Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Hər ilin 2 avqustunda biz “Azərbaycan kino günü”nü qeyd edirik. Bu tarix, sadəcə, kinonun tarixi deyil, həm də yaddaşın təqvimdəki ən parlaq səhifələrindən biridir. Amma etiraf edək ki, müzakirələrdə həmişə eyni sual səslənir: niyə Azərbaycan klassik filmləri hələ də daha çox sevilir, nə üçün yeni ekran əsərləri eyni sevgini qazana bilmir? İşin sirri, bəlkə də, o vaxtın cəmiyyət problemlərində, ya da o dövrün aktyorlarında idi...
Hələ də “Arşın mal alan” deyəndə qulağımızda Üzeyir bəyin musiqisi səslənir, “Bəyin oğurlanması” deyəndə isə hamımızın ağlına kənd həyətindəki toydan bir səhnə gəlir. Çünki həmin filmləri izləyəndə onlar yalnız bir hekayə danışmır, bizim həyatımızın bir parçası olur... O dövrün rejissorları tamaşaçını güldürəndə də, ağladanda da “öz evindən danışırmış kimi” danışırdılar. Sadə dialoqların içində xalqın ləhcəsi, söz oyunları, hətta məişət yumoru vardı.
İndiki filmlər isə texniki cəhətdən daha rəngarəng, daha müasir görünür. Amma çox vaxt tamaşaçı salondan çıxanda içində bir sual qalır: “Bu film mənim həyatıma nə qatdı?”
Bəlkə də, klassik filmlər “obraz yaratmaq”la məşğul olur, yeni filmlər də çox vaxt “qəhrəmanı təqdim etmək”lə kifayətlənir. O vaxtın ekran əsərləri uzun illər işlənmiş dialoqların, sınaqlardan keçmiş hekayələrin məhsuludursa, indi isə tez-tez “nəyəsə xatir çəkilən” filmlərlə qarşılaşırıq.
Bir anlıq gözlərimizi yumub “O olmasın, bu olsun” filmindəki qonaqlıq səhnəsini təsəvvür edək... Danışılan yumorlar, Qoçu Əsgərin əhvalatı, stol üstündəki qab-qabacağın, qonaqların gülüş səsi və ən əsası Məşədi İbadın içki məclisindən kənarda əyləşib sakitcə çayını içməyi… Biz o filmlərə baxanda sanki kəndin tozlu yolunu keçib bir anlıq o günlərə qayıdırıq.
Azərbaycan filmləri çox rəngarəngdir... Onlardan söz açarkən gah Qərib kimi cinlər diyarına səyahət edir, gah da “Bəxt üzüyü”nün Moşusu olub “xoşbaxtlığa” qafiyə axtarırıq...
Filmlərdən söz düşmüşkən cizgi filmlərdən bəhs etməmək olmaz. Abdulla Şaiqin nağılı əsasında çəkilən həmin o cizgi filmi... “Tıq-tıq xanım” cizgi filminin çəkilişlərindən danışan işçi heyəti o dövrdə hər çəkilişin dəqiqəsini Rusiyada yerləşən nümayəndəliyə göndərdiklərini deyirdilər. Fikirlər dərin, aktyorlar istedadlı, senzura isə çox. Bir cizgi filminin çəkilişi üçün belə. İndi isə senzura yoxdur... Bəlkə də, tək dəyişən ünsür bu deyil... Hər kəs öz işi ilə məşğul olduqda hər iş daha yaxşı nəticələnir. O dövrdə də aktyor obraza can verir, rejissor çəkilişi yönləndirir, musiqiçilər və bəstəkarlar isə öz işlərini görürdülər. İndi isə bir neçə işi bir insan görür. Görünür kinematoqrafiya sahəsi ya çox istedadlıdır, ya da savadlı kadr azlıq təşkil edir. Rejissor, aktyor, səs rejissoru, hətta bəzən “operator” çox vaxt eyni sima olur.. Qəribədir...
Yeni filmlərdəki şəhər mənzərələri, müasir mənzillər, dekorasiya elementləri çoxaldıqca tamaşaçı ilə filmin arasına “soyuq bir şüşə” girir. Amma buna baxmayaraq, Azərbaycan kinematoqrafiya sahəsində öz səsini çatdıran çox yaxşı işlər də var...
Deməli, bir məfhum hələ də öz ideallığını qoruyur, Azərbaycan kinosu hələ də yaddaşın ən dərin yerində yaşayır.
Bəlkə də, bəzi insanlar üçün bugünkü rejissorlar klassiklər kimi işlər ərsəyə gətirə bilmirlər, amma onların bizə buraxıb getdiyi mirası layiqincə qoruyurlar. Bir tərəfdə texniki mükəmməllik, bir yanda isə xalqın nəfəsi...
Unutmayaq, Azərbaycan kino günü yalnız keçmişin bayramı deyil, günümüzün və gələcək filmlərin də öhdəliyidir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər