NAXÇIVAN :

22 Oktyabr 2026, Cümə axşamı

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində 684 namizəd iştirak edəcək

...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 25-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək.

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün 684 nəfər qeydiyyatdan keçib. İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli məktəbdə kompüterlər vasitəsilə təşkil olunacaq.

İmtahan saat 10:00-da və 16:00-da başlayacaq. Namizədlər müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına buraxılmayacaqlar. İmtahanın müddəti 3 saatdır. Hər bir namizədə seçdiyi peşəkar mühasib sertifikatı növünə uyğun qanunvericilik üzrə 40 test tapşırığı təqdim ediləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in müvafiq elektron xidməti vasitəsilə çap edə bilərlər. Vərəqədə imtahan binası, tarix və başlama vaxtı barədə məlumat əks olunub. Həmin səhifədə imtahan iştirakçıları üçün “Yaddaş kitabçası” da yerləşdirilib.

Namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.İmtahan binasına mobil telefon, ağıllı saat, kalkulyator və digər elektron cihazların, eləcə də konspekt, lüğət, cədvəl, çanta və digər yardımçı vasitələrin gətirilməsi və ya onlardan istifadə edilməsi qadağandır.

İmtahanın təşkili üçün 2 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 45 nəzarətçi və 7 mühafizə əməkdaşı cəlb olunub.

Nəşr edilib : 22.10.2026 11:00