NAXÇIVAN :

28 Noyabr 2024, Cümə axşamı

Qarabağ Universiteti və Dünya Azərbaycanlı Alimlər Birliyi əməkdaşlıq edəcəklər

...

Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyətinin üzvləri və Qarabağ Universitetinin rəhbər heyəti arasında görüş keçirilib.

DAAB-ın təşəbbüsü ilə onlayn formatda keçirilən görüş tədris, elmi-tədqiqat, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanınması və nüfuzunun gücləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.

DAAB-ın əsas fəaliyyət istiqamətləri və xaricdə yaşayan azərbaycanlı alimlərin birgə tədbirləri barədə məlumat verən M.Əfəndiyev cari ilin sentyabrında Azərbaycanda keçirilən forum çərçivəsində Qarabağ Universitetinin heyəti ilə görüşünü xatırladıb, belə görüşlərin davamlı keçirilməsinin əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. Qeyd edib ki, reallaşdırılacaq birgə fəaliyyətlər həm Qarabağ Universitetinin elmi potensialının gücləndirilməsinə, həm də bölgənin inkişafına töhfə baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Rektor Ş.Bayramov işğaldan azad olunmuş əzəli yurdlarımızda belə müasir ali təhsil müəssisəsinin qurulmasında dövlətin yüksək diqqət və qayğısından danışıb. Xaricdə yaşayan azərbaycanlı alimlərin Qarabağ Universitetinə böyük maraq göstərməsindən məmnunluğunu ifadə edən rektor əməkdaşlığın potensial istiqamətləri barədə söz açıb. O bildirib ki, tədqiqat əsaslı universitetə çevrilməyi hədəfləyən Qarabağ Universiteti dünyanın aparıcı universitetləri və elmi-tədqiqat institutlarında çalışan azərbaycanlı alimləri bir araya gətirən DAAB ilə əməkdaşlıqda maraqlıdır.

Müzakirələrlə davam edən görüşdə xaricdə yaşayan alimlər institusional və fərdi formatda reallaşdırıla biləcək konkret addımlar barədə təkliflər səsləndiriblər.

Qarabağ Universitetinin hərtərəfli inkişafına dəstək məqsədi daşıyan birgə elmi tədqiqatların aparılması, ortaq elmi tədbirlərin təşkili, müasir laboratoriyaların və tədqiqat mərkəzlərinin qurulması, universitetin tanıtımı, tələbələr və əməkdaşların müxtəlif təlim, təcrübə və mübadilə proqramlarına cəlb olunması və digər mövzularda fikir mübadiləsi aparılıb.

Sonda ilkin razılıq əldə olunmuş istiqamətlərdə müzakirələrin davam etdirilməsi və birgə fəaliyyət planı layihəsinin hazırlanmasına start verilməsi məqsədilə hər iki tərəfin müvafiq əməkdaşlarından ibarət birgə işçi qrup formalaşdırılıb.

Nəşr edilib : 18.10.2024 15:50