Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində...
11:19 01.02.2025
0
0
0
NAXÇIVAN :
01 Fevral 2025, Şənbə
Xalq təsəvvüründə qış ölən təbiət obrazı kimi yaşayır. Qışın gəlişi Böyük çillə ilə başlayır. Bu zaman soyuq, şaxtalı günlər çox olmur. Əsas soyuq hava “Kiçik çillə” adı ilə tanınan zaman kəsimində müşahidə edilir. Böyük çillədən sonrakı dönəm xalq arasında “Kiçik çillə” adlanır və 20 gün davam edir. Fevral ayının ilk günündən Kiçik çillənin birinci ongünlüyündə xalq arasında Xıdır Nəbi mərasimi icra olunur. Naxçıvan ərazilərində və qərbi azərbaycanlılar arasında Xıdır Nəbi mərasiminin bu ongünlüyün müxtəlif zamanlarında icrası müşahidə edilir. Qərbi Azərbaycanın Dərələyəz mahalının Gomur, Gabud və Axta kəndlərində bu mərasim fevral ayının 3-ü, 4-ü və 5-i qeyd olunurdu. Mərasim faktlarının da digər folklor faktları kimi variantlılığını nəzərə alsaq, Xıdır Nəbi mərasiminin də coğrafi və iqlim şərtləri baxımından fərqli günlərdə qeyd edilməsi təbiidir. Bu baxımdan təkcə Azərbaycanın bir çox regionlarında deyil, Xıdırın qeyd olunduğu digər türk xalqlarında elədir.
Xıdırın hər evə gəlməsini arzu edən xalq müxtəlif ayinlər icra edir. Xalq həm də belə deyir ki, Xıdırın ən çox sevdiyi buğda cücərtisindən hazırlanan qovutdur. Bunun üçün qovutu kiçik qablarda evin dörd küncünə qoyarlar. İnanırlar ki, Xıdır gəlib qovutun üzərinə barmaq basacaq, bununla da o evdə bar-bərəkət artacaqdır. Türk xalqlarında, o cümlədən Azərbaycan türklərindəki etiqada görə, Xıdır bolluq, yaşıllıq, ölümsüzlük, yenilik, sevinc daşıyan hami ruhdur. Ona hörmət, ehtiram göstərilərsə, o da həmin yerə hörmətlə yanaşar, o evə bolluq arzulayar. Əgər evdə var-dövlət, bar-bərəkət çoxalarsa, el arasında “Bu evə Xıdır gəlibdir, bu nemətə Xıdır əli dəyibdir”, – deyərlər.
Qışın ikinci mərhələsi sayılan Kiçik çillə dönəmində hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq da deyir: “Əsas şaxta Böyük çillədən sonra olur, yəni Kiçik çillədə. Bu Kiçik çillə çox sərt olur. Hava o qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. 20 günlük Kiçik çillə nə qədər sərt olsa da, ömrü qısadır. Bu vaxt həm də günlər uzanır”.
Xalq yaddaşında iki qardaş və ya iki bacı kimi obrazlaşdırılan Böyük çillə və Kiçik çillə bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə edilir. Bu baxımdan professor A.Nəbiyevin fikirləri böyük önəm daşıyır: “...Maraqlı cəhətlərdən biri də odur ki, mərasim düşüncəsində insan özünün şərə, pisliyə münasibətinin müəyyən cəhətlərini Kiçik çillə ilə bağlı poetik düşüncəsində ifadə edir:
Kiçik çillə..
Boyu bir belə...
Hikkəsi bir belə..
Gəlişi oldu
Hayınan.
Gedişi oldu
Vayınan.
Əlində qırmanc,
Eli-günü yandırdı,
Neçə günahsız doqqaz bağladı,
Neçə alaqapı
Sındırdı.
Kəsdi neçə evin yağmasın,
Pendirin, çörəyin, ağmasın...”
Xalq təsəvvüründə çillədən çıxmaq ağırlıqdan, məşəqqətdən qurtulmağa bərabərdir. “Çillə” sözünü bir çox tədqiqatçılar müxtəlif şəkildə izah edirlər. Folklorşünas C.Bəydili çillə ilə bağlı yazır ki,“çillə” sözü məhrumiyyət, sıxıntı, əziyyət çəkmə mənalarını verir”. Bu məqam bir bayatıda öz əksini tapır:
Əllərin saza bənzər,
Boyun gülnaza bənzər.
Bir kərə səni görsəm,
Çilləm də yaza bənzər.
Kiçik çillədən sonrakı dönəmin – Boz ayın gətirəcəyi soyuqlu-istili günlər insanların qəlbində yeni həyata ümid yaradır. Odur ki, “Ömrü az, qabağı yaz” olan Kiçik çillə insanları öz soyuqluğu və şıltaqlığı ilə qorxuda bilmir.
Qərbi Azərbaycan əhalisinin də Kiçik çillə dönəminin soyuğundan qorunmaq məqsədilə hazırladığı bədənə istilik bəxş edən müxtəlif mətbəx örnəkləri vardır. Yaydan tədarükü görülən şıppır, ələyəz bitkilərindən hazırlanan aşlar, xəşil kimi yemək növləri Kiçik çillə dönəminin soyuğunun fəsadından qorunmaq üçün ən yaxşı üsullardandır. Eləcə də xalq yaddaşında bu dönəm “qarıların təndirdən girib küflədən çıxdığı” vaxt kimi folklor dili ilə xarakterizə olunur.
Güney Azərbaycan folklorunda da Kiçik çillənin ərköyünlüyü, təbiət etibarilə ziyanxor olmağı poetikləşir:
Kiçik çillə:
Şaxtamı kəndə salaram,
Ağacları çatladaram.
Hər yanı buz bağladaram,
Tamam xəlqi ağladaram.
Böyük çillə:
Qabağın yazdır sənin,
Ömrün azdır sənin.
Hərbə-zorba demə çün,
Fikrin dayazdır sənin.
Kiçik çillənin, xalqımız demişkən, qışın oğlan çağının insanlara, onların təsərrüfat və məişətinə vura biləcək ziyanının qarşısını almaq üçün keçmiş dönəmlərdə icra olunan bir çox ayin və rituallar olub ki, onların çox az qismi müasir günümüzədək gəlib çıxıb. İstər qədimlərdə icra olunan, bu gün isə yalnız kiçik poetik örnəklərdə izləri yaşayan ayin və rituallar, istərsə də günümüzdə də icrası müşahidə olunan mərasim örnəkləri xalqımızın qədim mifoloji dünyagörüşündən xəbər verir.
Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
Digər xəbərlər