NAXÇIVAN :

17 Avqust 2026, Bazar ertəsi

Güneyxırman və Quzeyxırman kəndlərinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

...

Bu gün Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

"Şərq qapısı" xəbər verir ki, kəndlərə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə - 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

13:42

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr öz yurdlarına qovuşublar.

"Şərq qapısı" xəbər verir ki, bu gün Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) köçürülüb.

Köçürülən sakinlərin məskunlaşması üçün kəndlərdə lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Nəşr edilib : 17.08.2026 14:05