NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Qafqazın sülh carçısı

...

Tarix öz səhifələrinə nəyi necə varsa, elə də qeyd edir. Heç nəyi dəyişmək və ya silib yenidən yazmaq mümkün olmayacağı şəkildə. Tarix həm də yaratdığı nadir şəxsiyyətləri öz səhifəsində əbədiləşdirir. Tanrı isə belə seçilmiş insanları hər xalqın qismətinə yazmır. Ona bəxş edilən dahiləri zamanında qiymətləndirən, onlara dəyər verən millət isə Yaradanın sevimlisinə çevrilib əlçatmaz olur, daim yüksəlir və yaşayır. Bu tarixi həqiqətdir. Hər zaman sübut edilmiş həqiqət. Ulu Tanrının Türk dünyasına bəxş etdiyi belə nadir şəxsiyyətlərdən biri olan Ulu Öndər Heydər Əliyev bizi, bu xalqı bütün bəlalardan xilas edib ayağa qaldırdı, yarımçıq qalan işlərini tamamlamağı əmin əllərə etibar etdi. Ona özü qədər inandı. Bəli, Tanrının Ona bəxş etdiyi bütün xüsusiyyətləri varisinə miras qoymuşdu dahi rəhbər. Bunu tarix də sübut etdi. Heydər Əliyevin əsasını qoyduğu və axıra çatdıra bilmədiyi bütün işləri yeni tarix yazan Prezidentimiz İlham Əliyev tamamladı. 
Heydər Əliyevin qoyduğu təməllər, xüsusən də neft strategiyası, dövlətçilik ideologiyası, hüquqi baza və təhsil islahatları cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək “Əsrin müqaviləsi” kimi böyük layihələrin tamamlanması, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası kimi tarixi nailiyyətlərlə davam etdirildi. Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirib, doğma Azərbaycanımızı qalib ölkəyə çevirdi. İndi artıq əminliklə demək olar ki, münaqişəyə “dəmir yumruq”la son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş Prezident İlham Əliyev təkcə Azərbaycanı gücləndirib dünyada tanıtmadı, Cənubi Qafqaz xalqları arasında ədavətə son qoyub, sülhü bərqərar edən, əvəzolunmaz böyük tarixi şəxsiyyət kimi adını tarixin yaddaşına yazdırdı. Bütün dünya şahid oldu ki, Azərbaycan və onun qalib rəhbəri sülh tərəfdarıdır və bunun üçün əlindən gələn hər şeyi edir. Vasitəçilər, moderatorlar, sülh danışıqlarının platforması dəyişsə də, bizim sülh niyyətimiz dəyişməz qalır. 

Bu gün dahi rəhbərin yolunu bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı Ulu Öndərin “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir” nəsihətini də layiqincə yerinə yetirir. Düşməni məğlubiyyətə düçar etməyimizə baxmayaraq, biz onları yenə də sülhə dəvət edir və Qafqazda çağırılmamış qonaqlar tərəfindən yaradılan münaqişənin həllinə can atırıq. Tarixə nəzər salanda görürük ki, hələ Azərbaycan Xalq Cümhuriyyətinin yeni yarandığı illərdə müstəqil dövlət kimi ilk dəfə sülh müqaviləsi 23 noyabr 1919-cu ildə imzalanıb. Bu Azərbaycan-Ermənistan sazişi olub ki, Tiflisdə imzalanmış bu müqavilə Zəngəzurda gedən döyüşlərə son qoymaq məqsədi güdürdü, lakin uğursuz oldu. Həmin illərdən fərqli olaraq bu gün Azərbaycan dövləti qalib ölkə kimi sülhə cəhd edir və sülhün əbədi olacağına ümid bəsləyir. 
Çünki Vətən savaşının qələbə ilə bitməsindən, üçtərəfli bəyanatın imzalanmasından sonra ekspertlər Cənubi Qafqazda yeni eranın başlanması üçün əsaslı bir zəmin yaranacağını bildirirlər. Regionda uzun zaman qapalı qalmış iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını şərtləndirən yeni bəyanat Cənubi Qafqazda bu zamanadək heç vaxt mümkün görünməyən sülh və əməkdaşlıq mühitinin artıq reallaşdırılmasına doğru atılmış əhəmiyyətli bir addım oldu. Daim humanist və sülhsevər bir dövlət olan Azərbaycanın sülhpərvər mövqeyi, dünya dövlətləri ilə qurduğu yüksəksəviyyəli diplomatik, etibarlı əlaqələri regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında ölkəmizin üzərinə düşən rolu uğurla yerinə yetirdiyini sübut edən amillərdən biridir. Dünya dövlətləri ilə yaratdığı münasibətlər xarici diplomatiyadakı uğurun göstəricisi olduğu kimi, Azərbaycan ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələrinin bir bayraq altında birləşməsi Vətən müharibəsində talış, ləzgi, avarların, hətta burada yaşayan rusların da döyüşüb şəhidlik məqamına yüksəlməsi daxili sabitliyin və birliyin nümunəsi oldu. 
Prezident İlham Əliyev sülh müqaviləsinin də tezliklə imzalanacağına əminliyini bildirərək vurğulayır: “Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq”. 
Sülhə doğru atılan addımların hər biri göstərir ki, bu xalq və onun rəhbəri hər zaman sülhsevər olub və bu belə davam edəcək. Dövlət başçısının bu istiqamətdə gördüyü bütün işlər və qəbul etdiyi qərarlar təkcə ölkə daxilində yox, bütün dünyada yaşayan xalqlar tərəfindən rəğbətlə qarşılanır və o sülhsevər lider kimi şöhrət qazanır. 
Tarix bir çox dövlətlər və xalqlar arasında müharibələrə şahidlik edib, dünyanı lərzəyə gətirən çox hökmdarlar gəlib keçib bu dünyadan. Amma bu bir tarixi həqiqətdir ki, torpaq onu qanla doyuran, insanları amansızlıqla qətlə yetirən hökmdarları yox, dünyaya sülh və ədalət gətirən liderləri öz səhifəsinə qürurla həkk edib. Bu xalq da həmin xoşbəxt xalqlardandır ki, onun Müzəffər Sərkərdəsinin adı tarix səhifələrində Qafqazın sülh carçısı kimi əbədi yaşayacaq.  

Ramiyə ƏKBƏROVA
 

Nəşr edilib : 11.01.2026 15:06