NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

O, Vətənin Ümidi, pənahı oldu

...

Yolumuz qəhrəman Azərbaycan oğlunun adını daşıyan Babək şəhərinədir. Bu torpağın yetişdirdiyi qəhrəman oğullardan biri olan,Vətən savaşının 43-cü günü Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn Ümid Novruzlunun ocağına üz tutmuşuq. Evə daxil oluruq. Hər tərəfi qəhrəmanın fotoları ilə bəzənmiş otaqda xatirələr dilə gəldi, hər sözün axırı da, əvvəli də Ümid idi. 
Ümid 1992-ci ilin iyununda Babək rayonunda dünyaya göz açıb. Uşaqlıq illərindən Vətən sevgisi ilə böyüyüb. Atasının dediyinə görə, hələ məktəb illərində belə hər dəfə əsgər görəndə formasına baxıb heyran qalardı. “Uşaq idi, amma hərbi formaya qarşı xüsusi bir marağı vardı. Deyirdi ki, “Mən də böyüyəndə əsgər olacağam, Vətənimi qoruyacağam”, – deyir Bahadur atafəxrlə söhbətinə davam edir: “Ümid orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandı. Qaydalara, intizama riayət edən, məsuliyyətli biri kimi xidmətini başa vurdu. Lakin Vətən sevgisi onu bir daha hərbiyə çəkir. Tərxis olandan sonra gizirlik kurslarını da uğurla başa vurur və xidmətdə nümunəvi davranışı ilə seçilir. Komandirlərindən həmişə Fəxri fərmanlar, təşəkkürnamələr alırdı. Heç bir narazılıq eşitmədik. Əksinə, hamı deyirdi ki, Ümid nümunəvi bir gizirdir. 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Naxçıvandan Qarabağa üz tutan hərbçilər arasında Ümid də var idi. 24 ok­tyabrda Qarabağda şəhadət şərbəti içən 14 naxçıvanlı cəsur döyüşçünün ana yurdda torpağa tapşırıldığı gün o döyüşə yollandı. 25-i səhər tezdən zəng elədi, dedi ki, “Bir yerdən çıxırıq, başqa yerə gedirik”. O danışıq bizim onunla son əlaqəmiz oldu. Biz onun şəhid xəbərini 12 noyabrda aldıq”.
Noyabrın 7-si… Şuşa uğrunda gedən döyüşlər. Ümid döyüş zamanı bir dəfə yaralanır, amma geri çəkilmir, “Bu kiçik yaradı, mən döyüşə davam edəcəm”, – deyir. Qızğın döyüş zamanı ikinci minamyot mərmisi onların yaxınlığa düşür. Ümid Bahadur oğlu Novruzlu ağır yaralanır və elə döyüş meydanında da şəhadət zirvəsinə yüksəlir.
Ümidin anası Kimya Novruzlu ilə danışmaq çətin idi. Ananın qürurlu üzünə, yollara dikilən gözlərində donan əbədi həsrətə baxır, sizin kimi qəhrəman oğullar böyüdən analar var olduqca bu Vətən də var olacaq deyir və onu diqqətlə dinləyib sətirlərə köçürürəm: “Mən balamı üç aydır, görmürdüm. Bakıda əməliyyatda idim. Elə hər gün soruşurdum ki, Ümiddən bir xəbər varmı? Deyirdilər, heç bir şey yoxdur. Sonra xəbər verdilər ki, ayın 24-ü Ümid gedib müharibəyə. Bu xəbəri eşidən kimi dərhal oğluma zəng vurdum. Səsini eşidəndə sanki dünya mənim oldu. O dedi ki, narahat olma, ana, heç nə olmaz, sağ gedib, salamat gələcəyəm. Qayıdanda da səni götürəcəyəm. Dua elədim hər gün hər kəs üçün. Vətən uğrunda döyüşən hər bir hərbçi üçün”.
Şəhidin yoldaşı Gülay Novruzlu Ümiddən ona yadigar qalan iki balasını həyat yoldaşına olan sevgisi, sədaqəti ilə böyüdür, ona layiq övladlar kimi yetişdirir: “Yoldaşım Ümid haqqında günlərlə, saatlarla danışa bilərəm. Həqiqətən də, onun qəhrəmanlığı, mərdliyi, insanlığı haqqında nə qədər desəm azdır. O, iki uşaq atası, yaxşı ailə başçısı, qayğıkeş yoldaş və mehriban iş yoldaşı idi. 24 oktyabrda müharibəyə yollandı. Biz onunla son dəfə təyyarəyə minəndə danışdıq. O, heç bir şey demədi, sadəcə: “Mən sağ gedib, salamat qayıdacağam”, – dedi. Onun igidliyi, qəhrəmanlığı unudulmadı, Vətən uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə müxtəlif medallar və ordenlərlə təltif edildi. “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və digər Fəxri fərmanlar onun qəhrəmanlıq yolunu tamamlayır. Ümid şəhadətə yüksələndən sonra biz Şuşaya səfər edib onun son nəfəsini verdiyi yerlərdə olduq. Övladlarım atasının son dəfə ayaq basdığı və azad etdiyi torpaqlarda addımlayanda duyduğum qürur qəlbimdəki ağrını az da olsa, yüngülləşdirdi. Övladlarımız Şuşada gəzib Cıdır düzünə çıxanda hiss etdim atalarının şad ruhunun başımız üstündə dolandığını”.
Bu evdə indi onun səsi eşidilmir, amma ruhu yaşayır. Divardakı şəkillərdə, uşaqlarının baxışında, ailəsinin qürurunda. 

Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 02.11.2025 20:31