NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Qarabağda dayanıqlı əmək bazarı formalaşır

...

Azərbaycanın tarixi zəfərindən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas məqsədi “Böyük Qayıdış” proqramı çərçivəsində insanların doğma yurdlarına təhlükəsiz və davamlı şəkildə qayıdışını təmin etməkdir. Lakin qayıdışın uğuru yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə ölçülmür. Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı həyatın formalaşması, ilk növbədə, sakinlərin məşğulluğu, sabit gəlir əldə etməsi və sosial rifahının təmin olunmasından asılıdır. Məhz buna görə də dövlət tərəfindən həyata keçirilən məşğulluq siyasəti bölgənin iqtisadi dirçəlişinin əsas istiqamətlərindən biri kimi çıxış edir.

Bu siyasətin real nəticələri artıq statistik göstəricilərdə də öz əksini tapır. Rəsmi məlumatlara əsasən bu günədək Qarabağa köçürülmüş əmək qabiliyyətli sakinlərin, təxminən, 70 faizi məşğulluqla təmin edilib. Ümumilikdə, 10,6 minə yaxın şəxs daimi iş yerlərinə yerləşdirilib, yüzlərlə vətəndaş isə özünüməşğulluq proqramları və peşə hazırlığı kursları vasitəsilə yeni bacarıqlar qazanaraq əmək bazarına inteqrasiya olunub. Bu göstəricilər onu deməyə əsas verir ki, Qarabağda aparılan bərpa prosesi təkcə infrastrukturun yenilənməsini deyil, həm də sosial-iqtisadi həyatın canlanmasını təmin edir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas icraçılarından biri Dövlət Məşğulluq Agentliyidir. Agentlik azad edilmiş ərazilərdə məşğulluğun təminini dörd əsas istiqamət üzrə qurulmuş sistemli strategiya əsasında həyata keçirir. Vətəndaşların iş axtarışını və sosial xidmətlərə çıxışını asanlaşdırmaq məqsədilə fəaliyyət göstərən Qarabağ Regional DOST Mərkəzi bu prosesdə mühüm rol oynayır. Burada tətbiq olunan “Bir pəncərə” prinsipi sayəsində sakinlər müxtəlif dövlət xidmətlərindən operativ şəkildə yararlanır, öz bacarıqlarına uyğun vakansiyalarla tanış olur və sosial müdafiə xidmətlərinə rahat çıxış əldə edirlər.

Qarabağda davamlı məşğulluğun təmin edilməsində özünüməşğulluq proqramları da mühüm yer tutur. Proqram çərçivəsində vətəndaşlara əvvəlcə sahibkarlıq üzrə təlimlər keçirilir, daha sonra biznes planı uğurlu qiymətləndirilən iştirakçılar lazımi avadanlıq, alət və materiallarla ödənişsiz təmin olunurlar. Bu, kiçik ailə bizneslərinin yaranmasına, yerli istehsalın genişlənməsinə və yeni iqtisadi münasibətlərin formalaşmasına töhfə verir.

Eyni zamanda uzun illər doğma yurdlarından uzaqda yaşamış və ya əmək bazarının tələblərinə uyğun olmayan ixtisasa malik şəxslərin peşə bacarıqlarının yenilənməsi xüsusi diqqətdə saxlanılır. Regionun iqtisadi potensialına uyğun təşkil olunan peşə hazırlığı kursları sayəsində sakinlər qısa müddətdə yeni ixtisaslara yiyələnərək əmək bazarında rəqabətqabiliyyətli kadrlara çevrilirlər.

Məşğulluğun yalnız xidmət sektoru ilə məhdudlaşmaması da diqqətçəkən məqamlardandır. Qarabağda sənaye müəssisələrinin yaradılması iqtisadi inkişafın davamlılığını təmin edən əsas amillərdən biridir. Xankəndidə fəaliyyət göstərən tekstil fabriki və istifadəyə verilən digər istehsal müəssisələri yerli əhalinin, xüsusilə qadınların daimi işlə təmin olunmasına, bölgədə iqtisadi fəallığın genişlənməsinə və sənaye potensialının möhkəmlənməsinə xidmət edir.

Qarabağda həyata keçirilən bu model, əslində, Dövlət Məşğulluq Agentliyinin ölkə üzrə icra etdiyi ümumi məşğulluq siyasətinin tərkib hissəsidir. Cari ilin yanvar-may aylarının nəticələri bunu bir daha təsdiqləyir. Hesabat dövründə agentlik tərəfindən 170,1 min nəfər aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 65 min nəfər münasib işlə təmin edilib, 322 nəfər özünüməşğulluq proqramına qoşularaq kiçik ailə təsərrüfatı yaratmaq imkanı qazanıb. Bundan başqa, 7,3 min nəfər peşə hazırlığı kurslarına cəlb olunub, 97,5 min nəfərə isə peşəyönümü xidmətləri göstərilib. Bu göstəricilər dövlətin məşğulluq siyasətinin yalnız mövcud vakansiyaların doldurulmasına deyil, həm də gələcəyin əmək bazarının formalaşdırılmasına yönəldiyini göstərir.

Əslində, Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına qayıtması deyil, həm də Qarabağın iqtisadi və sosial həyatının yenidən qurulması deməkdir. Bu baxımdan, məşğulluq proqramları xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən layihələr sosial asılılığı azaldır, vətəndaşların iqtisadi fəallığını artırır və onları istehsal prosesinin fəal iştirakçısına çevirir.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qarabağda aparılan bərpa və yenidənqurma işlərinin əsas məqsədi insanların doğma yurdlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını təmin etməkdir. Dövlət başçısının Şuşa və Füzuli şəhərlərinə səfəri zamanı qeyd etdiyi kimi: “Bu gün qürur hissi ilə deyə bilərik ki, biz bu torpaqları yenidən qururuq və keçmiş məcburi köçkünlərimizi, qəhrəman ailələrimizi evlə təmin edirik”.

Qarabağda yaradılan hər yeni iş yeri, qurulan hər ailə təsərrüfatı və fəaliyyətə başlayan hər yeni müəssisə bölgədə həyatın davamlılığını möhkəmləndirən mühüm addımdır. Sürətlə inkişaf edən, müasir iqtisadi infrastrukturu formalaşan Qarabağ yaxın illərdə təkcə öz sakinlərinin rifahına deyil, bütövlükdə, Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək strateji bölgələrdən birinə çevriləcək.                

    Elnurə CƏFƏROVA

 

Nəşr edilib : 07.07.2026 14:30