Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvərlik t...
19:28 26.06.2026
0
0
0
NAXÇIVAN :
26 Iyun 2026, Cümə
Güclü ordu müstəqilliyin, inkişafın və sabitliyin təminatıdır. Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu amili dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. “Hər bir dövlətin müstəqilliyinin rəmzi və təminatçısı onun silahlı qüvvələridir”, – deyən Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və inkişafında əsas baza olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “1993-cü ildə ölkəmiz, demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur”.
Bu gün ölkə Prezidentinin Ümummilli Liderin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, müstəqilliyimizin və dövlətçiliyimizin qarantı olan güclü ordumuz vardır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı. Ordumuz 44 gün ərzində düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz təmin olundu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi.
Hər bir dövlətin əsas dayağı onun ordusudur. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın güclü orduları sırasında yer alıb. Bu, ordu quruculuğu istiqamətində sistemli addımların atılması, ordunun davamlı olaraq maddi-texniki bazasının gücləndirilməsi və idarəçiliyinin düzgün həyata keçirilməsi ilə bağlıdır. Müdafiə sənayesinin ən yeni nailiyyətlərinin ordunun təchizatında istifadə olunması, müasir döyüş texnikalarının mənimsənilməsi, etibarlı müdafiə sisteminin qurulması və digər vacib məsələlər Azərbaycan Ordusunun davamlı olaraq güclənməsini şərtləndirib. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Silahlı Qüvvələrimiz həm NATO, həm də digər döyüş standartlarına malikdir. Ordumuz həm dağda, həm səhrada, həm suda, həm də havada döyüşməyi bacarır. Azərbaycan Ordusu yeni texnologiyaları mənimsəmiş, yeni texnikadan istifadə edən milli kadr potensialı ilə tam şəkildə komplektləşib. Hazırda komando tipli döyüş qabiliyyətli hərbi hissələr yaradılır. Bu hərbi hissələr yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçularla komplektləşdirilir. Komando adına sahib olmaq üçün hərbi qulluqçuların komando təməl və komando ixtisas kursunu müvəffəqiyyətlə bitirməsi, müvafiq rəngdə beret və döş nişanını əldə etməsi şərtdir. Komando ixtisas kursu çox çətin kursdur. Bu kursda təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında keçirilir. İxtisas kursu dərin qarda və soyuqda döyüş əməliyyatı, quru komando əməliyyatı, su üstü komando əməliyyatı, hava-desant əməliyyatı, yaşayış məntəqələrində antiterror əməliyyatı mərhələləri üzrə keçirilir.
Ali Baş Komandanın tapşırığına uyğun olaraq ordumuz istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır. Bütün təlimlərdə - istər NATO strukturunda olan, istərsə də digər ordularla birgə keçirilən təlimlərdə Azərbaycan ən yüksək nəticələr göstərir. Azərbaycan Ordusu xalqını, ölkəsini qoruya bilən ən mühüm silahlı qüvvələrdəndir.
Bu gün Azərbaycan müdafiə sənayesini də uğurla inkişaf etdirir. Ordu quruculuğu, Silahlı Qüvvələrin inkişafı istiqamətində bu sahənin ayrıca yeri var. Bu həm ordumuzun daxili resurslar, yerli istehsal hesabına təchizatını genişləndirir, həm də Azərbaycan iqtisadiyyatına dəstək elementləri formalaşdırır. Həmçinin Azərbaycanın müasir silah bazarında yerini təyin edir. Bütün bunlar göstərir ki, ölkəmizdə Silahlı Qüvvələrin daha da inkişafı istiqamətində sistemli, düşünülmüş addımlar atılır. Bu baxımdan, Azərbaycan xalqı təhlükəsizliyinin daha etibarlı təmin olunacağına əmindir, ordusunun gücünə inanır. Prezident İlham Əliyevin dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.
44 gün davam edən haqq mübarizəmiz sayəsində bütün dünya gördü ki, Azərbaycan xalqı yumruq kimi birdir. Bu qələbəni, zəfəri bizlərə yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıq nümunəsidir. Böyük zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını, qələbəmizin sonsuz qürur hissi doğurduğunu gördükcə fərəh hisslərini yaşayırıq.
Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza tarixində ən böyük qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərin siyasi irsinə sonsuz sədaqət göstərərək ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında daim misilsiz töhfələr verəcəkdir. Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Şəhla Əhmədova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər