Azərbaycanın daha bir boksçusu Avropa çempionu olu...
21:36 11.10.2026
0
0
0
NAXÇIVAN :
11 Oktyabr 2026, Bazar
Ordubad deyəndə göz önünə ilk olaraq bol meyvəli bağlar, rəngarəng tərəvəzlər, dağların qoynuna səpələnmiş kəndlər və ən əsası bu torpağın zəhmətkeş insanları gəlir. Payız isə bu mənzərəyə tamam başqa bir gözəllik qatır. Artıq bu fəslin qədəm qoyması bağlarda payız meyvələrinin yığım vaxtının da çatdığını göstərir. Həyətlərdə ilin zəhmətinin bəhrəsi indi bir-bir toplanır. Ordubadın özünəməxsus adətləri ilə seçilən, fərqli gözəllikləri özündə birləşdirən, bol nemətləri ilə fərqlənən kəndlərindən birinə – Çənnəbə üz tutduq.
Kənardan eşidilən uşaq səslərinin ardınca bir həyətə yaxınlaşırıq. Payızın tam səmimi tablosu bizi qarşılayır: cəviz ağacının budaqlarını çırpan baba və əllərindəki balaca vedrələrlə yerə tökülən cəvizləri toplayan nəvələr. Gəlişimiz uşaqların üzündəki təbəssümü daha da çoxaldır, sanki çoxdan tanıyırlarmış kimi, “gəlin, cəviz yeyin”, –deyə bizi də çağırırlar.Vedrələrə toplanan cəvizdən verirlər. Bu kiçik hərəkətdə onların üzündəki səmimiyyət və qonaqpərvərlik elə ilk andaca hiss olunur. Bu mənzərədə həm də bir ailənin zəhməti, uşaqların sevinci və Ordubad insanının qonaqpərvərliyi daha aydın sezilir.
Uzun illərdir, təsərrüfatla məşğul olan Vaqif Əliyev bizi cəviz bağı ilə tanış edir. Əziyyətini çəkdiyi ağacların altında təsərrüfat təcrübəsindən danışır. Deyir ki, Ordubad cəvizi Azərbaycanda yetişdirilən cəvizlər arasında özünəməxsus xüsusiyyətləri ilə seçilir. Yağlılığı, dadı və ləpəsinin bütövlüyü də onu fərqləndirən əsas cəhətlərdəndir.
“Yaxşı yetişən cəvizi elə sındıran kimi tanımaq olur. Ləpəsi qabığından bütöv çıxırsa, deməli, cəviz yaxşı yetişib”, – deyən Vaqif kişi sentyabr-oktyabr aylarının bağların ən işgüzar vaxtı olduğunu söyləyir. Bu aylarda cəviz ağaclarının əzəmətli budaqlarının ətrafı məhsulla dolur, kənd sakinləri bağlara çıxaraq çəkdikləri zəhmətin bəhrəsini toplamağa başlayırlar.
Həmsöhbətimizin danışdıqlarından məlum olur ki, Ordubadın hər kəndində cəvizin də özünəməxsusluğu var. Bir yerdə dadı, başqa yerdə ölçüsü, bir başqa bağda isə ləpəsinin yağlılığı ilə seçilir. Elə buna görə də Naxçıvan bağlarında ata-babadan qalma cəviz adları da çoxdur. “Kətən köynək”, “Daş cəviz”, “Əlincə”, “Qarğa cəvizi”, “Şappan ləpəli”, “Salxım cəviz”, “Bəy cəvizi” – hər biri illərdir, yaşadılan bir adın, bir bağın və zəhmətin izi kimi yadda qalır.
Sakinlər üçün cəviz təkcə süfrəyə qoyulan nemət deyil. Bu ağacın bəhrəsindən tutmuş yarpağına, yaşıl qərzəyinə qədər hər bir hissəsindən istifadə olunur. Qabığı, yarpağı və yaşıl qərzəyi aşı və boyaq maddələri ilə zəngin olduğu üçün müxtəlif məqsədlərlə işlədilir, cəviz yağından isə həm mətbəxdə, həm də sənətkarlıqda istifadə edilir.
“Bizdə alana, basdıq, miyanpur, paxlava, şəkərbura, halva, cəvizli kükə, sucuq kimi müxtəlif şirniyyatlar hazırlanır. Cəvizdən hazırlanan hər bir şirniyyatın öz dadı var. Xüsusilə Ordubadın məşhur cəviz mürəbbəsi hələ yetişməmiş yaşıl cəvizlərdən hazırlanır. Avqust ayında yığılan yaşıl cəvizlərin sərt qabığı soyulur, acılığının çıxması üçün bir neçə gün əhəngli suda saxlanılır, suyu bir neçə dəfə dəyişdirilir, sonra mixəklə bişirilir. Hazırlanması bir az zəhmətlidir, bir neçə mərhələdən keçir və günlərlə vaxt aparır”, – deyə Vaqif kişi sözünə davam edir.
Söhbətləşdikcə həyətin səs-küyü də özünəməxsus bir ahəng alır. Bir tərəfdən cəviz ağacının yarpaqlarının həzin mehdə səsi, digər tərəfdən, uşaqların gülüşü, böyüklərin bir-birinə qoşulan səmimi söhbətləri eşidilir. Bəzən bir həyətin mənzərəsini yadda saxlamaq üçün çox sözə ehtiyac olmur. Səmimi söhbət, gülüş və qonağın payını ayırmağı unutmayan əllər kifayətdir. Biz də Çənnəbdən ayrılarkən yalnız cəvizin dadını deyil, qonağı olduğumuz ailənin mehribanlığını, uşaqların şirin gülüşlərini və payız gününün bu isti xatirəsini özümüzlə götürdük.
Zəhra VƏLİYEVA
Digər xəbərlər