NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

Ordubadda “Cənnətin iqamətgahı” sənədli filminin təqdimatı keçirilib

...

Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin yerli premyerası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, sentyabrın 17-də Ordubad Şəhər Mədəniyyət Sarayında keçirilən təqdimat mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Ordubad Rayon İcra Hakimiyyətinin, “Azernyumedia” şirkətinin nümayəndələri, mədəniyyət xadimləri, yaradıcı heyət, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Əməkdar jurnalist, Real Təhlil İnformasiya Mərkəzinin direktoru və filmin media məsləhətçisi Mir Şahin Ağayev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək filmin əhəmiyyətindən, Ordubadın milli mədəni irsinin təbliğində bu cür layihələrin rolundan danışıblar. 
Çıxışlarda “Cənnətin iqamətgahı” filminin ərsəyə gəlməsində Ordubadın tarixi-mədəni irsinin, qədim şəhər mühitinin və bölgənin özünəməxsus adət-ənənələrinin əsas ilham mənbələrindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, filmin çəkilişləri Ordubad şəhərinin qədim küçələrində, eləcə də rayonun müxtəlif kəndlərində aparılıb. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İCESCO-nun dəstəyi ilə həyata keçirilib.
Tədbirdə İSESCO-nun Bakı Regional Ofisinin rəhbəri doktor Əbdül Hakeem Farhad Al-Senanın videomüraciəti də nümayiş etdirilib.
Daha sonra “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri, “Real Təhlil İnformasiya Mərkəzi”nin Proqram departamentinin rəhbəri, “Azernyumedia” şirkətinin direktoru, Avropa Kino Akademiyasının üzvü Kamran Qasımov çıxış edib. O, filmin hazırlanması prosesindən və yaradıcı heyətin qarşısında dayanan əsas məqsədlərdən söz açıb.
Çıxışlardan sonra filmin yaradıcı heyəti təqdim olunub və ekran əsərinin tam versiyası tamaşaçılara nümayiş etdirilib.

Nəşr edilib : 17.09.2026 19:49