NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan şəxslər üçün sınaq imtahanı keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (İSMUBS) üzrə Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan şəxslərin bilik səviyyəsinin yoxlanması və onları sertifikat imtahanına daha yaxşı hazırlamaq məqsədilə sınaq imtahanı keçirilib.
İmtahan başlamazdan əvvəl maliyyə nazirinin müavini Elvin Əlimərdanov Peşəkar Mühasib Sertifikatının maliyyə-mühasibatlıq sahəsi üzrə əhəmiyyətini vurğulayıb. O, sınaq imtahanının bu sahədə fəaliyyət göstərən əməkdaşların hazırlıq səviyyəsinin qiymətləndirilməsində əhəmiyyətli olduğunu qeyd edib.
Muxtar respublikanın müxtəlif dövlət təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri qeydiyyat əsasında imtahanda iştirak ediblər. Dövlət İmtahan Mərkəzinin proqramına uyğun şəkildə hazırlanan sınaq imtahanı iştirakçıların bilik səviyyəsini yoxlamaq məqsədini daşıyıb və onları sertifikat imtahanına daha yaxşı hazırlamağa yönəlib.       
Qeyd edək ki, sınaq imtahanının nəticələri noyabrın 2-də Bakıdan dəvət olunan Dövlət İmtahan Mərkəzinin eksperti tərəfindən təhlil ediləcək və iştirakçılara mürəkkəb məqamlarla bağlı ətraflı izahlar veriləcəkdir.

Nəşr edilib : 27.10.2024 18:31