Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı növbəti...
19:51 16.01.2025
0
0
0
NAXÇIVAN :
16 Yanvar 2025, Cümə axşamı
Yanvarın 19-dan 20-nə keçən gecə... Xalqımızın tarixinə qanla yazılmış bir səhifə. Bu səhifəni təkcə faciə adlandırmaq olmaz. Bu, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günüdür. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Xüsusi təlim keçmiş qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə 3 istiqamətdə yeridilərək dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər etdilər. Bu hadisə zamanı 147 Azərbaycan vətəndaşı şəhidlik zirvəsinə yüksəldi, 744 nəfər yaralandı və xəsarət aldı, 841 nəfər qanunsuz həbs edildi. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz Vətən övladlarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü – yanvarın 21-də dahi şəxsiyyət Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Dahi şəxsiyyət faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirdi. Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.
“Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının ən çətin anında Moskvadan doğma Vətəninə qayıdanda Azərbaycan çox ağır günlərini yaşayırdı. Respublikamız parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Xalqımızın böyük oğlu Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da onu xalqa zidd hakimiyyət tərəfindən bir o qədər təzyiq və hədələr gözləyirdi. Buna baxmayaraq, Ulu Öndər Vətənə döndü. Böyük siyasətçinin öz xalqına olan sevgisi, xalqın da Ümummilli Liderimizə inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.
Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən Qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, görkəmli dövlət xadimi 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdur. Fərmanda deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz Ümummilli Liderimizin təşəbbüsü ilə baş vermişdir. Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində müzəffər Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin qisası alındı, tökülən qanlar yerdə qalmadı. Bu birlik və həmrəyliyi nümayiş etdirənlər məhz 1990-cı ilin 20 yanvarında şəhidlik adlı zirvəni fəth edənlərin ardıcılları idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar tarixini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12-də Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olacaqdır. Xalqımız əsl qəhrəmanlıq və vətənpərvərlik nümunəsi, şərəf tariximiz olan bu günü heç vaxt unutmayacaqdır.
Xəzəngül Orucova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər