NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Nənə və nəvəni birləşdirən daha bir dəyər: təhsil

...

63 yaşlı Elza İsmayılova və 16 yaşlı nəvəsi İlqar İsmayılov eyni liseydə –Şərur Peşə Liseyində təhsil alsalar da, fərqli ixtisasları seçiblər. Nənə yeməkləri peşəkar səviyyədə bişirməyi öyrənmək üçün aşpazlıq, nəvə isə babasının yolunu davam etdirmək üçün elektrik peşəsinə yiyələnmək istəyir.

Yemək bişirməyə əvvəldən marağı olduğunu deyən Elza xanım peşə liseyinə gəldikdən sonra bu marağın daha da artdığını vurğulayır: “Özümü burada çox yaxşı hiss edirəm, sevinirəm ki, bu peşəyə yiyələnirəm. Öz yoldaşlarıma da deyirəm ki, bu gözəl sənətdir, gəlib hamınız öyrənin. Əvvəldən yemək bişirməyə marağım var idi. Bacım da, qızım da aşpaz işləyib. Bura gəlib-getdikcə marağım daha da artdı. İstədim ki, yaxşı yeməklər hazırlayım. Elə buna görə də peşə təhsili almağı qarşıma məqsəd qoydum”.

Nəvəsi İlqar isə Elektrik xəttlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis ixtisasını seçməsinin əsas səbəbinin atası və babası olduğunu qeyd edir. Nənəsinin də onunla eyni liseydə təhsil aldığını eşidəndə çox sevindiyini söyləyən İlqar bunun çox adama qismət olmadığını da bildirir: “Babam və atam elektrik olduqları üçün mən də bu peşəyə yiyələnmək, onların yolunu davam etdirmək istədim. Çox yaxşı haldır ki, nənəmlə bir yerdə təhsil alıram. Hər kəsə qismət olmur nənəsi ilə eyni parta arxasında oturmaq. Mənə qismət olub, çox xoşbəxtəm”. Elə Elza xanım da nəvəsi ilə birlikdə təhsil almaqdan qürur duyduğunu deyir: “İlqarla dərsə bir gedib gəlirik. İnsanın öz övladı, nəvəsi ilə bir yerdə təhsil alması çox yaxşıdır. Bununla fəxr edirəm”.

İlqar əvvəlcə nənəsinin bu liseydə təhsil alacağını eşidəndə inanmayıb. Amma indi hər hansı bir çətinliyində nənəsinə müraciət edir: “Birinci, nənəmin bu təhsil ocağında oxuyacağına inanmadım. Gələndə gördüm ki, nənəm də buradadır. Çox sevindim və dedim bu məktəbdə oxuyacaqsan? Dedi “hə” (gülür). Evdə bir-birimizə kömək edirik, öyrəndiklərimi nənəmə deyirəm. Həmişə deyir, nə öyrəndin, gəl de görək, mən də deyirəm”. Elza İsmayılova isə evdə nəvəsinin öz ixtisası, özünün isə aşpazlıq barədə danışığını deyir: “Hansı işləri gördüyümüzü, liseydə nə öyrəndiyimizi bir-birimizə deyirik, bu barədə söhbət edirik. İlk gəldiyim gün şagirdlər məni çox yaxşı qarşıladı və əzizlədilər məni. Dedilər ki, sənin kimi biri ilə eyni vaxtda təhsil alacağıq, bilmədiklərimizi də sizdən öyrənəcəyik”.

Liseydə təhsil alanlar və müəllimlər nənə ilə nəvənin eyni məkanda təhsil almalarını maraqlı bir hal kimi qiymətləndirirlər. Eyni zamanda Elza xanım bu liseyin tarixində həm də ən yaşlı şagird, tələbədir. Elə onun tələbə yoldaşı Fərman Musayev deyir ki, Elza xanımla bir yerdə təhsil almaq, oxumaq çox qürurverici bir hissdir: “Düşünürəm ki, peşə təhsili insanların gələcək həyatında böyük iş imkanları yaradacaq. Aşpazlıq da çox yaradıcı, məsuliyyətli peşədir. Elza xanımla bir yerdə təhsil almağımız xoş hissdir, ona görə ki, bizim həm böyüyümüzdür, həm də digər işlərimizdə köməklik göstərir, məsuliyyətli, intizamlı olmağı öyrədir”.

Şərur Peşə Liseyində 2026-2027-ci il tədris ilində müvafiq qaydada qəbul aparılıb, 7 qrup üzrə 126 nəfər bu təhsil ocağına qəbul olunub. Məktəbin müəllimi Şükufə İsmayılova deyir ki, liseyin əsas məqsədi burada texniki biliklərlə yanaşı, praktiki bacarıqları şagirdlərə, tələbələrə öyrətməkdir: “Əsasən aşpazlıq, elektrik, informasiya ixtisasları üzrə məlumatlar verilir. Elza İsmayılova aşpaz ixtisasına qəbul olunub, ən yaşlı tələbəmizdir. Onun da bu ixtisası seçməkdə öz həvəsi, məqsədi olub. Əvvəllər bu peşədə müəyyən təcrübəsi olub. Gələcəkdə də aşbazlıq üzrə ixtisaslaşıb peşəyə daha dərindən yiyələnmək istəyir”.

63 yaşlı Elza İsmayılovun sevdiyi peşə üzrə təhsil alması onu göstərir ki, peşə öyrənmək, təhsil almaq heç də yaşla bağlı deyil. Hələ təhsil aldığın müəssisədə nəvənlə birgə təhsil alırsansa, o zaman insanın gələcəyə aid planları daha fərqli yöndə olur.

Ceyhun MƏMMƏDOV

 

Nəşr edilib : 14.10.2026 17:23