NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Peşə təhsilinin həyata keçirilməsi məhkumların cəmiyyətə sosial adaptasiyasına mühüm töhfə verəcək

...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 11 sentyabr tarixli Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması üçün böyük əhəmiyyətə malikdir. Bu da, şübhəsizdir ki, yeni Sərəncam cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.

Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara məhkum olunmuş şəxslərin istehsalat sahələrində işlə təmin olunmaları, məhkumların peşə təhsili və peşə hazırlığı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq həyata keçirilir.  Bəs muxtar respublikamızdakı cəzaçəkmə müəssisəsində  peşə təhsilinin həyata keçirilməsi ilə bağlı hansı işlər görülüb. Bununla bağlı  daha ətraflı məlumatı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Nuranə Kərimovadan öyrənirik. Nuranə xanım deyir ki, ölkədə görülən işlər muxtar respublikada da uğurla davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 2011-ci ilin iyun ayında istehsalat sahəsi yaradılıb, 2013-cü ildən istehsalat sahəsində istehsal olunan əl işləri muxtar respublikada təşkil edilən müxtəlif sərgilərə çıxarılıb. Müəssisədə ilk peşə kursları 2013-cü ildən fəaliyyətə başlayıb. Müsahibimiz  diqqətimizə çatdırır ki, azad olunan məhkumlar arasında burada aldıqları peşə üzrə hazırda işləyənlər var. Bu isə onların cəmiyyətə sosial adaptasiyasında mühüm rol oynayır. Məhkumların əl işlərinin satışı məqsədilə “Naxçıvanqala”da mağaza da ayrılıb.

Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində 2016-cı ilin əvvələrində yeni istifadəyə verilmiş yaradıcılıq və istehsalat binası iki mərtəbədən, ümumilikdə, 543 kvadratmetr sahədən ibarətdir. Binada 8 istehsalat otağı (emalatxana, daş və duz üzərində oyma, boyaxana, tədris otağı, dərzi, rəssam, nəqqaşlıq və misgərlik otağı, ayaqqabı təmiri otağı), 2 anbar, 4 yardımçı otaq və 3 inzibati otaq yerləşir. İstehsalat sahəsində əl işləri ilə məşğul olmaq üçün müxtəlif avadanlıqlar – elektrikli doğrama və kəsmə dəzgahı, drellər, frez aparatı, 3 ədəd bor maşını və onun aksesuarları, laqundalar, rəndələr, məngənələr, çarxlar, tikiş maşını, ayaqqabı təmiri üçün ləvazimatlar, stolüstü lampalar quraşdırılıb.

Müsahibimiz deyir ki, 2014-cü ildə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində fəaliyyət göstərən kompüter təlim-tədris bölməsinin maddi-texniki bazasını gücləndirmək məqsədilə 8 ədəd kompüter dəsti alınaraq məhkumların istifadəsinə verilib. Bununla yanaşı, 2018-ci il tarixdə istehsalat binasının arxa hissəsində rəngləmə otağı və açıq hava emalatxanası fəaliyyətə başlayıb. Hazırda cəza çəkməkdən azad olunmuş şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır. Belə ki, cəza müddətinin qurtarmasına 3 ay qalmış və cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş məhkumlar barədə bildirişlər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə göndərilir. Bu da, öz növbəsində, sertifikatla təmin olunan məhkumların iş tapmalarını asanlaşdırmış olur. Qeyd edək ki, 2013-cü ildən bu vaxta kimi 11 müxtəlif peşə üzrə 245 nəfər məhkum kurslara  cəlb olunaraq  müvafiq sertifikatlarla təmin ediliblər.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, ölkə başçısının sərəncamı cəzaçəkmə müəssisələrindən azad edilmiş insanların həyata adaptasiyasına, əmək bazarının ixtisaslı kadrlarla təminatına qayğının yeni ifadəsidir.

Bülbül QULİYEVA

 

 

Nəşr edilib : 25.09.2024 15:57