NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

Professor Edgar Biemer: Belə bir tədbirdə iştirak etmək xoşdur

...

Naxçıvanda keçirilən “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026” tibb elminin müxtəlif istiqamətləri üzrə tanınmış mütəxəssisləri bir araya gətirib. Naxçıvan Dövlət Universitetinin ev sahibliyi və təşkilatçılığı ilə reallaşan beynəlxalq tədbir tibb sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, müasir diaqnostika və müalicə yanaşmalarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.

Tədbirin iştirakçıları arasında Almaniya Üz-çənə Cərrahlar Cəmiyyətinin sədri, professor Dr. Edgar Biemer də yer alıb. Naxçıvanda belə bir beynəlxalq tibbi platformanın təşkil olunmasını yüksək qiymətləndirən professor təəssüratlarını “Şərq qapısı” ilə bölüşüb. 

O, Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edərək şəhərin gözəlliyi və özünəməxsusluğu ilə diqqət çəkdiyini bildirib. Artıq ikinci dəfədir ki, Naxçıvana gələn professor Dr. Edgar Biemer “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026”nın müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd edib. Onun sözlərinə görə, belə tədbirlər fərqli ölkələrdən olan mütəxəssislərin bir araya gəlməsi, təcrübələrini bölüşməsi və tibb elminin aktual məsələlərini müzakirə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O, Naxçıvanda keçirilən tədbirdə iştirakından məmnun olduğunu vurğulayıb.

Nəşr edilib : 24.09.2026 14:04