NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Qayaları bənövşəli, xınalı...

...

Naxçıvan qayaları bənövşəli, xınalıdır, 
Dodaqları gül-çiçəkli,
Yanaqları lalə xallı, 
Bəzən köksü buz bulaqlı,
Bəzən kəklik yuvalıdır.

İnsan gələcəyə can atsa da, keçmişi daha çox xatırlayır. Arzular əlindən tutub, gələcəyə qaçırsa da, gözü arxada, keçən günlərdə qalır.     
Sanki ömür geriyə baxa-baxa irəli qaçmaqdır. Bəlkə də, ona görə hərdən “yıxılırıq...” Niyə belədir? Sözün düzü, niyəsi bir az qəliz söhbətdir. Bu sualı bir dəfə mənə yaxın dostum da vermişdir. Təxminən, belə cavab vermişdim: “İnsanın anadan olmasından ölümünə doğru istiqamətlənmiş bir düz xətt götürək. Bu xətt üzərindəki hər irəlidəki nöqtə sıfıra – yoxluğa, geridəki hər nöqtə isə var olmaq, dünyaya gəlmək anına yaxınlaşır. İnsan fitrən, şüuraltı olaraq birdəfəlik getmək, yox olmaq istəmir, dərindən fikirləşəndə, yoxluğun sonsuzluğu, mücərrədliyindən dəhşətə gəlir”.
İndi bir səbəb də əlavə edim: ömür keçdikcə yaxınların da dünyadan köçür, geridə qalan nöqtələr kimi sən onlardan uzaqlaşırsan. Onlarla bağlı ülvi hisslər, xatirələr keçmiş nöqtələrdə qalır. Ata-ananı, bacı-qardaşı nəvələr, gəlinlər, kürəkənlər əvəz edir… Sağlamlığın gedir, gəncliyin, möhtəşəmliyin geri günlərdə ilişib qalır. Dünyanı, insanları daha çox tanıyırsan, marağın itib gedir keçmişə. Bir sözlə, yoxluğa elə yoxluq olub qarışırsan…
Ona görə də uşaqlıq və gənclik dövrləri hər bir insan üçün ülvi bir aləmdir…

***

Hər il yayın əvvəlində kəndimizdən Zor bulaq yaylağına köç edərdik. Məktəb açılana qədər orada qalardıq. 
3 ay biz nəinki televizor, elektrik işığı, heç avtomobil də görməzdik. Bir texnika görərdik – süddən yağ ayıran “süd maşını”. Bir yarış izləyərdik, “at yarışı...”
Bir xəbəri gözləyərdik: “Kənddən adam gəlir, şaqqulu badam gəlir”, – deyərdik. Yemiş, qarpızı elə eşşəyin üstündə, “meşoğun” üstündən iyləyərdik. 
Məkələri axşamçağı təzək közündə kabab edərdik. 
Ayağımızı təndirə sallayıb ulduzlara baxardıq, arzuların əl çatmazını seçərdik.
Əsas bir işimiz vardı – quzu otarmaq. Bir problemi düşünərdik: quzuları Bədəl Yurduna, İbo Pironun arxacına, Göy təpənin döşünə, Ağ qaya ətrafına – hansı istiqamətə aparsaq, çox otlayarlar?
Quzular otlayar, uzanardıq gül, çiçək içinə, onların xırpıltılı səsinə qulaq asardıq. Adam görməzdik ki, düşüncələrimiz və biz olardıq. Bir də quzular pələng boğar. Təsadüfən insan görəndə sevinərdik. 
Bir cür su içərdik – bulaq suyu...
Bizim obada yanaşı iki bulaq var idi, “Qurdlu bulaq” deyirdilər. Qurdlu filan deyildilər. Bir az aralıda sal qayaların dibindən təkrarsız, özünə məxsus səslə, gur çıxan bir bulaq da var idi, ona möhtəşəmliyinə görə “Zor bulaq” deyirdilər. O biri bulaqlar guya ki, bunun paxıllığını çəkirmiş kimi adlarını “qurdlu” qoymuşlar.
Zor bulağın əhatəsində sıra ilə daha yeddi bulaq var idi. Hər birinin suyu bir-birindən sərin, özlərindən dərin...
Ancaq Zor bulaq, doğrudan da, zor idi, səsinə, buzluğuna, gurluğuna görə. Elə bil, qayalar içindən həyat çıxırdı dünyaya, özü də zor çıxırdı.
Günorta quzular mələşə-mələşə analarından süd içirlər, haradasa at kişnəyir, itlər qonşu obadan gələn atlı qonaqlara hücum çəkir... Babam qonaq qarşılayır, keçiləri mən tuturam, nənəm, anam süd sağır… 
Bir gün anama dedim, tez sağ, yağış yağacaq. Digər qadınlar güldü ki, belə günəşli havada yağış yağar? Doğrudan da, günəşli və isti idi. Anam elə yenicə çadıra girib, südü süzgəcdən digər vedrəyə süzürdü ki, göy guruldadı, leysan tökdü... İslanmış qadınlar buna məəttəl qaldı, xeyli bu haqda danışdılar. 
Bir neçə gün sonra anamla söhbətdə biri dedi: “Ərzaq qurtarıb, bu kişi də kənddən gəlmək bilmir”. Eşitdim, dedim ki, birisigün gələcək. Doğrudan da, həmin adam birisi gün gəldi. Bu dəfə daha çox danışdılar ki, sən bunları haradan bilirsən? Məni tərifləyib “Nostradamus” kimi öydülər.
Daha sonralar 2014-cü ildə, qələbədən 6 il öncə yazdığım “Sahilsiz təzadlar” romanında Şuşanı azad etdiyimizi, Vaqifin məqbərəsinin təmir olunduğunu, orada tez-tez konfranslar keçirildiyini, mədəniyyət mərkəzinə çevrildiyini yazdım. 
Sonralar, doğrudan da, belə oldu. Bu dəfə də dedilər: “Sən bunları haradan bilirdin?” Hətta 60-a yaxın alim, yazıçı, ziyalı AYB-yə, AMEA-nın humanitar bölməsinə, Mədəniyyət Nazirliyinə müraciət etdilər ki, bu kitabın Şuşada təqdimatını edək. 
Mən bunları haradan bilirdim? Öncə görmə, təb gəldi, ilham getdi, qulağıma səs gəldi, gözümə nəsə göründü filan söhbətləri həmişə əfsanə hesab etmişəm. Dədəm məni belə öyrədib. O özü yeniyetmə olanda çiynində, alnında “işıq”, “nur” görüb nənəmgil. Səs-küy salıblar, heyrətləniblər, molla zad gətiriblər… Mollalar belə qənatə gəlib ki, bu oğlan ya seyid, ya da pəhləvan olacaq. 
Sonralar Qarayevdən soruşanda ki, ay dədə, bu nə məsələdir, gülüb deyirdi ki, gecə yatağa girəndə nənənin öz toxuduğu yun köynəyi sürətlə dartıb başımdan çıxarırdım, elektriklənib işıq saçırdı, bunlar da təhsilsiz adamlardı, elə bilirdilər, nurlanıram...
Və mən həmişə Qarayevdən Allaha, elmə və Qurana inanmağı öyrəndim. O deyir ki, elmdən başqa heç bir həqiqət yoxdur.
Yaylaqdakı iki hadisəni mən təsadüfən demişdim. Amma Şuşanı azad edəcəyimizi çox düşündükdən sonra məntiqlə hesablamışdım. Çox sadə: bizim xalqımızın, dövlət və ordunun ali məqsədi idi bu. Və bütün hazırlaşmalar, hadisələr zəfərə aparırdı. Allah şəhidlərimizə rəhmət etsin. 
Qayıdaq yaylağa…
Aydın səmada buludlar öz-özündən qəm çəkir, nəm çəkir...
Ocaq üstə, köz üstə çiçək yemiş çəpiş ətindən bözpört, kabab bişir,
Tüstüsündən, qoxusundan adam “şişir”.
Gözün baxır Zor bulaqdan gələn nazlı qıza, yanağında lalələr, dodağında çiçəklər, gülümsəyən gözlərində şəfəqlər...
Belə göz olar? Ürəyini aparır, rəngin saralır.. Bilmirsən ki, bulud çəkib, meh gətirib, ya Zor bulaq damcı-damcı öz ətrafına çiləyib bu qızı...
Yay ayları idi, Zor bulaq obası beləydi...

***

    Yenə o dağ olaydı, qarğı atın üstündə,
    Bir konfetin, bir almanın üstündə,
    “Vuruşardı”, dalaşardı uşaqlar,
    Keçmişdən, bu gündən xəbərsiz,
    Gələcəyə uçan, qaçan uşaqlar,
    Öz-özündən şişən, coşan uşaqlar...

***

    Yenə o dağ olaydı,
    Zirvələrdən baxıb sənə,
    Hey yığardım çiçək sənə, gül sənə.
    Buludların kölgəsində, mən at üstdə,
    Sənsə bitib tükənməyən xəyalların təşnəsində,
    Sanki göydə, yerdə, indidə, həm gələcəkdə,
    Yarışardıq, baxışardıq,
    Zülmətlərin yoxluğuna qarışardıq.

***

    Yenə o dağ olaydı,
    Darayardın saçlarını.
    Hirslənərdin, bulaq güzgüsündə,
    Görəndə sən qıçlarını.
    Mən də bundan zövq alardım, gülərdim,
    Əlimdəki gərməşov ağacımla,
    Sındıraraq aynasını bulağın,
    Damcıları tellərinə,
    Muncuq kimi düzəydim.
    Zor bulaq “zor” idi, elə uşaqlıq, gənclik də “zor” idi. 

Nə edə bilərik? 
Dönüb geridəki nöqtələrə, Zor bulağa, bulaqdakı əksinə baxan, tellərinə damcılar düzdüyümüz qıza baxa-baxa əlimizdən tutub bizi gələcəyə aparan arzulara yoxluğa doğru qaçırıq... 

Sadıq QARAYEV
biologiya üzrə fəlsəfə doktoru, dosent, AYB və Rusiya Yazıçılar İttifaqının üzvü, 
Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatçısı

 

Nəşr edilib : 17.11.2025 14:10