Naxçıvanda yeni tekstil istehsalı müəssisəsi istif...
19:58 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
Naxçıvanda keçirilən Karyera sərgisində iştirak edən İstanbul Universiteti Cerrahpaşa və Naxçıvan Dövlət Universitetinin professoru, İstanbul Universiteti Cerrahpaşa Karyera Mərkəzinin müdiri, professor Aysel Ərsoy da tədbirin qonaqları arasında olub. Sərgi çərçivəsində professorla söhbətləşərək karyera planlamasının əhəmiyyəti, gənclərin gələcək hədəfləri və əmək bazarında uğur qazanmağın yolları barədə fikirlərini dinlədik.
O bildirib ki, səfərin əsas məqsədi həm universiteti təmsil etmək, həm də iki ildir, İstanbul Universiteti Cerrahpaşa ilə Naxçıvan Dövlət Universiteti arasında davam edən əməkdaşlıq protokolu çərçivəsində tələbələrə karyera planlaması sahəsində dəstək göstərməkdir. Professorun sözlərinə görə, karyera planlaması insanın doğulduğu gündən həyatının sonuna qədər davam edən, özünü formalaşdırma, potensialını inkişaf etdirmə və qarşıya qoyduğu məqsədlərə doğru irəliləmə prosesidir. Bu baxımdan, gənclərin gələcək peşə seçimlərini şüurlu şəkildə etmələri xüsusi əhəmiyyət daşıyır.
Aysel Ərsoy qeyd etdi ki, karyera planlaması həyatın bütün mərhələlərində mühüm rol oynayır. Erkən yaşlarda əldə edilən bilik və bacarıqlar sonrakı təhsil pillələrində uğurun təməlini qoyur. Universitet illərində isə tələbələr anlayırlar ki, yalnız diplom uğur qazanmaq üçün kifayət deyil. Peşəkar inkişaf üçün əlavə bacarıqların qazanılması, şəxsi inkişaf və praktiki təcrübənin əldə olunması da vacib amillərdəndir.
Karyera mərkəzinə rəhbərlik etdiyi altı il ərzində minlərlə gənclə işlədiyini deyən professor bu müddətdə özünüinkişaf, karyera planlaması və peşəkar hazırlıq istiqamətlərində mühüm təcrübə qazandığını vurğulayıb.
O diqqətə çatdırıb ki, müasir dövrdə əmək bazarının tələbləri sürətlə dəyişir. Əvvəllər universitetdə qazanılan biliklər uzun illər insanın peşə fəaliyyətində kifayət edirdisə, bu gün daim yenilənən informasiya mühitində öyrənmək və yeni bacarıqlar əldə etmək zərurətə çevrilib. İnformasiyanın hər kəs üçün əlçatan olduğunu qeyd edən professor insanları fərqləndirən əsas xüsusiyyətin məlumatı bilmək deyil, ondan düzgün istifadə etmək, yeni bacarıqlar qazanmaq və dəyişən şəraitə uyğunlaşmaq bacarığı olduğunu bildirib.
Aysel Ərsoy müasir dövrdə uğurun əsas şərtlərindən birinin maraqlı, araşdırmaçı və öyrənməyə açıq olmaqdan keçdiyini deyib. Onun fikrincə, bu gün fərq yaradan məhz insanın əldə etdiyi bilikləri praktik həyatda necə tətbiq etməsidir.
Professor Türkiyədə universitetlərin birinci kurs tələbələrinə karyera planlaması fənninin tədris olunduğunu da diqqətə çatdırıb. Bu dərsin məqsədi tələbələrin seçdikləri ixtisası daha yaxından tanımalarına, gələcək peşə həyatları ilə bağlı hədəflər müəyyənləşdirmələrinə və öz potensiallarını kəşf etmələrinə kömək etməkdir. O hesab edir ki, ali təhsil müəssisəsinə daxil olan hər bir gənc özünə “Bu peşəni niyə seçmişəm?” və “Gələcəkdə nə etmək istəyirəm?” kimi suallar verməli, gələcək planlarını erkən mərhələdə formalaşdırmalıdır.
Aysel Ərsoy vurğulayıb ki, hər bir peşənin özünəməxsus çətinlikləri və məsuliyyətləri mövcuddur. Buna görə də tələbələr yalnız peşələrin cəlbedici tərəflərini deyil, onların tələb etdiyi zəhməti, bilik və bacarıqları da nəzərə almalıdırlar. İnsan seçdiyi peşənin xarakterinə və maraqlarına uyğun olub-olmadığını dərk etməli, gələcəyini bu amillər üzərində qurmalıdır. Çünki doğru peşə seçimi insanın həm uğurlu, həm də xoşbəxt olmasına şərait yaradır.
Texnologiyanın sürətli inkişafının əmək bazarında ciddi dəyişikliklər yaratdığını bildirən Aysel Ərsoy ənənəvi peşələrə olan tələbatın tədricən azaldığını qeyd edib. Bu səbəbdən gənclərin dəyişən şəraitə uyğunlaşa bilməsi, fərqli düşüncələrə malik insanlarla əməkdaşlıq etməyi öyrənməsi vacibdir. Onun fikrincə, müasir əmək bazarında uğur qazanmaq üçün peşə bilikləri ilə yanaşı, komanda işi, ünsiyyət və problem həll etmə bacarıqları da böyük əhəmiyyət daşıyır.
O qeyd edib ki, universitetlər tələbələrin yalnız akademik biliklər əldə etdiyi məkan deyil, eyni zamanda onların hərtərəfli inkişafına xidmət edən mühüm təhsil ocaqlarıdır. Bu məqsədlə müxtəlif seminarlar, təlimlər və fərdi məsləhət xidmətləri təşkil olunur. Tələbələrin özünəinamlı, psixoloji cəhətdən dayanıqlı və qarşılaşdıqları çətinlikləri aşmağı bacaran fərdlər kimi formalaşmasına xüsusi diqqət yetirilir. Məzun olduqdan sonra da tələbələrlə əlaqələrin davam etdirildiyini və onların peşəkar inkişafına dəstək göstərildiyini vurğulayıb.
Professor İstanbul Universiteti Cerrahpaşa ilə Naxçıvan Dövlət Universiteti arasında uğurla davam edən əməkdaşlıqdan məmnunluğunu da ifadə edib. Onun sözlərinə görə, əməkdaşlıq yalnız müəllim mübadiləsi ilə məhdudlaşmır, tələbə mübadiləsini də əhatə edir.
Aysel Ərsoy vurğuladı ki, bu yay Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin bir qrup tələbəsinin İstanbul Universiteti Cerrahpaşada təcrübə keçməsi nəzərdə tutulur. O, universitetlər arasında qurulan əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə inandığını bildirib. Onun fikrincə, bu əməkdaşlıq həm tələbələrin, həm də müəllimlərin inkişafına mühüm töhfə verir və iki ali təhsil müəssisəsi arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər