NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir

...

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır.

"Şərq qapısı" xəbər verir ki, Avropanın bir sıra media qurumları dövlətimizin başçısının Azərbaycanın elektrik enerjisi ixracını genişləndirmək və Avropa bazarına çıxmaq niyyəti barədə fikirlərinə geniş yer verib.

Çexiya Dövlət Televiziyası - ČT24, Bolqarıstanın “Banker”, “3E-News”, Bosniya və Herseqovinanın Serb Respublikasının Xəbər Agentliyi (SRNA) və “Provjereno.info”, Ukraynanın maliyyə və biznes sahəsində yayımlanan “Fixygen.ua” və “Open4Business” nəşrləri, Yunanıstanın Dövlət Yayım Korporasiyası (ERT News), iqtisadiyyat və biznes sahəsində xəbərlər yayan “Oikonomikos Tachydromos” (Ot.gr) nəşrlərinin materiallarında Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyəti diqqətə çatdırılıb. Xəbərlərdə mövcud elektrik bağlantılarının Gürcüstan və Türkiyə üzərindən keçdiyi, gələcəkdə isə yeni ötürmə xətlərinin və sualtı kabel layihələrinin imkanların genişləndirilməsinə xidmət edəcəyi bildirilir.

Xarici media Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana elektrik enerjisi ixrac edə bilməsi və Azərbaycandan Naxçıvana Ermənistan üzərindən elektrik xəttinin çəkilməsi ilə bağlı açıqlamalarını da geniş işıqlandırıb. Bu mövzuya əsasən Səudiyyə Ərəbistanında yayımlanan və Yaxın Şərqin aparıcı ingilis dilli nəşrlərindən olan “Arab News” nəşri, habelə “Ahval.sa” portalı, Bolqarıstanın Dövlət İnformasiya Agentliyi (BTA), “Novini247.bg”, “Fakti.bg” nəşrləri, Fransada maliyyə və iqtisadiyyat sahələrində aparıcı nəşrlərdən olan “Boursorama.com” portalı, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Nabd” xəbər platforması, Rusiyanın “RusCable.ru”, “Russia Today” kanalının ərəbdilli versiyası, “The Moscow Times”, “News.ru”, Dünya Enerji İcmalı (MEO.ru) kimi media qurumları diqqət ayırıb. Məqalələrdə dövlətimizin başçısının Ermənistandan keçməklə Naxçıvana elektrik xəttinin (LEP) çəkilməsi layihəsinin artıq hazır olması barədə açıqlaması diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyevin bu xəttin hətta böhran vəziyyətlərində Ermənistanın enerji sisteminin sabitliyinə də kömək edə və bu ölkəyə elektrik enerjisi təminatı yarada biləcəyi fikri xüsusi vurğulanıb.

İranın “Təsnim”, “Mashregh News”, “Akharin Khabar” agentliklərinin materiallarında isə Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi və İran ərazisindən Naxçıvana dəmir yolu bağlantısı ilə bağlı fikirləri ön plana çəkilib. Məqalələrdə bu nəqliyyat əlaqələrinin Azərbaycanın prioritetləri sırasında olduğu qeyd edilir. Rusiyanın “Ritm Eurasia” nəşri də Prezident İlham Əliyevin Naxçıvanın gələcəkdə regional nəqliyyat və enerji habına çevrilə biləcəyinə dair fikirlərini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər qonşu Gürcüstan mediası tərəfindən xüsusilə diqqətdə saxlanılır. Dövlətimizin başçısının Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının bağlanmasının zəruriliyi barədə fikirləri Gürcüstanın “Interpress News” və “News Hub” portalları tərəfindən geniş işıqlandırılıb. Bu xəbərlərdə Azərbaycan Prezidentinin Ermənistandakı köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı xəbərdarlığına yer verilib. Gürcüstan nəşrləri Prezident İlham Əliyevin stansiyanın köhnəldiyi və bütün regiona böyük ekoloji və təhlükəsizlik riski yaratdığı üçün tezliklə bağlanmalı olduğu barədə fikirlərini oxucuların diqqətinə çatdırıb.

Gürcüstan “1TV.ge”, “Resonance Daily”, “Prime Time”, “Bizzone.info”, “Sputnik Georgia” nəşrlərinin materiallarında dövlətimizin başçısının Azərbaycanın Avropaya elektrik enerjisi ixracında Gürcüstan və Türkiyə ərazisindəki mövcud marşrutun əhəmiyyəti, habelə regiondakı nəqliyyat və enerji əlaqələri ilə bağlı fikirləri diqqətə çatdırılıb.

Bu ölkənin “JAM News” nəşri isə Prezident İlham Əliyevin Naxçıvan səfəri və müsahibəsinə dair daha geniş icmal təqdim edib. Materialda Naxçıvanda sənaye parkının yaradılması, Günəş və istilik elektrik stansiyaları, regionun enerji potensialı, Zəngəzur dəhlizi, nəqliyyat infrastrukturu və Naxçıvanın gələcəkdə regional nəqliyyat və enerji habına çevrilməsi perspektivləri əksini tapıb.

Rusiyanın “Interfax”, “Kommersant”, “RIA Novosti”, “The Moscow Times”, “News.ru”, “RusCable” və “Vestnik Kavkaza” kimi media qurumlarının materiallarında əsasən dövlətimizin başçısının elektrik enerjisinin ixracı, Azərbaycan-Naxçıvan elektrik bağlantısı, regional nəqliyyat layihələri və Azərbaycanın Avropa enerji bazarında rolunu genişləndirmək niyyəti ilə bağlı açıqlamalarına yer verilib.

Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın enerji ixracı, Naxçıvanın enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, Zəngəzur dəhlizi və regional əməkdaşlıqla bağlı səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media məkanında geniş əks-səda doğurmaqda davam edir.

Nəşr edilib : 14.08.2026 00:26