Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
NAXÇIVAN :
24 Noyabr 2024, Bazar
Prezident İlham Əliyev: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm..."
Həmin günləri Azərbaycan xalqı çox yaxşı xatırlayır. Çünki həmin vaxtlarda müasir Azərbaycanı bizə bəxş edən bir dahinin canından çox sevdiyi Vətəninin sakinlərinə dediyi, bəlkə də, son sözləri eşidirdik. Tarix 2003-cü il 1 oktyabr. Vətən oğlu öz doğma xalqına müraciətində deyirdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram... Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Həmin gün dövlətini, Vətənini sevən hər bir kəs ona işıqlı gələcəyi vəd etdiyindən əmin idi dahi rəhbərin. Çünki O, canından çox sevdiyi Azərbaycanı gələcəyinə əmin olduğu bir insana əmanət etmişdi. Xalqını İlham Əliyevə, Onu isə xalqına əmanət etmişdi. Həmin gündən xalq Vətən oğlunu bağrına basıb onunla bir olub zəfər yolunu ilmə-ilmə toxudu. 2003-cü ilin 15 oktyabr seçkilərində qazanılan qələbə xalqın öz taleyini hər zaman qəlbən inandığı, sınaqdan çıxardığı siyasi qüvvəyə etibar etdiyini bir daha təsdiqləmişdi.
Azərbaycan Prezidenti seçilən İlham Əliyev ilk dəfə ay-ulduzlu, üçrəngli Azərbaycan Bayrağının önündə diz çöküb Vətənə sədaqətlə xidmət edəcəyinə and içəndə elə həmin gün söz vermişdi bu bayrağı Şuşada, Xocalıda ucaldacağına. Bu söz 200 ildən çoxdur ki, torpaqları hissə-hissə qoparılıb düşmənə pay verilən, körpələri dünyaya göz açmamış ana bətnində buz heykələ dönən xalqa, məzarsız oğullarının həsrəti ilə ürəyi yanan analara, yurdundan didərgin düşən insanlara, şəhidlərə, Azərbaycanı canından çox sevən Ataya verilən söz idi. Qarabağ kimi çətin bir dərdi olan, müstəqilliyin dadını təzə-təzə alan, özünü dünyaya tanıdıb haqq səsini duyurmağa çalışan bir dövlətin Prezidenti olmaq və Ulu Öndərin vəsiyyətini yerinə yetirmək kimi ağır bir yükü almışdı çiyinlərinə 42 yaşlı siyasətçi. Vətənə, doğma xalqına ləyaqətlə, sədaqətlə xidmət edəcəyinə and içəndə o da yaxşı bilirdi, ədalətsiz bir dünyada yaşadığımızı. Güclünü haqlı görən bir dünyada. Lakin O, qətiyyətli və ümidli idi. İnanırdı ki, bu xalqla ən çətin yolları, keçilməz dərələri aşmaq mümkündür.
Tarix öz sözünü dedi və zaman Ulu Öndərin bütün bəlalardan xilas edib ayağa qaldırdığı Azərbaycanı əmin əllərə əmanət etdiyini sübuta yetirdi. Dahi siyasətçinin layiqli davamçısı dünyada söz sahibindən Müzəffər Sərkərdəliyə gedən uzun bir yol qət etdi. Bu yol Heydər yolu, Ata vəsiyyətinin yerinə yetirilməsinə gedən yol idi. Çətin keçilməz sədləri birləşərək, bir olaraq aşdıq. Ölkə başçısı dünya səviyyəli tədbirlərdə dəfələrlə qarşı tərəfə tarix dərsi keçib qəti mövqeyini açıq şəkildə bəyan edirdi: “Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”. Verdiyi hər bir sözə sadiqlik göstərən ölkə başçısı Ulu Öndərin siyasi kursunu davam etdirib Azərbaycanı dünyaya tanıtdı və söz sahibinə çevirdi. Ölkə başçısının uzaqgörənliyi, mahir siyasətçi olması sayəsində Qafqazın ən güclü dövləti mövqeyinə gəldik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.
2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır.
2003-cü ilin 15 oktyabr seçkilərindən sonrakı beşilliyin nailiyyətlərini gündəlik həyatında hiss edən, ölkəmizin əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan xalqın “Niyə məhz İlham Əliyevə səs verməliyik?” sualına cavabı da qəti və birmənalı oldu: 2008-ci ilin 15 oktyabr seçkilərində cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi də ölkədəki möhkəm ictimai-siyasi sabitliklə, dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin dönməzliyi ilə şərtlənmişdir. Ümummilli Liderin yüksək etimadını doğruldan İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanı dünyaya tanıtdı. Əslində, biz 44 günlük Vətən müharibəsindən əvvəl də ölkə başçısının məhz bu yöndən qazandırdığı qələbənin şahidi olduq. Xarici əlaqələri genişləndirən ölkə başçısı bir-birinin ardınca müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə nail olmaqla Azərbaycanın mədəni, güvənilən, etibarlı, böyük layihələr keçirməyə qadir olan bir ölkə olduğunu göstərdi və bununla da tərəfkeşlərimizin sayını artırdı. Dahi rəhbərin layiqli davamçısının müdrik rəhbərliyi ilə görülən işləri dünyada yaşayan soydaşlarımız da dərk edir, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilmiş qüdrətlənən Azərbaycan dövləti ilə fəxr hissi duyurdular. Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan insanlar gündən-günə inkişaf edən ölkənin vətəndaşları olaraq gələcəyə ümidlə baxır, verdiyi hər sözü yerinə yetirən ölkə başçısına sədaqət nümayiş etdirirdilər.
Elə məhz bunun nəticəsidir ki, bu ilə kimi keçirilən prezident seçkilərində xalqın seçimi, layiqli namizəd İlham Əliyev oldu. Seçkilərdə səs çoxluğunun illər keçdikcə artması isə onu bir daha sübuta yetirdi ki, xalqın səsi hər bir azərbaycanlının Prezidenti, Ulu Öndərin layiqli davamçısıdır. Diqqət etsək, görürük ki, 2003-cü ildə prezident seçkilərində cənab İlham Əliyev 70 faiz səs çoxluğu ilə ölkə başçısı seçilmişdisə, ondan sonrakı seçkilərdə bu rəqəm artmış və bu ilin əvvəlində keçirilən seçkilərdə O, 92,12 faiz səs çoxluğu ilə Zəfər seçkisinin qalib Sərkərdəsi olmaq şərəfinə nail olmuşdur. Bu bir xalqın təkcə öz Prezidentinə yox, həm də Azərbaycanı canından çox sevən Ümummilli Liderinə sədaqəti idi.
Bu gün həmin tarixdən 21 il ötür, hər ili bir əsrə bərabər 21 il. Təbii ki, bu illərdə qazanılan nailiyyətlər nə məqalələrə, nə də ki, kitablara sığar. Bu 21 ildə Xəzərdən Avropaya uzanan neft, qaz kəmərlərinin çəkilişinə, Azərbaycanın dünya səviyyəli tədbirlər məkanına çevrilməsinə, himnimizin olimpiya oyunlarında səslənməsinə, Vətənimizin türk dövlətləri birliyinə qapı açmasına, düşmənin xarabaya çevirdiyi Şuşa məscidindən azan səsinin ucalmasına, Xankəndidə düşmən tabutuna son mismarın vurulmasına, Böyük Qayıdışa şahid olduq biz.
Və 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz nəinki dünya dövlətlərinin, türk xalqlarının, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox soydaşımızın Ali Baş Komandana inamını, ümidini, güvənini artırdı. Artıq dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı fəxr duyur ki, onun Azərbaycan adlı qalib bir dövləti, Şuşada, Laçında, bütöv Azərbaycanın başı üstə məğrurluqla dalğalanan bir bayrağı, Vətəni üçün keçilməz sədləri aşıb ona can qurban edən igid oğulları və hər bir azərbaycanlının Prezidenti olmağı bacaran Müzəffər Sərkərdəsi var...
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər