NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Prezident İlham Əliyev: “Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik!”

...

Azərbaycanın son dörd ildə daxili siyasətinin prioritet istiqamətləri sırasında Qarabağın, Şərqi Zəngəzurun bərpası, soydaşlarımızın azad olunan torpaqlara rahat, təhlükəsiz köçürülməsi yer alıb ki, bu qısa zaman kəsiyində görülən irimiqyaslı layihələr, uğurlu məskunlaşma prosesi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. Bu baxımdan Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın əzəli torpaqlarımıza hər səfəri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına yeni bir töhfə kimi tarixə düşür. Ötən həftə, daha dəqiq desək, oktyabrın 3-4-də növbəti səfər də olduqca önəmli, əhəmiyyətli addımların atılması ilə yadda qaldı...

Ölkə Prezidentinin rəhbərliyi ilə hazırlanan, icrası uğurla aparılan Böyük Qayıdış proqramı çoxşaxəliliyi, universallığı ilə diqqəti çəkir, ilbəil əhatə dairəsini genişləndirməklə əhəmiyyətini daha da artırır. Proqrama uyğun bütün işlər zəncirvari, parelel, mərhələli şəkildə reallaşdırılır, yəni soydaşlarımızın rahat yaşaması üçün mənzil-məişət şəraiti yaradılır, bununla yanaşı, gələcəyimiz olan uşaqların təhsil-tərbiyyə məsələsi diqqətdə saxlanılır, eyni zamanda da köç edən insanların iş, istirahət imkanları təmin olunur. Bundan başqa, bölgələrin, maddi sərvətlərin əvvəlki şöhrəti də özünə qaytarılır, tarixi ənənələr, milli-mənəvi dəyərlər bərpa edilir, turizm potensialı gücləndirilir, ən əsası isə Prezidentin Qarabağın, Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr uğurla icra olunur. Ötən həftə dövlət başçısı və birinci xanımın Cəbrayıl və Zəngilan rayonlarına səfəri müddətində açılışı olan, təməli qoyulan yaşayış komplekslərinin, müəssisələrin, elektrik stansiyalarının timsalında məhz yuxarıda sadalanan istiqamətlər üzrə töhfələr bariz şəkildə diqqəti çəkdi. Belə ki, Zəngilan şəhərində 334 mənzilin inşasının nəzərdə tutulduğu beşinci, 77 mənzilin olması planlaşdırılan altıncı yaşayış, Zəngilan İstirahət komplekslərinin, eləcə də ümumi ərazisi 248 hektar olan, 3470 nəfərin (867 ailə) yaşaya biləcəyi Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin tikintisi məskunlaşma siyasətinin icrasının uğur göstəriciləridir. Eyni zamanda Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışı ilə bölgədə mövcud olan köklü təhsil ənənələri də müasir müstəvidə bərpa olundu. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir, təhsil müəssisəsinin həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.

Gələcəkdə Cəbrayılda “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin istifadəyə verilməsi rayonda əhalinin məşğulluğunu təmin etməklə yanaşı, bölgənin sosial-iqtisadi inkişafına da əhəmiyyətli təsir göstərəcək. Şərqi Zəngəzurun iqtisadiyyatının şaxələndirilməsindən danışan zaman bu xüsusda sənaye parklarının yaradılmasını da səmərəsi mühüm addım kimi dəyərləndirmək olar. Hazırda ölkə üzrə 8 rayonu əhatə edən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunan Ağdam, Cəbrayıl rayonlarında yerləşir. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz həmin məqsədə xidmət edir. Prezident cənab İlham Əliyevin oktyabrın 3-də Cəbrayıl rayonuna səfəri bu baxımdan da növbəti mühüm addımların atılması ilə nəticələndi. Belə ki, səfər çərçivəsində parkda “Dominari” şirkətinin mebel klasterinin, “Karabakh Stone” və “Prestij-Kimya” MMC-lərə məxsus zavodların təməli qoyuldu. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan, ilkin mərhələdə 650 nəfəri işlə təmin edəcək klasterdə ildə 6 min ton elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin döşəklər, divanlar və çarpayılar üçün 1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel komponentləri istehsal olunacaq. Həmin məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək. “Karabakh Stone” MMC-nin zavodu yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq. Türkiyə texnologiyasının tətbiqi əsasında müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək “Prestij-Kimya” MMC-nin zavodunda isə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur...

Prezidentin və birinci xanımın ötən həftə Şərqi Zəngəzura səfəri həm də bölgənin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində atılan növbəti addımla yadda qaldı. Belə ki, Zəngilan rayonunda “AzərEnerji” ASC-nin “yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq tikilən “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verildi. Stansiyada eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib. Xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi Oxçuçayın məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib, borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib ki, bu da flora və faunanın qorunmasında önəmli məsələdir. Qeyd edək ki, “Sarıqışlaq” SES Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES – “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları dövlət başçısının iştirakı ilə artıq istismara verilib. Şərqi Zəngəzurun və Qarabağın “yaşıl enerji zonası”na çevrilməsi prosesi barədə onu da xüsusi vurğulamaq lazımdır ki, bu günədək həmin ərazilərdə istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpa olunan enerji mənbələrindən fərqli olaraq 24 saat fasiləsiz “yaşıl enerji” istehsal edilir.

Prezident və birinci xanımın növbəti səfəri həm də 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun şücaətinin ilk böyük rəmzi sayılan Cəbrayıl rayonunun azad olunma tarixi ilə əlamətdar idi. Digər rayonların azad edildiyi tarixlər kimi, Cəbrayıl şəhəri gününü də ölkə başçısı və Birinci vitse prezident öz doğma yurdlarına qayıdan soydaşlarımızla birgə qeyd etdilər, rayonda yaşayış kompleksinin açılışı oldu, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarları təqdim edildi. Soydaşlarımız önündə çıxış edən Müzəffər Ali Baş Komandan ordumuzun tarixi zəfərini, Böyük Qayıdış proseslərini bir daha ətraflı şərh etdi, beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələyə–erməni vandalizminə çəkməklə Azərbaycan dövlətinin iradəsinin qəti, dönməz olduğunu vurğuladı, atılan mütərəqqi addımlara kölgə salmağa çalışan qüvvələrə tutarlı mesaj ünvanladı: “Bu dağıntılar, təbii ki, bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək. Ancaq bu mənzərə heç vaxt bizim yadımızdan çıxmamalıdır. Çünki bu işlərdə təkcə Ermənistan günahkar deyil. Əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik!”

Nail ƏSGƏROV

Nəşr edilib : 08.10.2024 15:51