Səfirlik: ABŞ-ın Azərbaycan vətəndaşları üçün bütü...
14:10 15.01.2026
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2026, Cümə axşamı
Şagirdlərin zehni və emosional yüklənməsinin qarşısının alınmasında tətillər mühüm rol oynayır. Payız tətili isə məktəb yükünün azaldığı, şagirdlərin dincələrək yenidən motivasiya topladığı bir fasilədir. Bu qısa fasilə şagirdləri fəslin rəngarəngliyini, ecazkarlığını duymağa, onu doya-doya yaşamağa sövq edir, istirahət etməklə yeni dərsə daha fəal şəkildə hazırlanmağa kömək olur. Artıq bir neçə gündür ki, uşaqlar bu tətilin imkanlarından istifadə etməkdədirlər.
Hazırda məktəblər tətildə olsa da, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi şagirdlərin səmərəli vaxt keçirmələri üçün qapılarını onların üzünə açıb. Mərkəzə üz tutaraq şagirdlərin məşğuliyyəti ilə yerində tanış olmaq istədik. Qeyd edək ki, mərkəzdə 29 adda dərnək fəaliyyət göstərir. Elmi dərnəklərdə, yəni zehni riyaziyyat, sürətli oxu, mental aritmetika, məntiq, bədii qiraət, folklor, ingilis dili və sair dərnəklər şagirdlərin elmi biliklərini artırmaqla yanaşı, həm də onlara yaradıcı düşüncə, tədqiqat, təcrübə aparmaq kimi vərdişlər qazandırır. Yaradıcılıq bacarıqlarını üzə çıxaran, istedadlarını sərgiləyən şagirdlər gimnastika, voleybol, stolüstü tennis və sair kimi dərnəklərdə isə həm idmanla məşğul olur, həm də fiziki inkişaf edirlər. Müxtəlif dərnəklərdə müəllimlərin rəhbərliyi ilə şagirdlər növbənöv, maraqlı əl işləri öyrənirlər. Belə şagirdlərdən biri də dulusçuluq dərnəyinin 12 yaşlı üzvü Arzu Abıyevadır. Onunla həmsöhbət olur, tətil günlərində asudə vaxtını necə səmərəli keçirdiyini öyrənirik. Arzu deyir: “İki aydır, dulusçuluq dərnəyinə gəlirəm. Burada əyləncəli vaxt keçiririk. Gözəl əl işləri hazırlayırıq. Elnur müəllim bu sənətin sirlərini bizə ən yaxşı şəkildə öyrədir”.
Rəsmə də marağı olan balaca Arzu mütaliə etməyi çox sevir və tətil günlərində onun maraqlı məşğuliyyətlərindən biri də kitab oxumaqdır. O deyir ki, mütaliə mənim nitqimi gözəlləşdirir.
Üç mərtəbədən ibarət mərkəzin 2-ci mərtəbəsində şagirdlərin əl əməyi, göz nuru olan maraqlı əl işləri sərgilənir. Otaqlara daxil olduqda şagirdlərin hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradıldığını görürük. Gimnastika dərnəyinin üzvü olan Ayla Məmmədli də asudə vaxtını səmərəli keçirən istedadlı şagirdlərdəndir. Söhbətimizdə bunu daha aydın gördük. 11 yaşı olmasına baxmayaraq, artıq 6 ildir, gimnastika sahəsində öz hünərini sərgiləyən balaca qız deyir: “Gimnastika ilə yanaşı, rəsm çəkməyi də sevirəm. Məktəbdən sonra, xüsusən də tətil günlərində sevdiyim hobbilərlə məşğul olaraq vaxtımı səmərəli keçirməyə çalışıram”.
Şagirdlərin daha çox maraq göstərdikləri dərnəklərdən biri isə Püstə Alıyevanın rəhbərlik etdiyi aplikasiya dərnəyidir. Bu dərnəyi fərqli edən isə şagirdlərin, əsasən, sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olmasıdır. Onlarla işləmək bir qədər çətin olsa da, Püstə xanım şagirdlərə, nələrsə öyrətməyin onun üçün də çox maraqlı olduğunu bildirir. Qeyd edək ki burada onlar parça üzərində maraqlı əl işləri hazırlayırlar. Adını çəkmədiyimiz daha bir çox dərnəklər də var ki, onlar da balaca fidanların istedadlarının inkişafında, onların gələcəkdə sənət sahibi olması yönündə xüsusi rol oynayır. Həmçinin şagirdlər burada yeni dostlar qazanaraq komanda ilə işləməyi öyrənirlər.
Biz də balaca dostlarımıza xoş istirahətlər arzu edir, zamanın dəyərini bilərək boş vaxtlarını yaxşı dəyərləndirmələrini tövsiyə edirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər