Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş s...
14:14 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
Müəllim qəlbi şölə çəkib gilə-gilə əriyən şama, barın-bəhrəsini heç kəsdən əsirgəməyən torpağa, öz nurunu yer üzərinə təmənnasız bəxş edən Günəşə bənzər. Bütün şüurlu həyatını gənc nəslin əsl vətəndaş kimi böyüməsinə sərf etmiş Allahqulu müəllim də məhz belə bir ömür yaşamışdır.
1925-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olan Allahqulu Həzi oğlu Quliyev həbin yaşayış məntəqəsindəki məktəbdə orta təhsil aldıqdan sonra əvvəlcə Naxçıvan Müəllimlər İnstitutunu, sonra isə N.Tusi adına ADPU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinin ilk illərini Şahbuz rayonunun Yuxarı Qışlaq və Sələsüz məktəblərində keçirmişdir. Əllinci illərin əvvəllərində doğma Kükü kənd orta məktəbinə dərs hissə müdiri təyin olunmuş, 1961-ci ildən ömrünün sonuna qədər məktəbin direktoru vəzifəsində işləmişdir. Allahqulu müəllim yaşadığı mənalı həyatının 41 ilini gənc nəslin əsl vətəndaş kimi yetişməsinə həsr etmişdir.
Haşiyə: 1990-cı ilin iyulun 20-də Ümummilli Liderimiz Heydər Əliyev Moskvadan Bakıya, iki gün sonra isə Naxçıvana gəldi. Hamı kimi məndə də bir istək yarandı ki, görkəmli dövlət xadimi ilə görüşüm. Coğrafiya elmlər doktoru, professor, mərhum Səfəralı Babayev həm atamın, həm Ulu Öndərin, həm də mənim dostum idi. Razılaşıb görüşə getdik. Görkəmli şəxsiyyət bizi çox yaxşı qarşıladı. Səfəralı müəllimdən soruşdu ki, bu kişi kimdir. Dedi ki, sənin gənclik dostun Allahqulu müəllimin oğludur. Ümummilli Lider mənimlə bir də görüşdü. Dedi ki, sənin atan mənim gənclik dostum idi. Çox səxavətli adam idi. Mən çalışacam ki, sizin məktəbə onun adını verim...
...Allahqulu müəllim uçuq-sökük bəylik otaqlarında yerləşən, kənd ibtidai məktəbini müəllim və şagirdlərin gücü ilə, necə deyərlər, qol çırmayıb bina tikməklə müasir orta məktəbə çevirmişdir. O, Azərbaycanımızın tanınmış ziyalısı, öz peşəsinin ustası, respublikanın ictimai həyatında fəal iştirak edən, hamının hörmətini qazanan insan necə deyərlər, əsl el adamı idi. 10 nəfər elmlər namizədinin və doktorunun, 1 nəfər akademikin, yüzlərlə müəllimin, həkim və mühəndisin həyata vəsiqə almasında Allahqulu Quliyevin zəhməti əvəzsizdir. Əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilən Allahqulu Quliyevə 1957-ci ildə “Əməkdar müəllim” fəxri adı verilmişdir. 3 dəfə – 1960, 1961, 1968-ci illərdə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. Həmçinin keçmiş SSRİ-nin orden və medallarını da alan, müəllimlərin ümumittifaq və respublika konfranslarında çıxışlar edən Allahqulu Quliyev Azərbaycan KP MK-nın, Naxçıvan Vilayət Partiya Komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə də mükafatlandırılmışdır. Ona daha bir böyük qiymət ölümündən sonra verilmişdir. Belə ki, 1990-cı ildə Kükü kənd orta məktəbinin pedaqoji kollektivi və kənd ictimaiyyəti məktəbə görkəmli pedaqoq Allahqulu Quliyevin adının verilməsi haqqında təşəbbüs qaldırmış, bu təşəbbüsü bəyənən Ümummilli Lider Heydər Əliyev tələbəlik illərindən yaxşı tanıdığı Allahqulu Quliyevi xatırlayaraq demişdir: “Çox yaxşı təşəbbüsdür. Mənim qəlbimdə Allahqulu Quliyevin əziz, təmiz xatirəsi həmişə canlanır. O, nümunəvi, ləyaqətli, təşəbbüskar tələbələrdən biri idi. Bilirəm ki, bütün şüurlu həyatını gənc nəslin əsl vətəndaş kimi yetişməsinə sərf etmiş xalq müəllimi olub Allahqulu müəllim. Çox sağ olun deyirəm belə təşəbbüsü qaldıranlara”. Ulu Öndər bu təşəbbüsü bəyənmiş və Kükü kənd tam orta məktəbinə bütün həyatını uşaqların maariflənməsinə sərf etmiş Allahqulu Quliyevin adı verilmişdir.
Allahqulu Quliyevin təşəbbüsü ilə təlimdə fərdi yanaşma və başqa bir çox inkişafetdirici metodlar bu məktəbdə uğurla həyata keçirilmişdir. Hələ 1970-1980-ci illərdə Kükü kənd orta məktəbində ayrı-ayrı fənlərə xüsusi marağı olan şagirdlərin dərsdənkənar məşğələlərə cəlb edilməsi onların hərtərəfli və yüksək bilik almasına səbəb olmuşdur ki, həmin metod 30 il sonra Azərbaycan məktəblərində kütləvi şəkil almış, hazırda isə “seçmə fənn” adı ilə tədris edilir. Fərdi təlim metodlarını, təcrübə və təşəbbüslərini yaymaq üçün dövri mətbuatda sanballı elmi-pedaqoji məqalələrlə çıxış etmişdir.
Bundan başqa, Allahqulu Quliyev şagird istehsalat briqadalarının yaradılmasına təşəbbüs göstərmiş və işlədiyi dövrdə məktəbin tədris istehsalat sahəsində 10 tonlarla tərəvəz istehsalına nail olmuşdur.
Allahqulu Quliyev həm də yaxşı ailə başçısı idi. 10 övladının hər birini əsl insan, əsl vətəndaş kimi, böyütmüşdür.
Əsl pedaqoq, ictimaiyyətçi və gözəl insani keyfiyyətlərə malik olmaqla yanaşı, qonaqpərvərliyi, qayğıkeşliyi ilə seçilən Allahqulu müəllim Azərbaycanımızın tanınmış elm, sənət adamları ilə sıx əlaqə yaratmışdır. O, SSRİ xalq artisti Rəşid Behbudovla, xalq yazıçısı Mehdi Hüseynlə, Hüseyn İbrahimovla, yazıçılardan Cavad Cavadlı, Həsən Mehdiyevlə, Həsən Fətullayevlə, xalq artistləri Nəsibə Zeynalovayla, Rübabə Muradovayla, Nəzakət Məmmədova və başqaları ilə dəfələrlə görüşmüş, Küküdə onların adına layiq süfrə açmışdır.
O, sadə bir ömür yaşadı-müəllim ömrü. Lakin böyük bir sirr, sehr ünvanlandı bu sadəliyə. Qəlbinin odu ilə yüzlərlə şagirdləri isidə-isidə, gözünün nuru ilə onların ömür yollarını işıqlandıra-işıqlandıra, nur ələyə-ələyə, ziya paylaya-paylaya bir ömür yaşadı Allahqulu müəllim.
Bu gün böyük minnətdarlıq, sevgi və ehtiramla yad olunan Allahqulu müəllim, ruhun şad olsun!
Yunis QULİYEV
Allahqulu Quliyev adına Kükü kənd
tam orta məktəbinin təqaüdçü məllimi
Digər xəbərlər