Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Bu gün ölkəmizin, xalqımızın qazandığı bütün nailiyyətlər öz xeyirxah əməlləri, şəxsi nüfuzu ilə dahiliyin fövqündə özünə əbədi yer qazanmış fenomenal şəxsiyyət Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Cəmiyyətimizin inkişafı Ulu Öndərin ölməz və uzun illərə hesablanmış ideyalarına söykənir, hər bir azərbaycanlı bu ideyaları öz həyatında görür, Azərbaycan Heydər Əliyev yolu ilə daim uğurlar qazanaraq böyük zirvələri fəth edir. Bütün bunlar isə, təbii ki, 1969-cu ilin 14 iyulundan başlanan əbədi yoldur. Xalqımız bütün varlığı ilə inanır ki, ölkəmizdə həyata keçirilən siyasi xətt – Heydər Əliyev yolu Azərbaycanı bundan da böyük zəfərlərə qovuşduracaqdır. İndi ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadi və siyasi uğurlara imza atır. Bu qələbələr bizi zirvələrdən-zirvələrə ucaltmaqda və Azərbaycan cəmiyyətinin firavanlığını yüksək səviyyədə təmin etməkdədir. Fəxrlə qeyd etdiyimiz firavanlıqda isə muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayan Naxçıvanın xüsusi payı vardır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır.
Görkəmli dövlət xadimi Heydər Əliyev əsl vətəndaş olmaq üçün ləyaqət göstərməyi, xalq, Vətən naminə çalışmağı, Vətən sevgisini, doğma torpağa, doğma yurda bağlılığı əməli işlə nümayiş etdirməyi tövsiyə edirdi: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. Bu mənada, tarixboyu başı çox bəlalar çəksə də, dəfələrlə yüksəliş dövrləri yaşamış, zəngin mədəni irs yaratmış qədim Naxçıvan bugünkü intibahı ilə sanki çəkdiyi müsibətlərin əvəzini çıxır, ulu köklər üstündə qol-qanad açıb daha xoş sabahlara doğru sürətlə addımlayır. Yeni tarixin yeni Naxçıvanının bu günü dostlarımızı sevindirir, düşmənlərə isə gözdağı verir.
Ötən illər Naxçıvan Muxtar Respublikasının çağdaş tarixinə sosial-iqtisadi inkişafın yeni uğurlu dövrü kimi yazılıb. Həyata keçirilən tədbirlər, əhalinin maddi rifah halının yaxşılaşdırılması, inkişafın mərkəzlə yanaşı, kəndlərə də istiqamətlənməsi, kəndlə şəhər fərqinin aradan qaldırılması həmin uğurların ciddi fundamental mahiyyətindən, geniş miqyasından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamda deyilir: “2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur.
Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri-Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
1990-1993-cü illərdə çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, muxtar respublikanın 75 illik yubileyinin qeyd olunması, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamda deyilir: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur”.
“Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir”. Ulu Öndərin Naxçıvana verdiyi bu qiymət qədim yurdumuz haqqında ən dəqiq və tarixi gerçəklikləri özündə ehtiva edən bir qiymətdir. Tarixin bütün dönəmlərində qoca Şərqin qapısında məğrur dayanan, bir neçə dövlətlə həmsərhəd olan Naxçıvan öz tarixi keçmişi, yeraltı və yerüstü sərvətləri, dahi şəxsiyyətləri ilə tanınıb. Bu gün blokada şəraitində olmasına baxmayaraq, qurub-yaradan, inamla irəli addımlayan qədim yurd yerimiz özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan dövlətçiliyinin intişar tapdığı, son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Əsrlərin, min illərin tarix yollarında heç vaxt yorulmayan, köhnəlməyən şəhər indi bu qədimliyi qoruyub saxlamaq prinsipi ilə yeniləşən diyara çevrilib. Naxçıvan artıq bu gün yeni yolları, geniş prospektləri, əzəmətli binaları, möhtəşəm memarlıq kompleksləri ilə, inkişafın nəhəng addımları ilə irəliləyən qədim tarixli yeni şəhərdir.
Ulu Öndər deyirdi ki, Naxçıvan 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir... Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanlılar Ümummilli Liderin bu tövsiyəsinə həmişə sadiqlik göstəriblər. Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvanın dayandığından məmnunluğunu bildirən görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi quruculuq siyasətinə böyük sədaqət və ehtiramı bu gün hər bir sahədə görmək olar. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”.
Naxçıvanda bütün istiqamətlərdə başlanan yeni islahatlar praktik şəkildə özünü doğruldur və muxtar respublikanın davamlı inkişafını təmin edən düzgün yol seçilib. Ən əsası Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi ilə burada qısa zamanda əldə edilmiş nailiyyətlər, hər bir yüksəliş nümunəsi təsdiq edir ki, Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və tövsiyələr Naxçıvanda vaxtında və layiqincə icra olunur. Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Naxçıvan Muxtar Respublikasının da uğurlarının təməlində Ulu Öndərin əbədiyaşar ideyaları dayanır. Hazırda Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə inkişafının yeni mərhələsinə qədəm qoyan muxtar respublikada həyata keçirilən islahatlar cəmiyyət həyatının bütün sahələrinə dinamizm, canlanma gətirib, inkişafı daha da sürətləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan tezliklə daha möhtəşəm uğurları ilə inkişafın yeni nümunələrini yaradacaq.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın xoş sabaha olan inamını qat-qat artırıb. Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarını həyatda real təcəssüm etdirən müstəqil Azərbaycan Respublikası ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır. 44 günlük Vətən müharibəsində işğalçı düşmən üzərində qazanılan tarixi Qələbə bütün dünyaya milli həmrəyliyimizi nümayiş etdirdi. Belə böyük Qələbənin qazanılmasında vətənpərvərliyi həyat amalına çevirən naxçıvanlıların da böyük qəhrəmanlıqlar göstərməsini ölkə Prezidenti də öz çıxışlarında, müsahibələrində dəfələrlə bəyan edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamda deyilir: “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar”.
Bu gün hərtərəfli inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən qarşısında alınmaz qalaya çevrilmiş müasir Naxçıvan tarixinin yeni inkişaf mərhələsini yaşayır. Təbii ki, yaxın keçmişə qayıdıb son illərə nəzər saldıqda hansı çətinliklərdən, hansı mürəkkəb dövrdən bu xoş günlərə gəlib çıxdığımıza ekskurs edərkən hər birimizin qazanılan uğurlarla qürur duymağa mənəvi haqqımız olduğunu görürük. Çünki Naxçıvan artıq Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə görmək istədiyi müasir və daim inkişaf edən Naxçıvandır! Ulu Öndərin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqqında planlarını addım-addım yerinə yetirən Naxçıvanda əldə olunan bütün nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir. Bütün bu əldə edilən uğurlar isə dostların sevincinə, düşmənlərin kədərinə, həsədinə səbəb olub. Düşmənlər başa düşüblər ki, nə qədər bu torpağı sevən, onun qədir-qiymətini bilən, təəssübünü çəkən insanlar var, bu qədim Oğuz-türk yurdu öz varlığını davam etdirəcək, cənnətməkana çevriləcəkdir. Min illərdir, tarixə meydan oxuyan Naxçıvan torpağı, onun zəhmətkeş, qurucu insanları dünya durduqca var olacaqdır.
İsayə SEYİDOVA
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin
Naxçıvan Şəhər Nikah Evinin müdiri, ədliyyə müşaviri
Digər xəbərlər