NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Nəsillərə ərməğan "100 ilin qəhrəmanları"

...

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən, “Şərq qapısı” qəzetinin layihəsi əsasında nəşr olunan “100 ilin qəhrəmanları” adlı kitabı sətir-sətir, kəlmə-kəlmə oxuduqca, səhifələri vərəqlədikcə  anaların laylasını, ataların arzusunu eşidirəm sanki. Oğulların qəhrəmanlığına şahid oluram. 
Cəmi 44 sətrə sığdırıb analar balalarını. Kimisi toyunu görə bilmədiyi balasının 22 illik şərəfli ömrünü, kimisi isə qəhrəmanlıqla dolu döyüş yolunu sığdırıb 44 sətrə. Qısa olsa da, şərəfli həyatından danışıb. 
Hərəsi bir evin madarı, bir ananın son ümidi, bir gəlinin sonsuz sevgisi, üzünü görə bilmədiyi balasının atası olan bu igidlər haqqındakı xatirələr gələcək nəslə yadigar olub qələmə alınan hər sətirdə. Kitabı vərəqlədikcə, anaların öz balaları haqqında danışdığı xatirələrini oxuduqca igid Vətən oğullarının uşaqlığı, gəncliyi gəlir gözlər önünə. Oğlunun şəhadətə yüksəlməsinə dözə bilməyib onun yanına tələsmiş anaların yerinə isə atalar danışır igid oğulların həyatını. Düşmənə yaxın kəndlərdə yaşayan analar deyir ki, heç ağlıma gəlməzdi ki, düşmən gülləsinin səsi altında böyüyən bu uşaq gün gələcək o düşmənin səsini özü kəsəcək. Heç ağlıma gəlməzdi, bəy köynəyini kəfənlə dəyişib məndən xəbərsiz döyüşə tələsəcək oğlum. Bu balaca həyətdə ürəyi dünya boyda oğul böyüyürmüş, sən demə. Oğlum Vətəni anasından çox sevirmiş, halal olsun ona ki, bayrağımızı Şuşada dalğalandırıb evimizə çox sevdiyi bayrağa sarılıb gəldi deyir analar. 
Tək təsəllisi azad edilən torpaqda – Şuşada, Laçında dalğalanan üçrəngli, ay-ulduzlu bayraq, Zəngilandan gələn körpə, Xocalıdan eşidilən toy səsi olan analar.  Qəhrəman ataların qızları, igidlər böyüdən qadınlar. 
Xatirələr fotolarla bəzənir səhifələrdə. Vətən müharibəsinin ən gənc şəhidi Pərvizin, ilk həkim şəhidi Turqutun, nişan xonçaları məzarını bəzəyən Əlinin, Həsənin, Həmidin, Vüsalın, övladının üzünü görə bilmədən canını Vətənə fəda edən Azadın, Əlinin  fotolardan boylanan gənc üzünə, gülən gözlərinə baxdıqca bir anlıq kədər bürüsə də, insanı anaların, ataların “Min oğlum olsa mini də Vətənə qurbandır. Oğlumun bəy köynəyi Vətənin zirvələrində ucalan bayrağımdır” kəlmələrini oxuyanda bu kədərin yerini qürur əvəzləyir. O zaman bir daha əmin oluruq ki, belə qəhrəman oğulları böyüdən analar var olduqca, bu Vətən də var olacaq. Onlar haqqında yazılan hər sətir bir dastana dönəcək, dildən-dilə keçib gələcək nəsillərə çatacaq. Koroğlunun, Babəkin, Xan çobanın, Qazan xanın, Şah İsmayılın qəhrəmanlıq dastanlarını oxuya-oxuya böyüyüb Vətəni bütövləşdirən oğulların yerini Şuşaya bayraq sancan, Xocalıda düşmən süngüsündə can verən körpələrin qisasını alan, Xankəndini azad edən igidlərin əfsanəyə dönən ömürlərindən vətənpərvərlik dərsi alan nəsillər alacaq. İgid Vətən oğullarının qəhrəmanlığından bəhs edən nəşrlər isə yüz illərin salnaməsi olacaq.
Yüz illər sonra da hər gün Qarabağda doğulan Günəş də, gecəni nura qərq edən Ay da, onları xatırladacaq hər kəsə.
Qədim Naxçıvanın 150 igidinin haqqındakı xatirələrlə dolu olan bu nəşr nəsillərə ərməğan olaraq hər şəhid evində öz yerini tutacaq.

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 12.01.2025 13:14