NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

O artıq Qələbə şəhəridir

...

Nə az, nə çox, düz 30 il faciə şəhəri olaraq anıldı o. Düşmənin qanlı caynağında qanına bələnən şəhər. Xocalı deyəndə canımıza üşütmə düşdü, qaranlıq meşələr, buz kəsmiş yollarda ayaqları donan insanlar gəldi ağlımıza.  Adı çəkiləndə bir  “ah” keçdi ürəyimizdən.
İllər sonra  Vətənin bütövlüyü uğrunda gedən mübarizədə işğaldan azad edilən hər qarış torpaq şəhid qanı ilə yoğrulub Vətən olanda, hər kənd, hər şəhər azad edildikcə bu xalqın sevinci sonsuzlaşdı. Şəhid məzarı başında dayanan ana “Şuşa azaddır!” kəlməsini eşidib qürurla dayandı məzar başında. Günlərlə oğul yolu gözləyən ata Murovda qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalan oğlunun tabutu önündə qurban kəsdi. Şəhid məzarlarını bəzəyən xarıbülbülü görən gəlinlər yarımçıq qalan sevgilərini Vətənə qurban verdilər.
Xocalı azad olanda isə yaşadığımız hisslər bu dünyaya sığmadı. Çünki Xocalı deyəndə soyuq qış gecəsi övladı qucağında meşələrdə buz heykələ  dönən  analar, hər övladını bir təpədə itirən atalar, namusu tapdalanmasın deyə özünə qəsd edən qız-gəlinimiz, ana bətnindən çıxarılıb süngüyə keçirilən körpələr, “Xocalıdan beşyaşlı qız” yazılan naməlum  məzarlar gəlirdi gözümüzün önünə. Bu həmin Xocalı idi. Bir gecə, soyuq bir qış gecəsində qarlı yollarda faciə olan  Xocalı. Tarixin ən dəhşətli şəhəri. Həmin gün adı dəyişmişdi bu yazıq şəhərin. Həmin gecə illərlə ocağımızdan od, təknəmizdən çörək verdiyimiz qonşularımızın əsl sifətini bir daha görmüşdük biz. 
30 qış gəldi keçdi, amma unudulmadı heç nə. Xocalı deyəndə Azərbaycanın gözəl guşəsi yox, faciə düşdü yadımıza. Həsrətlə gözlədik Xocalıda analarımızın başından açılıb  tapdalanan yaylığın ayaqlar altından götürülməsini. Vətən savaşı başlayanda gözü yollara dikilənlər içində onlar da var idi. Həmin gün evindən zorla çıxarılan Xocalı sakinləri. Müzəffər Sərkərdənin “dəmir yumruğ”u düşmənin başında şimşək kimi çaxanda hamı əmin idi ki, Xocalı da qayıdacaq. 
2023-cü ilin  19 sentyabrında Azərbaycan əsgəri tarixin səhifəsinə   “Xocalı azaddır!” sözünü yazdı. 
Həmin gün hər kəsin qəlbində 30 ildir, qanayan yaranın ağrısı azalmasa da, bir anlıq sakitləşdi. İgid oğulların qarşısında cəmi 23 saat tab gətirən quldurlar ağ bayraq qaldırıb təslim oldular.
Bir neçə gün sonra Xocalıya səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldanda qanlı gecədə vəhşicəsinə öldürülən şəhidlərin ruhu şad oldu. Qarlı aşırımda əyilən qəddi düzəldi Azərbaycan qadınının. Xocalı azadlığa qovuşanda əsir qalan məzarlar da, ruhlar da azad oldu. 
Həmin gündən cəmi bir il keçir. Düşmənin xarabaya çevirdiyi Xocalı öz sahibinin əlində cənnətə dönür. Qarlı, qanlı gecədə evindən, ocağından  ayaqyalın çıxan insanlar Azərbaycan əsgərinin ayaq izləri ilə geri qayıdır artıq.
Bundan sonra hər il xocalılılar öz ocağında 20 sentyabrda Xocalı şəhəri gününü qeyd edəcəklər.

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 20.09.2024 14:55