NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Nəşriyyat işçiləri mətbuatın 150 illik yubileyinə töhfələrini verir

...

Jurnalistikamızın və mətbuatımızın mənəvi atası olan Həsən bəy Zərdabinin böyük səyləri hesabına işıq üzü görən “Əkinçi” qəzetinin və məntiq etibarilə milli mətbuatımızın 150 illiyini qeyd edirik. Tarix üçün qısa zaman kəsiyi olan bu 150 ildə mətbuatımızın keçdiyi keşməkeşli yolda rastlaşdığı çətinliklər, məruz qaldığı təhdidlər, qazandığı uğurlar barədə geniş danışmaq fikrində deyilik. Onu xüsusilə diqqətə çatdırmaq istəyirik ki, milli mətbuatımızın ən qocaman üzvlərindən biri kimi 104 yaşlı “Şərq qapısı” qəzeti olaraq biz də həmin əlamətdar günü böyük uğurlarımızla qarşılayırıq. Qəzetin çapa hazırlanmasında kollektiv üzvlərinin hər birinin əməyi danılmazdır. Bir-birini tamamlayan zəhmətdir. Necə deyərlər, redaksiyanın sürücüsündən tutmuş rəhbərinədək bir-biri ilə sıx və zəncirvari fəaliyyət göstərməsi “Şərq qapısı”nı Azərbaycan mediasında ön sıraya çıxarıb. 
Bayram ərəfəsində qələmə aldığımız bu yazıda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi haqqında danışmaq istəyirik. Bizimlə eyni binada fəaliyyət göstərən birlik də bu bayrama ciddi hazırlaşır. Öncə onu qeyd edək ki, 1921-ci ildə “Şərq qapısı” qəzeti fəaliyyətə başlayarkən onun tabeliyində yaradılmış mətbəə 1938-ci ildə “Naxçıvan mətbəəsi” adı ilə müstəqil müəssisəyə çevrilmişdir. 1997-ci ildən indiki adı ilə fəaliyyət göstərir. 
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyəti, iş prosesi ilə bağlı birliyin direktoru Pərvin Məmmədov ilə həmsöhbət olduq. Müsahibimiz bildirdi: “Birlik qəzetlə yanaşı, digər çap məhsulları da istehsal edir. Sifarişçi məmnunluğunu qazanmaq və həmin məhsulların keyfiyyətli istehsalını nəzərə alaraq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyəti üçün yaradılmış şərait yüksək səviyyədədir. Birliyin maddi-texniki bazasının da möhkəmləndirilməsi qayğısına qalınıb və müntəzəm olaraq təşkilatımız yeni nəsil avadanlıqlarla təchiz edilir. Artıq nəşriyyatımız ölkəmizdə fəaliyyət göstərən eyni profilli müəssisələrlə bir sırada dayanır. Belə ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 2010-cu ildə istifadəyə verilmiş yeni binada yerləşdirilməsi və burada yüksək poliqrafik göstəricilərə malik Almaniya istehsalı olan çap avadanlığının quraşdırılması, 2015-ci ildə isə ikinci belə bir avadanlığın alınması muxtar respublikada nəşr-poliqrafiya işinin keyfiyyətini xeyli yüksəltmişdir. Nəşriyyat “Şərq qapısı” ilə yanaşı, müxtəlif kitab və jurnalların rəngli formatda nəşr olunmasını, müxtəlif idarə və təşkilatlar üçün dəftərxana ləvazimatları, sadə və ciddi hesabat blankları, müxtəlif qəbzlər, təqvimlər, etiketlər, dəftərlərin hazırlanmasını həyata keçirir. Muxtar respublikada fəaliyyət göstərən elm və mədəniyyət müəssisələri tərəfindən də  müxtəlif çap sifarişləri daxil olur, bu məhsullar yüksək standartlar və müasir dizayn əsasında qısa müddətdə hazırlanır”.
Pərvin müəllim onu da qeyd etdi ki, bu gün mətbuat sahəsində çalışan insanlarla yanaşı, nəşriyyat və poliqrafiya əməkdaşlarının əməyinin də qiymətləndirilməsi dövlətimizin mətbuat sahəsinə diqqət və qayğısının nəticəsidir. Son illər birliyin əməkdaşlarının iş şəraiti daha da yaxşılaşdırılıb, əməkhaqları artırılıb və uzun illər bu sahəyə əmək sərf edən təcrübəli əməkdaşların əməyi dövlətimiz tərəfindən dəyərləndirilib. 
Öyrəndik ki, əvvəllər mətbəədə çap edilən məhsullar primitiv alınır, sifarişçi tələbini, demək olar ki, ödəmirdi. Köhnə, istismar müddətini başa vurmuş maşınlarda çap nümunələri keyfiyyətsiz alınırdı. Birliyin yeni binada fəaliy­yətə başlaması bu nöqsanların aradan qaldırılmasına imkan verdi. 
Nəşriyyatda qəzet və kitabların nəşri prosesi ilə də tanış olduq. Burada  materialların qəzetin səhifələrinə köçürülərkən bir çox proseslərdən keçməsini və mətbəə əməkdaşlarının zəhməti sayəsində oxucuların görüşünə gəlməsini gördük. Belə ki, redaksiyamızda hazır­ladığımız materiallar kompüterdə yığılıb dizayn edildikdən sonra PDF formatında nəşriyyata təqdim olunur. Burada ən müasir poliqrafiya avadanlıqları ilə müvafiq dizayn, rəngayırma, qatlama və digər proseslər həyata keçirilir. Xüsusilə qəzet səhifələrinin nəfis tərtibatda və keyfiyyətlə nəşr olunması burada çalışan əməkdaşlardan yüksək diqqət tələb edir.  Çap prosesi günün sonundan gecə saatlarınadək davam edir. Kitab və jurnalların nəşri də ən müasir tələblər əsasında və keyfiyyətli şəkildə aparılır. Buradakı müasir avadanlıqlar kitabların bir neçə variantda və minlərlə tirajda nəşrinə imkan verir. 
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi bizim üçün doğma təşkilatdır. Əl-ələ verib üzərimizə düşən tapşırıqları, qarşımıza qoyulan vəzifələri birgə yerinə yetirmək yolunda nəşriyyat işçilərinə müvəffəqiyyətlər arzulayır, bu bayram günündə onları “Şərq qapısı”nın kollektivi adından ürəkdən təbrik edirik. 

Aidə İBRAHİMOVA
 

Nəşr edilib : 23.07.2025 09:10