NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

Pakistan Azərbaycanla birgə layihələrin təşviqi üçün koordinator təyin edəcək

...

Pakistan Azərbaycanla birgə layihələrin təşviqi və ticarət tərəfdaşlığının gücləndirilməsi üçün koordinator təyin edəcək.

Bu barədə "Şərq qapısı" Pakistanın Xüsusi İnvestisiya Şurasına (SIFC) istinadən xəbər verir.

Qeyd olunub ki, bu razılaşma Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə naziri Abdul Alim Xanla görüşü zamanı əldə edilib.

Nazir turizm də daxil olmaqla müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib: "Biz münasibətlərimizi biznes və ikitərəfli ticarətə çevirməliyik və hər iki tərəf bu məqsədə çatmaqda müsbət irəliləyiş əldə edir".

Abdul Alim Xan Azərbaycan şirkətlərini Pakistana sərmayə qoymağa və hökumətlərarası (G2G) və korporativlərarası (B2B) müqavilələr və sazişlər çərçivəsində kommersiya müəssisələri yaratmağa dəvət edib.

O, həmçinin Kəraçini Sukkur və Sukkuru Heydərabadla birləşdirən M6 və M9 magistral yollarının tikintisi də daxil olmaqla Pakistanın infrastruktur sektoruna investisiya imkanlarını ətraflı müzakirə edib.

Nazir vurğulayıb ki, Pakistanın müxtəlif sektorlarda böyük potensialı var və xarici investorlar bundan səmərəli istifadə edə bilərlər.

Səfir öz növbəsində Azərbaycanın Pakistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu, investisiya imkanlarını və birgə layihələri fəal şəkildə araşdıracağını qeyd edib.

"Görüşdə Pakistan, Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli əməkdaşlıq da müzakirə edilib. Azərbaycanla sıx əlaqələrin saxlanılması üçün SIFC-dən koordinatorun təyin edilməsi qərara alınıb", - məlumatda bildirilib.

Nəşr edilib : 02.12.2024 12:26