NAXÇIVAN :

10 Mart 2025, Bazar ertəsi

“Onlayn Azərbaycan” layihəsi başa çatıb

...

“Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tədbiri keçirilib.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) regional direktoru Natalia Moçu, eləcə də tənzimləyici qurumların nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.

Tədbir çərçivəsində layihənin icrası, əldə olunan nəticələr və gələcək perspektivlər haqqında geniş məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Şahin Babayev bildirib: ““Onlayn Azərbaycan” layihəsi ölkənin bütün ərazilərində həm biznes, həm də ev təsərrüfatlarının müasir texnologiyalar vasitəsilə yüksəksürətli, sabit genişzolaqlı internetlə təmin olunmasını hədəfləyirdi. Bir çox tərəfdaşların birgə səyləri nəticəsində ölkədə genişzolaqlı internet şəbəkəsinin qurulmasına nail olduq. Mürəkkəb struktur və strateji əhəmiyyətə malik layihə mərhələli şəkildə icra edildi. Son 4 il ərzində ölkədə sabit genişzolaqlı yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatdı, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edildi. Bu layihə internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri oldu”.

Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə “Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində icra olunub. Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66 Mbit/s-ni keçib.

Tədbir “Rəqəmsallaşmada yeni mərhələ” mövzusuna həsr olunmuş panel sessiyası ilə davam edib. Sessiyada innovativ texnologiyaların tətbiqi, “bulud” xidmətlərinin genişləndirilməsi və e-hökumət platformalarının inkişafı üçün yaradılan imkanlar müzakirə olunub.

Qeyd edək ki, layihə çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Belə ki, mart 5-də dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom” MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”®️ şirkəti tərəfindən təqdim edilib.

Nəşr edilib : 10.03.2025 18:53