-3. Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat.
18.76-4. Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi – 150 manat.”;
“18.77-1. Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
18.77-2. Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.
18.77-3. Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat.”;
“18.79. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat.
18.80. İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat.
18.81. Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat.
18.82. Qazın nəqli üçün icazənin verilməsi – 150 manat.
18.83. Qazın paylanmasına icazənin verilməsi – 50 manat.
18.84. Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi – 150 manat.
18.85. Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat.
18.86. Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi –150 manat.
18.87. Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat.
18.88. Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.”.
Maddə 3. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 975 (Cild I) 9.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“9.1. İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən xüsusi icazə əsasında həyata keçirilir. Xüsusi icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 4. “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 209 (Cild I) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. aşağıdakı məzmunda 7.1-1-ci maddə əlavə edilsin:
“7.1-1. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan şəhadətnamənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;
4.2. 7.4-cü maddədə “3 (üç)” sözləri “10 (on)” sözləri ilə əvəz edilsin.
Maddə 5. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 623 (Cild I); 2024, № 1, maddə 17) 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 8.1.4-cü maddədə “istismarı” sözü “istismara buraxılması” sözləri ilə əvəz edilsin;
5.2. aşağıdakı məzmunda 8.2-1-ci maddə əlavə edilsin:
“8.2-1. Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan icazələrin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 6. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1593 (Cild I) aşağıdakı məzmunda 4.1-1-ci maddə əlavə edilsin:
“4.1-1. Neft və qaz yataqlarının kəşfiyyatına, işlənməsinə və hasilatına, neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.
Maddə 7. Bu Qanunun qüvvəyə minməsi
7.1. Bu Qanunun 7.2-ci maddəsi nəzərə alınmaqla, bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
7.2. Bu Qanunun 2.1-ci maddəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20-3-cü maddəsində nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsinə münasibətdə həmin Qanunun 4.3-3-cü maddəsində qeyd olunan qaydalarla eyni gündə, digər dövlət rüsumlarının ödənilməsinə münasibətdə isə 2025-ci il iyunun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2024-cü il
Digər xəbərlər