Yel babadan oyanış nəfəsi
00:05 10.03.2026
0
0
0
NAXÇIVAN :
10 Mart 2026, Çərşənbə axşamı
Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən bəri sahibkarlığın inkişafı yeni məzmun, dəyər qazanmaqla özünün yüksəliş dövrünə qədəm qoydu. Özəl sektorun inkişafı üçün dövlət dəstəyi daha da artırıldı, yeni fəaliyyətə başlayan sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməklə onların ilkin sərmayə əldə etməsinə imkanlar yaradıldı. Son beş ildə isə Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan həm müharibə meydanında, həm də sülh masasında tarixi zəfərlər qazanmaqla özünün yeni inkişaf xəritəsini uğurla inşa etməkdədir. Bu inkişaf və tərəqqi xəritəsində işğaldan azad olunmuş Qarabağ torpaqları ilə paralel Naxçıvan da böyük yerə və rola malikdir. Dövlət başçısının “Naxçıvanla bağlı böyük planlarımız var” ideyasına söykənən genişmiqyaslı konsepsiyanın prioritetləri sırasında reallaşma mərhələsində olan Zəngəzur dəhlizi, Azad İqtisadi Zona və “yaşıl enerji” layihələri yer alır.
Dövlət dəstəyi, güclü siyasət, real nəticə: Naxçıvanda sahibkarlığın yüksəlişi
Naxçıvanın sosial-iqtisadi inkişafının əsas yol xəritəsini müəyyənləşdirən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu bölgənin tərəqqisi naminə mühüm təşəbbüs və layihələrin icrası nəzərdə tutulur. Həmin layihələr, ilk növbədə, muxtar respublika iqtisadiyyatının dirçəldilməsi və burada əlverişli biznes mühitinin formalaşdırılmasını hədəfləyir. Proqramın icrasını təmin edən, xüsusilə kiçik və orta sahibkarlığın genişlənməsinə, xidmət sektorunun canlanmasına təkan verəcək mütərəqqi addımlardan biri də ötən il dekabrın 29-da Prezident İlham Əliyevin Milli Məclisin qəbul etdiyi Vergi Məcəlləsinə, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi oldu. Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanuna dəyişikliklə Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı ilin yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən və gömrük rüsumlarından azad edildilər.
Güzəştlər sahibkarlara stimul verir
Vergi Məcəlləsinə edilən əlavələrə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı bu il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilib. Bütün bu proseslərin reallaşması Naxçıvanda inkişaf coğrafiyasını xeyli genişləndirəcək, həm sənaye, həm də kənd təsərrüfatı dirçəldiləcək, ticarət, logistika ilə yanaşı, turizm sektorunda da böyük canlanma yaranacaq. Bu qərarlar Naxçıvanda sahibkarlığın inkişafı istiqamətində yeni dönəmin başlandığını göstərir. Bu yeniliklər bölgənin həm iqtisadi, həm də sosial mənzərəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla, ümumilikdə, ölkə iqtisadiyyatının dayanıqlılığının artırılmasına və vətəndaşların yaşayış səviyyəsinə əhəmiyyətli töhfələr verəcək. Yaradılan münbit şəraitdən istifadə edən ailə təsərrüfatları kiçik sahibkarlara çevriləcək. Bu münbit şərait sahibkarlıqla məşğul olan insanları yeni müəssisələr açmağa sövq etməklə yanaşı, bölgəyə xarici sərmayədarların gəlməsinə səbəb olacaq. Bütün bunlarla yanaşı, uzun illərdir ki, Naxçıvanda formalaşan sahibkarlıq mühiti daha da şaxələnib güclənəcək. Muxtar respublikanın ən çətin günlərində yaradılan və ötən il 30 illik yubileyini qeyd edən “Cahan Şirkətlər Qrupu” MMC kimi böyük şirkətlər də bu işə öz töhfəsini verəcək. Qeyd edək ki, 30 ildə şərəfli yol keçərək böyüyüb, inkişaf edib, Naxçıvan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilən bu şirkətin çoxsaylı tərəfdaşları arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış şirkətlər var. “Cahan” Naxçıvandan dünya bazarlarına çıxan ölkənin aparıcı holdinqlərindən biridir.
“Cahan Şirkətlər Qrupu” MMC 340 yeni iş yeri açacaq
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqına daxil olan müəssisələrin layihələrinin maliyyələşdirilməsi üçün, ümumilikdə, 16,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Ayrılmış kredit vəsaitləri sənaye, tikinti və istehsal sahələrini əhatə edən layihələrin icrasına yönəldilib. Bu vəsaitlər hesabına 310 iş yeri yaradılıb. Ölkə başçısının sahibkarlığa qayğısı ilə vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi, həmçinin göstərilən dəstək nəticəsində 2026-cı il ərzində daha 340-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Muxtar respublikada fəaliyyət göstərən sahibkarlara dövlətimiz tərəfindən daim dəstək göstərilib. Bunun bariz nümunəsini hazırda burada fəaliyyət göstərən müəssisələrin timsalında görürük.
Naxçıvan inkişafının ən yüksək mərhələsinə qədəm qoyacaq
Qeyd etmək lazımdır ki, 2022-ci ilin sonlarından etibarən Naxçıvan Muxtar Respublikasının idarəetmə strukturunda aparılan islahatlar çərçivəsində idarəçiliyin bütün sahələrində şəffaflaşma prosesi aparılıb, ölkə sisteminə inteqrasiya uğurla reallaşdırılıb. Dövlətimizin başçısı 2023-cü il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayaraq Naxçıvanın tərəqqisi naminə yeni yol xəritəsini müəyyənləşdirib. Prezident İlham Əliyevin “Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır” fikirlərindən yola çıxaraq deyə bilərik ki, Naxçıvanın gələcəyi üçün də vacib sayılan işlərdən biri olan sahibkarlığın inkişafı dövlətimizin xüsusi nəzarətindədir. Zəngəzur dəhlizinin açılması ilə bu qədim diyar qapılarını həm də xarici sahibkarların üzünə açaraq tarixi inkişafının ən yüksək mərhələsinə qədəm qoyacaq.
"Şərq qapısı"
Digər xəbərlər