Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-...
23:50 07.10.2024
0
0
0
NAXÇIVAN :
08 Oktyabr 2024, Çərşənbə axşamı
Bura Babək rayonunun Nehrəm qəsəbəsidir. Muxtar respublikamızın ictimai-siyasi həyatına, elmi mühitinə dəyərli insanlar bəxş edən yaşayış məntəqəsi. Dadlı-tamlı qarpızı adla deyilən Nehrəm bu baxımdan həm də bərəkətli torpaqları və zəhmətkeşləri ilə tanınır. Qəsəbə son illərdə daha da baxımlı görkəmə qovuşub. Yaşayış məntəqəsində təhsil, səhiyyə, yol infrastrukturu qurulsa da, su xətləri uzun illər yararsız vəziyyətdə idi. Bu səbəbdən sakinlər içməli su sarıdan ciddi problemlərlə üzləşirdilər. Və nəhayət, bu gün bütün nehrəmlilərin arzuları çin olub, camaat həmin əvəzolunmaz nemətə qovuşmağın sevincini yaşayırlar...
Ötən günlərdə Nehrəm qəsəbəsində olduq, “Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin bu yaşayış məntəqəsi üçün əhəmiyyətindən söhbət açdıq. Babək Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Rüstəm Rüstəmov qeyd etdi ki, muxtar respublikada vətəndaşların su təminatının yaxşılaşdırılması daim dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yeni içməli və suvarma su xətləri çəkilir, mövcud xətlərin ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülür. Naxçıvanın böyük yaşayış məntəqələrindən olan Babək rayonunun Nehrəm qəsəbəsi də uzun illər içməli su çatışmazlığından əziyyət çəkib. Qəsəbə sakinləri içməli su təminatını qarşılamaq üçün qəsəbədə olan bir neçə su quyusundan, həmçinin su maşınlarından alınan sudan istifadə ediblər. Təbii ki, bu cür su təminatını etibarlı və dayanıqlı hesab etmək olmaz.
Rüstəm müəllim bildirdi ki, “Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlərə başlanılıb. 2023-2024-cü illərdə qəsəbədə içməli su şəbəkəsi üzrə 7766 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 664 ev su şəbəkəsinə qoşulub, 2028 evə su sayğacı quraşdırılıb. Kanalizasiya şəbəkəsində diametri 100 və 150 millimetr olan 23 min 188 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2425 ev şəbəkəyə qoşulub. Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2320 abonentlə müqavilə bağlanılıb. Hazırda 92 evin yarım qalan tamamlanma işləri görülür. Layihənin icrasında əsas məqsəd vətəndaşları davamlı və dayanıqlı içməli su ilə təmin etmək, tullantı sularının küçələrə axıdılmasının qarşısını almaq, sudan səmərəli və qənaətli istifadəyə şərait yaratmaq, bir sözlə, sakinlərin rifah halını yaxşılaşdırmaqdır.
Layihənin tikinti işlərini reallaşdıran “Arkoz İnşaat” MMC-nin mühəndisi, iş icraçısı Rövşən Həsənov isə bildirdi ki, şirkətin Nehrəm qəsəbəsi üzrə fəaliyyəti 2023-2024-cü illəri əhatə edir. Hazırda 4 məhəllədə iş prosesi davam edir. İşlərin tam keyfiyyətlə və tez zamanda yekunlaşması üçün ərazidə kifayət qədər işçi qüvvəsi və mal-material ehtiyatı vardır.
Qəsəbə sakini, ziyalı Ədalət Əsgərov layihənin həyata keçirilməsinə görə minnətdarlıq etdi: “Uzun illər mədəniyyət sahəsində çalışmışam. İndi təqaüddəyəm. Günümü yeni saldığım həyətyanı bağa qulluq etməklə keçirirəm. Əvvəllər də təsərrüfat sahəm olub. Ümumiyyətlə, Nehrəmdə insanların əsas dolanışıq yeri torpaqdır. Hər il hektarlarla ərazidə taxıl, bostan bitkilərinin əkini həyata keçirilir. Həm suvarma, həm də içməli su sarıdan çətinliklərimiz çox olub. Düzdür, qəsəbədə sovetlər dönəmindən qalma su xətləri var idi, işləyirdi. Ancaq xətlərin yararsız, mənbəyinin zəif olduğu üçün su fasilələrlə verilirdi. Yəni gün ərzində hər məhəlləyə bir-iki saat su növbəsi çatardı, ya yox. Şükürlər olsun ki, bir neçə il öncə dövlətimiz bu işə bir əncam qılmağa başladı. Və artıq bu gün hər həyətdə, mətbəxdə günün istənilən vaxtı içməli su vardır. Eyni zamanda şəhər qaydası kanalizasiya xətləri də çəkilib. Atalarımız demişkən, su həyatdır, dirilikdir, aydınlıqdır, təmizlik imandan gəlir. Arzum budur ki, suyumuz hər zaman belə bol, yolumuz aydın, imanımız kamil olsun. Bütün Nehrəm camaatı adından qəsəbəmiz, bizlər üçün zəhmət çəkən, diqqət ayıranlara minnətdarlığımı bildirirəm”.
Digər sakin Akif Hüseynov isə qeyd etdi ki, həm Ulu Öndər Heydər Əliyev, həm də ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə regionların sosial-iqtisadi inkişafı üçün reallaşdırılan layihələrdən Nehrəmə də pay düşüb: “Bir neçə il öncə Prezidentin imzaladığı Qanunla yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi göstərilən diqqətin ən bariz ifadəsidir. Məhz bu mütərəqqi addımdan sonra Nehrəmin üzərində daha parlaq günəş doğdu, yollarımız abadlaşdı, yeni obyektlər quruldu. Ən nəhayəti isə odur ki, hər bir sakinin illərdir, narahatlığına səbəb olan su problemi həllini tapdı. Nehrəmlilər yurda, torpağa bağlı insanlardır, qədir-qiymət biləndirlər. Bunu ötən əsrin 90-cı illərində sübut ediblər, bu gün də o yolla gedirlər. Mən bütün qəsəbə sakinləri adından yaradılan şəraitə görə Prezidentimizə minnətdarlıq edirəm”.
Dünyada su sarıdan hökm sürən çətinliklərə, yaşanan qıtlıq hallarına baxmayaraq, muxtar respublikada görülən qabaqlayıcı tədbirlər, eyni zamanda İlahinin lütfü sayəsində bu sahədə çətinliklər aradan qalxır. Və daha bir böyük yaşayış məntəqəsi Nehrəmdə də illərdir, hökm sürən su çatışmazlığı problemi öz həllini tapdı. Əminliklə demək olar ki, yurda, elə bağlı nehrəmlilər torpaqda əkib-bitirdikləri naz-nemət qədər suyun da qədrini biləcək, ondan qənaətlə, səmərəli şəkildə istifadə edəcəklər.
Nail ƏSGƏROV
Digər xəbərlər