NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

“Qayıdış” yalnız doğma yurda dönüş deyil, həm də tarixi yaddaşın bərpasıdır

...

Tarixi ədalətin bərpası zaman alsa da, 44 günlük Vətən müharibəsindəki zəfərimiz və bu zəfərin fonunda yaranan reallıqlar onu göstərdi ki, biz heç zaman öz torpaqlarımızdan əl çəkmədik, yurd sevgimizi nəsillərdən-nəsillərə miras olaraq ötürdük. Vətən müharibəsinin bəxş etdiyi zəfər xalqımızda böyük ümidlər yaratdı, illərlə Qarabağ ağrısının arxasında qalmış tarixi gerçəkliklərə işıq saldı. Qısa zaman ərzində beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan “Qərbi Azərbaycana qayıdış” konsepsiyası qəbul olundu. İdeya müəllifi Prezident cənab İlham Əliyev olan bu konsepsiyanın işığında mühüm tədbirlər həyata keçirilir. Əsas məramı indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etməkdən ibarət olan “Qərbi Azərbaycana qayıdış” konsepsiyasından irəli gələn vəzifələrin həlli istiqamətində sistemli şəkildə görülən işlər bizi əzəli ata-baba yurdlarımıza daha da yaxınlaşdırır. Haqq səsimiz bütün dünyada duyurulur. 8 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri olmaqla yanaşı, Zəngəzur dəhlizinə regional və beynəlxalq kontekstdə yeni münasibəti də ortaya qoydu.

    Tarixə baxış

Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələrlə nəticələnmişdir. Əhalinin heç bir rəyi nəzərə alınmadan, hüquq normalarına zidd olan bu qərarların icrası zamanı minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. 
Azərbaycanlıların deportasiya və soyqırımı cinayətlərinə ilk dəfə hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalamışdır. 

Hər şey ədalət naminə dəyişəcək

Çox da uzaq olmayan keçmişdə baş verən hadisələr, qazanılan tarixi zəfər onu göstərdi ki, ədalət gec-tez öz yerini tapır və bunun qarşısını heç bir qüvvə ala bilməz. Əgər xalq öz keçmişini unutmayıbsa, öz əzəli ata-baba torpağına qəlbən bağlıdırsa və bu xalqın daim yanında olan, onun arzu və istəklərini həyata keçirən qətiyyətli rəhbəri varsa, aydın sabahlara da yol görünür. Hər zaman nitqlərində qərbi azərbaycanlıların bir gün öz doğma torpaqlarına qovuşacaqlarını inamla ifadə edən Ulu Öndərin 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən məhəllənin açılışındakı nitqini çoxları xatırlayır: “Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”. 
Sürətlə dəyişən dünya düzənində öz layiqli yerini tutan və bütün fəaliyyətini ədalətə, haqqa, xalqlar arasında sülhə, dostluğa kökləyən Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət bir daha onu göstərir ki, bu bölgədə hər şey ədalət naminə dəyişəcək! 

Əcdadların izi ilə

Prezident İlham Əliyev vurğulayıb: “Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”. 
12 yanvar 2022-ci ildə yerli telekanallara müsahibəsində cənab Prezident deyib: “Babamın məzarını ziyarət etməklə, eyni zamanda ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir”. İşğal altında olan ərazilərin azad olunmasından sonra “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”, – deyən Prezidentin tarixi ərazilərimizdən deportasiya olunan insanlarımızın ləyaqətli qayıdışının təmin olunması ilə bağlı qətiyyətli mövqeyinin dəfələrlə şahidi olmuşuq. Bu eyni zamanda əcdadlarının ruhu dolaşan o torpaqlara, doğma od-ocağa qayıtmağın həsrəti ilə yaşayan insanlarımızın arzusudur. 
Bunlar tarixi faktlardır. Bir ucu İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz olan tarixi torpaqlarımız erməni məkrinin qurbanı olub. Yer adları dəyişdirilib, tarixi abidələrimiz, ata-babalarımızın qəbirləri dağıdılıb. Lakin o torpaqların suyu ilə, havası ilə böyümüş, yurd yerlərinin insanları var, şahidlər var. O torpaqların dərin qatlarında tariximiz var, silinməz izlərimiz, Azərbaycançılıq möhürü var. Bunları silməyə heç kimin gücü yetməz. 

Biz öz tarixi torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıtmalıyıq 

Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra ağır sınaqlarla üz-üzə qalsa da, üzüağ çıxmağı bacardı. Qayıdışı ilə canından çox sevdiyi Vətəninə, qibləgahına əmin-amanlıq, dinclik gətirən Ulu Öndər gələcəyini də etibarlı əllərə əmanət etdi. Dahi rəhbərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyev verdiyi hər vədin, dediyi hər sözün arxasında durduğunu öz əməli fəaliyyəti ilə sübuta yetirir. 200 illik tarixi gedişatı dəyişən, itirilmiş torpaqları qaytaran, suverenliyin bərpasına müvəffəq olan ölkə başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqi Qərbi Azərbaycana qayıdış məsələsinin Azərbaycan üçün həm ümummilli, həm də dövlət əhəmiyyətli məsələ olduğunu bir daha ortaya qoydu: “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. İctimai təşkilatlar və eyni zamanda Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır”.
Dövlət başçısının qəti mövqeyi Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və milli yaddaşımızın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər, qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Mədəni irsi məhv etməklə, toponimləri dəyişməklə Qərbi Azərbaycan torpaqlarını pasportlaşdırmağa cəhd edən mənfur ermənilər bir şeyi unudublar ki, xalqın genetik yaddaşı, miras kimi özü ilə bərabər daşıdığı ənənə, ruhunda bəslədiyi yurd sevgisi tarixi gerçəklikləri yaşatmağa bəs edər. 

“Qayıdış” konsepsiyası beynəlxalq müstəvidə

Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın keçirilməsi “Qayıdış konsepsiyası” əsasında həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. 60-dan çox ölkədən 100-dən artıq xarici qonaq və yerli ekspertlərin iştirak etdiyi konfransda Ermənistan ərazisindəki azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti, bu irsin qorunması və dirçəldilməsi, həmçinin qayıdış hüququnun beynəlxalq hüquq və mədəni irsin müdafiəsi kontekstində qiymətləndirilməsi müzakirə olundu. Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində deyilir: “Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir”. Beynəlxalq platformaya çevrilən ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayan ölkə başçısı keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyini bir daha vurğulayıb. Milli yaddaşımızın, mədəni irsimizin qorunması və qayıdış hüququnun təmin olunması mövzusunda Qərbi Azərbaycan icmasının keçirdiyi III beynəlxalq konfrans dünya ictimaiyyətinin diqqətini bir daha tarixi həqiqətlərə çəkmək və bu yolda real addımların ədalət naminə atıldığının bir daha uğurlu nümayişi oldu. 

Ədalətə, barışığa və sülhə aparan yol

Məlumdur ki, Naxçıvan ta keçmiş zamanlardan üzü bəri (əsasən də, 1905-ci ildən) Qərbi Azərbaycandan məcburi köç edənlərin, qaçqınların pənah, ümid yeri olub. Kompakt şəkildə daha çox Culfa, Ordubad, Şahbuz rayonlarında məskunlaşsalar da, muxtar respublikamızın, demək olar ki, bütün bölgələrində qərbi azərbaycanlılara rast gəlmək mümkündür.
Təsadüfi deyil ki, “Qərbi Azərbaycana qayıdış” I və II festival-konqresi Naxçıvanda keçirildi. Milli dəyərlərin, tarixi-mədəni irsin, yurd həsrətinin, Vətən sevgisinin, əzmin, səbrin, iradənin cəm olduğu hər iki festival möhtəşəmliyi ilə yadda qaldı. Bu festivallar həm də əzəli torpaqlarımızın – Qərbi Azərbaycanın bir addımlığında birliyimizin göstəricisi, yurd yerlərinə qayıdışın addım səsləri idi. 
Daha bir addım səsinin sevincini bu il dekabrın 5-də yaşadıq. 1992-ci ildən sükuta qərq olan, Naxçıvanı Zəngəzurla birləşdirən əsas nöqtələrdən biri – Salamməlik stansiyası yenidən doğmalarını öz ağuşuna aldı. Şahidi olduğu hadisələrin, yaşadığı dərin sükutun ağırlığından çökmüş stansiya həmin gün əzəmətini dağlardan, sevgi payını insanlardan, səsini işləyən texnikalardan aldı. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək stansiya ərazisində tikinti işlərinə start verildi. Tikinti işləri 188 kilometrlik dəmiryol xəttini əhatə edir. Bu il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa ediləcək. Zəngəzur dəhlizi həm də “Şimal-Cənub” dəhlizinin əsas halqalarından birini təşkil edəcək. Tarixi ədalətə, barışığa, sülhə aparan bu yolla gedənlər heç zaman uduzmayacaq. İnsanlığı, dünyanı xilas edən yeganə qüvvə haqq-ədalətə inam, sülhə xidmətdir. Azərbaycanın sülhsevər siyasətindən örnək götürmək isə heç zaman gec deyil. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı isə birbaşa ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Bu dönüş yalnız yurda dönüş deyil, milli yaddaşımıza, soykökümüzə, mənəvi irsimizə dönüş olacaq. Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və özləri ilə ora quruculuq, dinclik, sülh aparacaqlar. Qarabağa və Şərqi Zəngəzura apardığımız kimi...

Ruhiyyə RƏSULOVA
 

Nəşr edilib : 14.12.2025 15:55