NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Payızın bir ayı qışdandır, bir ayı yazdan

...

O zamanlar hələ uşaq olsam da, yaxşı xatirimdədir. Elə ki payız gəldi, şəhərdən kəndə, ata-baba ocaqlarına üz tutardı oğullar, qızlar. Babamın böyük meyvə bağı, onlarla arı pətəyi, mal-qarası, kənddən bir az uzaqda da “torpaq payı” dedikləri yerdə ona atasından miras qalan çoxlu tut, cəviz ağacları vardı. Oğul-uşaq bir yerə yığışar, həmin bağların barını toplayar, qız-gəlin isə bu bardan qış üçün doşab, meyvə quruları və daha neçə-neçə naz-nemətlər    hazırlayardı. Həmin nemətləri də oğul-qızlarına pay-puş edərdi nənəm. Payız bar-bərəkət fəsli olduğu qədər həm də zəhmət fəslidir, axı. Elə ki payız gəldi, kənd-kəsəyimizin bərəkət ətri aləmi bürüyər, əkin yerləri, tarlalar, bağ-bağat məhsulla aşıb-daşardı. Qızıl payız günlərində kənddə hər kəs bar-bağçanın bar-bəhərini yır-yığış eləyər, əkib becərdikləri, nazını-qayğısını çəkdikləri torpaqdan son dəninə, son qozasına, son salxımınadək toplamaq üçün səylə çalışardılar. 
Qızıl payızı həsrətlə gözləyənlər də vardı. Toy-büsat vaxtı kimi uğurlu sayıb, sevib əzizləyirdik payızı. El-oba adətinə görə, məhsul toplanandan sonra düzdən, bağdan, dağdan əl-ayaq yığışanda, payız almasının və payız armudunun yanağına xal düşəndə, günlərin birində toylar toylara calanardı. Elimizdə, obamızda adət idi, hansı meyvə hansı gün dişə dəysə, yəni meyvə ağacları ilk bara gəlsə, həmin meyvədən xonça tutar, oğlan evindən qız evinə göndərərdilər. Nişanlı oğlanların qız evinə apardıqları səbət-səbət meyvə sovqatına xalq arasında “novarlıq” və ya “nübarlıq” deyərdilər. Novarlıqdan qohum-qonşuya da paylanardı. Nənəm həmişə deyərdi ki, meyvənin nübarını yeyən adamın ürəyindən keçən dilək tezliklə qəbul olar. 
Babam təsərrüfatçı olmaqla yanaşı, həm də müəllim idi. Hər zaman öyrətmək, nə isə izah etmək eşqiylə yaşayırdı. Biz nəvələrinə deyərdi ki, havalar tədricən sərinləşib, yarpaqlar saralmağa başladığı, meyvələrin hamısının yetişib, quşların öz yuvasını tərk edib, isti iqlimlərə köç etdiyi vaxtdan başlayır payız. Bu fəsildə dağların zirvəsi buludlanır, yaylaqlardan kükrəyə-kükrəyə gələn sel dağ çaylarını sıxışdırıb yatağından çıxarır, çaylar daşır, küləklər əsir, el-obaya payız xəbəri yetişir. Təbiət öz donunu dəyişərək qızıla bürünür. Babam deyərdi ki, payızın bu çağına el arasında “qoçqarışan” deyərlərmiş. Həmin müddətdə əvvəlcədən bəslənmiş qoçlar sürülərə buraxılırmış deyə nənə-babalarımız bu cür adlandırarmış bu dövrü. Hətta xalq arasında dağlara qar düşdüyü üçün çoxları bu dövrü “qoç boranı” da adlandırarmış. 
Dünyagörmüş 97 yaşlı nənəm deyir ki, hələ biz uşaqkən elə ki elin sərvəti, var-dövləti ağaclardan, tənəklərdən daşınıb qurtarır, ürək arxayınlaşırdı. Uğurla başa çatan məhsul yığımı rahatlıq, xoş əhvali-ruhiyyə gətirir, bizi zəhmət qələbəsinin təntənəsinə çıxarırdı. Bu münasibətlə bayram edilərdi, şənliyə el ağsaqqalları, ahıllar, cavanlar, uşaqlar, yığışardılar. Bu bayram Novruz bayramı qədər yaşı olan “Mihircan” adlanırdı. Mihircan ilin əmək qələbəsi, ilin yekunu bayramı – məhsul bayramı kimi qeyd olunarmış. 
Nənəmin sözlərinə görə, dədə-babalarımız payızda ağaclara, havaya, el-obanın üstündən köç eləyib gedən quşlara nəzər salmaqla göydən tökülən yağışın da, qarın da, qasırğa və tufanın da baş verəcəyini əvvəlcədən müəyyən edirmişlər. Belə bir inam var imiş ki, əgər qatarlanıb isti ölkələrə uçan durna dəstələri payızla vidalaşarkən alçaqdan uçarlarsa, qış sərt olacaq, yox, əgər durna köçü hündürdən qanad çalarsa, o zaman qış mülayim keçəcək. Bir də belə bir təcrübə var imiş, el arasında. Əgər payızın ilk ayında göy guruldasa, payız fəsli isti olacaq. Payızda yerə qar düşərsə, qış mülayim keçəcək, payız fəsli isti keçərsə, qış uzun sürəcək. Payız günlərində gecənin aydınlığında göydə ulduzlar sayrışanda, “sabah yaxşı gün olacaq” deyirmişlər babalarımız. 
Nənəm deyir ki, əvvəllər kənd camaatı qış ehtiyaclarını toplamağa yazın ilk günlərindən başlayırdı. Sonuncu qarın əriməsiylə taxıl sahələrində boygöstərən tulça zoğlarından turşu qoyar, körpə əvəliklərdən hörüklər hörüb, qurudardılar. Üzü yaya otların nazını çəkər, mal-qaranın azuqəsini qar, su düşməyən yerlərə yığardılar. Əkin sahələrinin və meyvə bağlarının məhsulunu payızın sarı kəkili görünən kimi toplamağa başlayardılar. Bilirdilər ki, payız çaydaşıran leysanını başlarına tökməkdə gecikməyəcək. Bağ-bostanın məhsulundan satılıq olanını ayırıb rayon mərkəzinə enər, qışın ən əsas azuqəsini – un taylarını “ZİL” maşının arxasında üst-üstə qalayardılar. Kənddə hər kəs hərdən birinin evinə yığışar köməkli qışa tədarük görərdi. Ələyəz, əvəlik hörülər, dağ nanəsi, yarpız, kəklikotu, çobanyastığı qurudulardı. Turşular tutular, meyvələr dərilib əldamılara yığılar, cəviz, badam, fındıq kisələrə doldurulardı. Ağacların barlarından, nemətlərindən mürəbbə, kompot hazırlanardı. Əriştə kəsilər, qurudulub qovrular, buğdadan yarma hazırlayıb qış ruzisi kimi saxlanılardı. Bu işlər noyabrın axırlarınadək – çox soyuq düşməmiş yekunlaşdırılardı. Yayda qovurmalıq üçün bəslənilən ən gəlimli heyvanları kəsib, ətindən qovurma hazırlayıb, saxsı qablara doldurub, qışın oğlan çağına saxlanılardı. 
Babam deyir ki, payız fəslinin son ayına – noyabr ayına xalq təqvimində “xəzəl ayı” deyirmişlər. İlin bu vədəsində göyün üzündə qara buludlar çoxalır, güclü yağışlar yağır. Qəfildən bulud haçalanır, göy nəriltiylə gurlayır, ildırım çaxır, dağların başında qılınc-qiyamət oynayır. Şimşəyin nərəsindən yer-göy lərzəyə gəlir, bitib-tükənməyən yağışın ardı-arası kəsilmək bilmir. Sel-su düz-dünyanı başına götürür. Belə vaxtlarda məcrasına sığmayan dağ çaylarının da nəriltisi adamı vahiməyə salır. Qayalardan, dağlardan sel şəlalə kimi axır, yekə-yekə daşları, qollu-budaqlı ağacları süpürləyib qabağına qatır. Babam deyir ki, əvvəllər çox güclü yağışlar yağdıqda yol-iz dağılar, hətta bəzən dağ kəndləri ilə əlaqə də kəsilərdi. 
Babamın sözlərinə görə, payızın son ayında qəfildən başlayıb şiddətlə əsən küləkli-yelli soyuq günlərə el arasında “naxırqovan” deyirlərmiş. Belə sərt, şaxtalı günlərdə əsən külək, birinci növbədə, çöldə otarılan naxırı, yəni mal-qaranı tövləyə salırmış. Elə buna görə də bu dövr “naxırqovan” adlanırmış. Bundan sonra mal-qara qış boyu qışlaqda saxlanılar, yayda biçilib tayaya yüklənən otla yemlənər. 
“...Payızın bir ayı qışdandır, bir ayı yazdan”, – deyib atalarımız. Bu fəslin ilk günləri mülayim keçsə də, sonları küləkli, sazaqlı, hətta bəzən qarlı-boranlı olur. Ona görə də xalq qışa hazırlığı elə payızın ilk günlərindən başlayaraq sonuna qədər başa çatdırmağa çalışır ki, qarlı-şaxtalı qışı qarşılamağa hazır olsun. Həm də əvvəllər olduğu kimi, təəssüflə, nigarançılıqla deyil, xoş əhvali-ruhiyyə ilə. Çünki indi qış əvvəl olduğu kimi heç kimi qorxutmur. Nə qədər çovğunlu, qarlı, boranlı olsa da. Hər kəsin isti ocağında mavi yanacağı, daimi yanan işığı... Artıq kimsə qışda yandırmaq üçün odun hayına düşmür, insanlar sularının qışda donmaması üçün nə edəcəklərini düşünmür. Çünki hər birimizi ayrı-ayrılıqda düşünən dövlətimiz bu kimi sıxıntılarımızı çoxdan həll edib.

Gülcamal TAHİROVA

Nəşr edilib : 07.10.2024 16:01