Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
09:07 19.04.2025
0
0
0
NAXÇIVAN :
19 Aprel 2025, Şənbə
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında muxtar respublika üzrə maksimum nəticəni göstərən abituriyentlər Səma İsmayılova və İbrahim Heydərovdur.
Onlar tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında, ümumilikdə, 300 bal toplayaraq maksimum nəticəni göstəriblər. Biz də onları redaksiyamıza dəvət edib təəssüratlarını öyrəndik.
Şahbuz rayon Badamlı qəsəbəsindən olan Səma İsmayılova sevincini “Şərq qapısı” qəzeti ilə bölüşərək deyir: “Mənim üçün uğur qazanmağın sirri çox oxumaq deyil, düzgün şəkildə oxumaqdır. Eyni zamanda dərslərimdə əlimdən gəldiyi qədər məsuliyyətli olmağa üstünlük verirəm. Qəbul imtahanına kimi bir çox sınaqlarda iştirak edib yüksək nəticə əldə etmişəm, bu da məni qəbula qədər daha da həvəsləndirib. Təbii ki, belə bir nəticə asanlıqla əldə olunmur. Məqsədlərim üçün daim əzm və iradə ilə çalışıram. Mənim əsas hədəfim II qrup üzrə Maliyyə ixtisasıdır və məqsədim gələcəkdə ölkəmizin daim inkişafını təmin edəcək işlər görməkdir. Yüksək nailiyyətlər əldə etməyimdə özümlə yanaşı, valideynlərim və müəllimlərimin üzərimdə böyük əməyi var. Onlar məni ruhlandırıb dəstək olmağa çalışıblar hər zaman. Bu gün yüksək nəticə topladığımı eşidəndə çox sevindim, çünki özümə inanırdım. Yayda keçiriləcək buraxılış imtahanının ikinci mərhələsinə daha məsuliyyətlə çalışıb yüksək nəticə əldə etməyi hədəfləmişəm. Bu gün də topladığım yüksək bal üçün çox sevincli və qürurluyam, bu nəticə mənim üçün əsl motivasiya oldu”.
Digər maksimum nəticə göstərən Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdi İbrahim Heydərov da öz təəssüratlarını bizimlə bölüşdü: “Buraxılış imtahanında maksimum nəticəni göstərdiyim üçün çox şadam. Çünki bu nəticəni əldə etmək üçün çox çalışmışam və bu gün əziyyətlərimin bəhrəsini görmək məni sevindirir. Elə bu sevincimi ilk dəfə burada sizlərlə bölüşürəm. Əgər məqsədə çatmaq üçün çalışsaq, nəticə hər zaman ürəkaçan olacaqdır. Əziyyət çəkən hər kəs, sözsüz ki, bəhrəsini görər. Bu uğurdan ötrü özümü çox xoşbəxt hiss edirəm. II ixtisas qrupu üzrə hazırlaşıram. Arzum gələcəkdə Maliyyə menecmenti ixtisasına qəbul olmaq və bu sahədə özümü təkmilləşdirərək maliyyəçi olmaq istəyirəm. Bu cür nailiyyətə imza atmaq möhtəşəm bir duyğudur”.
Biz də gəncləri təbrik edir və növbəti mərhələdə onlara uğurlar arzu edirik.
Bülbül QULİYEVA
Digər xəbərlər