Kanadada meşə yanğınları: 22 min insan təxliyə edi...
23:12 09.08.2026
0
0
0
NAXÇIVAN :
10 Avqust 2026, Bazar ertəsi
Qadın əməyinin daha geniş şəkildə dəstəklənməsi, onların istehsal imkanlarının artırılması, hazırladıqları məhsulların tanıdılması və bazara çıxışının asanlaşdırılması məqsədilə Naxçıvanda “Fermer” İstehsal-İstehlak Qadın Kooperativi yaradılıb. Kooperativin sədri vəzifəsinə Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Mehparə Hüseynova seçilib. Kooperativin fəaliyyəti və gələcək planları ilə bağlı Mehparə Hüseynova ilə həmsöhbət olduq.
“Təsərrüfatla 10 ildən artıqdır ki, məşğulam. Bu sahədə çalışmaq mənim üçün sadəcə, peşə deyil, həm də böyük zəhmət və sevgi tələb edən həyat yoludur. 2017-ci ildən hazırladığımız məhsulların satışına başlamışıq. Həmin vaxtdan etibarən müxtəlif festivallarda iştirak edərək məhsullarımızı nümayiş etdirmişik. Türkiyənin Ərzurum və Van şəhərlərində, eləcə də Bakıda keçirilən festivallarda, Bakı Ekspo Mərkəzində təşkil olunan kənd təsərrüfatı sərgilərində məhsullarımızı təqdim etmişik. Bu tədbirlər həm məhsullarımızın tanıdılmasına, həm də yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradıb”, – deyə Mehparə Hüseynova bildirib.
Onun sözlərinə görə, kooperativin əsas məqsədlərindən biri Naxçıvanın müxtəlif bölgələrində fəaliyyət göstərən qadın istehsalçıları bir araya gətirmək, onların təcrübə mübadiləsinə və məhsullarını daha geniş bazara çıxarmasına dəstək olmaqdır. Hazırda kooperativdə Naxçıvanın müxtəlif rayonlarından olan qadınlar fəaliyyət göstərirlər. Ordubad, Culfa, Sədərək, Şahbuz və digər bölgələri əhatə edən bu birlik yerli istehsalın inkişafına mühüm töhfə verir.
Mehparə Hüseynova bildirib ki, kooperativ gələcəkdə daha çox qadının fəaliyyətinə dəstək göstərəcək, onların hazırladığı məhsulların tanıdılmasına və satış imkanlarının genişləndirilməsinə xidmət edəcək: “Əsas məqsədimiz qadınlarımızın zəhmətini dəyərləndirmək, onların illər ərzində qazandıqları təcrübəni bir araya gətirmək və hazırladıqları məhsulları daha geniş auditoriyaya təqdim etməkdir. İnanırıq ki, bu kooperativ həm qadınlarımız üçün yeni imkanlar yaradacaq, həm də Naxçıvanın keyfiyyətli və təbii məhsullarının tanıdılmasına mühüm töhfə verəcək”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 iyul tarixli Sərəncamı ilə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Sənəddə məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması və əmək standartlarının inkişaf etdirilməsi daxil olmaqla altı prioritet istiqamət üzrə tədbirlər müəyyənləşdirilib.
Yeni yaradılan “Fermer” İstehsal-İstehlak Qadın Kooperativi də dövlətin qadın sahibkarlığının və məşğulluğunun genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin praktik nəticələrindən biri kimi qiymətləndirilə bilər. Kooperativin fəaliyyəti qadınların iqtisadi fəallığının artırılmasına, ailə təsərrüfatlarının gəlirlərinin yüksəldilməsinə, eyni zamanda Naxçıvanda istehsal olunan təbii və keyfiyyətli məhsulların daha geniş bazarlara çıxarılmasına mühüm töhfə verəcək.
Günay HACIYEVA
Digər xəbərlər