NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Nicat Kazımov: Teatra olan sevgi varsa, hər şey həll olunur

...

Naxçıvanda keçirilən Teatr Festivalı çərçivəsində qardaş ölkələrdən və Azərbaycanın müxtəlif bölgələrindən gələn sənət adamları festivalın əhəmiyyətindən danışıblar. Festivalın qonaqlarından biri, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının Yaradıcılıq Şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar artisti Nicat Kazımov “Şərq qapısı” ilə təəssüratlarını bölüşüb. Əməkdar artist bildirib ki, belə festivalların keçirilməsi teatr sənətinin inkişafı baxımından olduqca önəmlidir: “Çox təqdirəlayiq haldır ki, belə bir Teatr Festivalı keçirilir. Ömrünün 35 ilini teatra həsr etmiş bir insan kimi deyə bilərəm ki, bu məni çox sevindirir. Bizə bildirildi ki, növbəti illərdə də festivalın keçirilməsi nəzərdə tutulur. Ümid edirəm ki, gələcəkdə mənim tamaşam da bu festivala dəvət olunar”. 
Nicat Kazımov vurğulayıb ki, teatrın inkişafı üçün əsas amillərdən biri tamaşaçı auditoriyasının formalaşdırılmasıdır: “Mən istəyirəm ki, həm Bakıda, həm də digər bölgələrimizdə Azərbaycan tamaşaçısı yetişsin. Tamaşaçıya keyfiyyətli tamaşa təqdim etmək lazımdır”.
Əməkdar artist qeyd edib ki, festival çərçivəsində Bakıdan gələn üç teatr truppasının çıxışları Naxçıvan tamaşaçılarına təqdim olunacaq. O, aktyorların səhnəyə olan sevgisinin xüsusi diqqət çəkdiyini bildirib: “Teatr aktyorlarının çıxışında mənim üçün ən qiymətli məqam onların gözlərindəki teatra olan sevgidir. Onlar nömrələrini böyük sevgi ilə icra edirlər. Əgər həvəs və sevgi varsa, hər şey həll olunur. Bu isə o deməkdir ki, teatr günbəgün daha böyük zirvələri fəth edəcək”.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 08.05.2026 19:18