NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qalib Azərbaycanın inkişaf məkanı Naxçıvan

...

Səhər 7 radələrində Bakı hava limanında payız yağışı yağırdı. Təyyarəmiz Naxçıvana istiqamət götürəndə Bakının yağışı dalımızca su səpməklə öz şərəfli missiyasını yerinə yetirdi. Uçuşumuz bir saatdan az oldu. Naxçıvan təmiz havası, 4 dərəcə müsbət temperaturu, ən əsası, dost arzu və istəyi ilə bizi qucağına aldı. Hava limanından “Təbriz” hotelinə qədər yol çox da uzaq deyil. Amma belə enli və təmiz küçələri heç bir ölkədə görmək mümkün deyil. Burada nəyi isə tərifləməyə ehtiyac yoxdur. Ona görə ki, burada “Şəhər necə olmalıdır?” sualına əyani cavab var. Sadəcə, sən diqqət etməyi bacar.

Naxçıvana Beynəlxalq konfransa gəlmişdim. Universitetin gənc, bacarıqlı, qurucu, çoxsaylı və çoxixtisaslı tələbə və müəllim heyətini ədalətlə idarə edən, tarixçi həmkarım Elbrus İsayevdən dəvət almışdım. Beynəlxalq konfrans tarixi qələbəmizin beşilliyinə həsr olunmuşdu. Uzaq İordaniyadan tutmuş qardaş Türkiyəyə qədər konfransda təmsil olunan var idi. Sözün doğrusu, Naxçıvandan belə bir konfransda məruzə dinləməyin ayrıca ləzzəti var idi.

Qalib ölkənin vətəndaşı olmaqdan şərəfli nə ola bilər? İllərlə həsrətində olduğumuz o qələbə ovcumuzun içindədir, ürəyimizin başındadır. Tarixboyu mübarizə meydanı olan Naxçıvanda qaliblərin tarixinə həsr olunmuş bu konfransda hamının üzü gülürdü. Maraqlı məruzələr bir-birini əvəz edirdi.

Konfrans günü Naxçıvanın havası da bizim tədbirə rəng qatdı. Noyabrdan daha çox may ayını xatırladırdı. Həm də niyə may ayını xatırladım? Müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev may ayında doğulub. Onu boya-başa çatdıran Naxçıvan olub. Ümummilli Liderin uğurları Azərbaycan boydadır. Buna hamı şahiddir.

Qalib dövlətlərin cərgəsinə qoşulmaq, düşmən işğalı altında olan torpaqlarımızı azad etmək, bir milyon qaçqın və köçkünü öz dədə-baba torpaqlarına qaytarmaq üçün bir ağatlı qəhrəmana ehtiyacımız var idi. Bütün Azərbaycan xalqı bu qəhrəmanın intizarında idi. 2003-cü ilin oktyabrında Ümummilli Lider Azərbaycan xalqına müraciətində deyirdi: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Biz də konfransda milyonların ümidinə çevrilmiş, o cəsarəti və qətiyyəti ilə seçilən, Qarabağın fatehi, Ali Baş Komandanın bilavasitə rəhbərliyi altında qazanılan qələbədən danışırdıq.

30 ildən sonra itirilən torpaqları geri ala bilən qəhrəman dövlət başçısı erməni məkrini Azərbaycan sərhədlərindən kənara atdı. Üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır.

Biz də Naxçıvanda qürurla dalğalanan o bayrağın kölgəsində “Zəfər irsi” mövzusunda Beynəlxalq konfransımızı qələbə duyğuları ilə keçirdik. Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri öz gözəl musiqi proqramı ilə qalib əhvali-ruhiyyəmizə şirinlik qatdı.  

Böyük Mustafa Kamal Atatürkün “TÜRK QAPISI” adlandırdığı Naxçıvan böyüyür, gözəlləşir, inkişaf edir, Naxçıvan Dövlət Universiteti isə elm və təhsil üçün qapılarını hamının üzünə açıb.

Yaşa, min yaşa, doğma və əziz Naxçıvan!

Anar İSGƏNDƏROV

Milli Məclisin deputatı

Nəşr edilib : 06.11.2025 17:15