NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Neft çıraqlarından işıqlı şəhərlərə

...

Naxçıvan şəhərində Ulu Öndərin adını daşıyan muzeydə Ona aid əşyalar arasında saxlanılan  bir neft çırağı var. Hər dəfə bu muzeydə olarkən o çırağı görəndə qaranlıq və soyuq gecələri, elektrik enerjisinin olmadığı illəri xatırlayıram.  Düşmənin qəfil hücumu ilə başlamışdı hər şey. Soyuq yanvar gecəsində bir anda qaranlığa qərq oldu bütün şəhər. Artıq iki il idi  ki, 1988 - ci ildən başlayaraq qonşumuz ermənilər Naxçıvana gələn qatarları saxlayır, sərnişinlərə hücumlar olur, mavi yanacaq və elektrik enerjisi dayandırılırdı. Biz 70 il öncə edilən səhvin qurbanına çevrilmişdik. Zəngəzurun ermənilərə peşkəş edilməsi Naxçıvanı ana Vətənindən ayırmışdı. Öz torpağımız sərhədimizə çevrilmişdi. Sovet quruluşunun  qaydaları ilə “qardaş” olduğumuz Ermənistanın ərazisindən keçən qaz və elektrik xətləri Naxçıvanı işıq və mavi yanacaqla təmin edirdi.

Həmin günlərdə sərhədlərimuzə hücum edən quldurlar öncə elektrik xəttini sıradan çıxarıb Naxçıvanı qaranlığa qərq etdilər. Düşündülər ki, bu yolla qədim diyarı işğal edə biləcəklər. Amma onlar yanılmışdı, unutmuşdular Babəkin qüdrətini, Əlincənin alınmazlığını. Gündüzlər Günəşin işığında, gecələr isə Vətən sevgisi ilə yanan qəlbimizin nuru ilə dayandıq biz bir olub səngərlərdə. Elektrik enerjisi olmadığı günlərdə çıraq işığında yun corab toxudu analarımız, səngərdə döyüşən əsgərə göndərdi. Yaş odunla ocaq qalayıb yemək, çörək bişirib, özü ətrinə doyub əsgərə pay tutdu naxçıvanlı  qadınlar.  Çıraq işığında dərs oxuyub, müstəqil Azərbaycanın Dövlət himnini əzbərləyib şəhid məzarı başında qürurla “Səndən ötrü can verməyə cümlə hazırız, Şanlı Vətən Azərbaycan dedik”. Biz bir olub Vətən oğlunu bağrımıza basıb çıraq işığında müstəqil müasir Azərbaycanın təməlini qoyduq. 

Bax burada, Naxçıvanda. Həmin neft çırağının işığında dahi rəhbər gələcəyimizə işıq salan sərəncamlar imzaladı. Hər sahədə olduğu kimi, enerji istehsalı sahəsində də mühüm işlər görüldü. Yeni - yeni su elektrik stansiyaları inşa olundu. Gecənin qaranlığında Günəş kimi doğulan Heydər Əliyev Günəşi öz əməlləri ilə yurdumuzu nura qərq etdi.

Gün o gün oldu, qonşu dövlətlərdən gələn elektrik enerjisi ilə yandı evimizin çırağı. Amma dünyanın belə siyasi gücünə və savadına heyran qaldığı Heydər Əliyevin Naxçıvanın gələcəyi üçün olan planlarından biri də böyük elektrik stansiyalarının inşa olunması idi. Və dahi rəhbərin Naxçıvana rəhbərlik etdiyi illərdə bir çox mühüm addımlar atıldı. Sonrakı illərdə inşa olunan su elektrik stansiyalarında istehsal olunan enerji ilə yurdumuz nura boyandı. "Qonşuya ümidli olan şamsız qalar" atalar sözü də rəfə qaldırıldı. Çünki daha biz qonşuya yox, onlar bizə ümidli olub. Naxçıvandakı  su, günəş, külək elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisini qonşu dövlətlərə ixrac edirik.

Naxçıvan “Yaşıl enerji”  zonasına çevrilib.

Əvvəllər, 1990-cı illərdə yağış yağan,külək əsən kimi elektrik enerjisi kəsiləcək kimi bir dərdimiz də yoxdur. Sədərəkdə, Ordubadda, Şahbuzda dağların zirvəsində qurulan postlarda yanan çırağın al şəfəqi düşmənin gözünü kor edir artıq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 20.10.2024 10:00