NAXÇIVAN :

15 Yanvar 2025, Çərşənbə

Qafqazda sülhün və sabitliyin qarantına çevrilən Azərbaycan

...

Vətən savaşı qələbə ilə başa çatdıqdan, üçtərəfli Bəyanatın imzalanmasından sonra bütün dünya Cənubi Qafqazda yeni eranın da başlanması üçün əsaslı bir zəmin yarandı. Regionda uzun zaman qapalı qalmış iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını şərtləndirən yeni üçtərəfli Bəyanat Cənubi Qafqazda bu zamanadək heç vaxt mümkün görünməyən sülh və əməkdaşlıq mühitinin artıq reallaşdırılmasına doğru atılmış əhəmiyyətli bir addım kimi qiymətləndirildi. Prezident cənab İlham Əliyev sülh müqaviləsinin də tezliklə imzalanacağına əminliyini bildirərək vurğulayıb: “Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq”.
Əlbəttə, 30 illik işğal dövründə başımıza gətirilən müsibətlərin səbəbkarları ilə inteqrasiya prosesinin tez və asan baş verəcəyini düşünmək sadəlövhlük olardı. Bu iki dövlətin arasındakı düşmənçiliyin, daha doğrusu, ermənilərin türk düşmənliyinin aradan qaldırılması, inam mühitinin formalaşdırılması üçün zamana ehtiyac var. Daim humanist və sülhsevər bir dövlət olan Azərbaycanın dünya dövlətləri ilə qurduğu yüksəksəviyyəli diplomatik, etibarlı əlaqələri regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında ölkəmizin üzərinə düşən rolu uğurla yerinə yetirdiyini sübut edən amillərdən biridir. Dünya dövlətləri ilə yaratdığı münasibətlər xarici diplomatiyadakı uğurun göstəricisi olduğu kimi, Azərbaycan ərazisində yaşayan müxtəlif millətlərin nümayəndələrinin bir bayraq altında birləşməsi, Vətən müharibəsində döyüşüb şəhidlik məqamına yüksəlməsi daxili sabitliyin və birliyin nümunəsi oldu. Vətən müharibəsindən sonra Şuşada keçirilən ilk “Xarıbülbül” musiqi festivalında çıxış edən müxtəlif millətlərdən olan rəqs və mahnı qruplarının eyni səhnədə birləşməsi də bu birliyə nümunədir. 
Bütün bunlar onu sübut edir ki, dövlətimiz insanların dinc-yanaşı yaşaması üçün əlindən gələni edib və postmüharibə dövründə Azərbaycan tərəfi sülh və əməkdaşlıq prinsiplərinə əsaslanan ardıcıl addımlar atmaqda davam edir. Amma onu da unutmamalıyıq ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması üçün qarşılıqlı addımlar atılmalıdır. Əlbəttə ki, xoş niyyətin, humanistliyin birtərəfli olması sülhün uzunmüddətli olmasına təminat verə bilməz. Uzun illərdir ki, torpaqlarımızı işğal edib və hər cür talana, təhqirə məruz qoyan, bu illər ərzində yüzlərlə insanımızın ölümünə səbəb olan erməni dövlətinin bacarıqsız rəhbərlərini isə nə öz vətəndaşlarının, nə də dövlətlərinin taleyi düşündürür. Bu şovinist tayfanın içərisindən çıxan nümayəndələr 44 günlük müharibədəki məğlubiyyətdən belə dərs almağı bacarmadı. Ermənistan rəhbərliyi Azərbaycan dövlətindən daha çox öz ölkəsinin vətəndaşlarının və Qarabağda yaşayan ermənilərin rifahı naminə iki ölkə arasında düşmənçiliyin aradan qaldırılmasına daha çox səy göstərmək, işğaldan azad edilmiş Azərbaycan ərazisində təxribat törətməyə cəhd edən qüvvələrin qarşısını almaq əvəzinə sülhdən yayınaraq atəşkəsi pozmağa can atdı. 
Bizim bütün sülhsevər davranışlarımız və səylərimizə rəğmən erməni silahlı qüvvələri iki dövlət arasındakı şərti sərhədi pozur və mövqelərimizi atəşə tutur. Bütün bunlara baxmayaraq, dövlətimiz sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edir. Ölkə başçısının ötən ilin son günlərində səsləndirdiyi “Mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni  reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib” kimi haqlı qənaəti də bir daha bu sahədəki dövlət siyasətinin məhz hansı istiqamətdə aparıldığını sübut etdi. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin tarixi əhəmiyyəti vardır və bu il təsadüfi seçilməyib. Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra bütün ərazilərimizdə Azərbaycan dövlətinin Konstitusiya əsasları təmin edilib. Vətən savaşının beş, Azərbaycanın Konstitusiyasının qəbul edilməsinin 30 ilini qeyd edəcəyimiz 2025-ci il tarixə sülh ili kimi yazılacaq.
Tarixin bütün dövrlərində öz elinə-obasına, Vətəninə bağlılıqla seçilən biz azərbaycanlıların bəxtinə belə bir tayfa ilə qonşu olmaq rus çarının fərmanları ilə yazılıb. İllər keçdikcə böyük qardaşları Rusiyanın, əziz bacıları Fransanın köməyi ilə çarxını fırladan erməni dövləti günün birində kimlər üçünsə bir maşa olduğunu başa düşəcək. 44 günlük müharibədən sonra dalana çevrildiyini anlayıb, çıxış yolunun məhz Zəngəzur dəhlizindən keçdiyini anlayacaq. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 15.01.2025 17:16