NAXÇIVAN :

08 Noyabr 2024, Cümə

Nə qədər ki, bu Vətən var, onlar da var olacaqlar

...

Günəşin dağların arxasında gizlənməyə getdiyi bir yay axşamı Azərbaycanın qəhrəman oğullarından birinin məzarı başında dayanmışam. Onun gözlərini yumduğu tarixi oxuyuram məzar daşından. Dünyaya gəldiyi yer Naxçıvan, son nəfəsini verdiyi tarix və yer isə 19 sentyabr 2023-cü il, Ağdərə rayonu. Doğulduğu torpaqdan yüz kilometrlərlə uzaqda canını Vətənə qurban verən igid qəhrəmanın baş daşında həkk olunan rəsminə baxıram.  Həyatdan doymadan yumulan gözlərindəki ifadə diqqətimi çəkir. Nələr yoxdur bu baxışlarda. Doyunca qucaqlayıb bağrına basa bilmədiyi qızları – Aytən, Nurtən, Nuraya olan məhəbbəti, onu min bir əziyyətlə böyüdən Məryəm anaya olan həsrəti, canını Vətənə qurban verib həyatın bütün yükünü zərif çiyinlərinə qoyduğu həyat yoldaşı üçün duyduğu nigarançılığı görəndə bir anlıq kədər bürüsə də, məni Xocalıda yanan çırağımızı, Xankəndində dalğalanan bayrağımızı xatırlayıram.

Ürəyimdəki kədər qürurla əvəz olunur. Düşünürəm ki, Vaqif kimi oğulların sayəsində Azərbaycan bütövləşdi. Onlar öz canlarını Vətənə qurban verib uşaqların gülüşünü qaytardılar Qarabağa. Tarixin səhifələrinə öz qanları ilə qələbə sözü yazan oğullarımızın sayəsində şanlı Vətən savaşı düşmənin “böyük Ermənistan” xəyalının Cıdır düzündə uçuruma yuvarlanmağı ilə nəticələndi. İllərdir, aşılmaz deyilən “Ohanyan səddi”ni bir neçə saata yarıb qələbə qazanan ordumuz düşmənin bütün xəyallarını Suqovuşanda sulara qərq edib, Şuşanın dərin uçurumlarında dəfn etdilər.

2023-cü ilin sentyabr ayının 19-da başlayıb, cəmi 23 saat 44 dəqiqə 43 saniyə davam edən antiterror əməliyyatları zamanı düşmən ağ bayraq qaldırıb “dövlətinin” süqutunu elan etdi. 30 ildir, Qarabağı terror yuvasına çevirib “Bakıda çay içəcəyik”, – deyən “arsax prezidenti” qolları qandallanaraq Bakıya çay içməyə gətirildi. Bütün dünya Vətən necə sevilər dərsini aldı, şəhid yoldaşını tərk etməyib onu çiynində dağ yuxarı qaldıran Azərbaycan əsgərini görəndə. Bu xalq Vaqif kimi oğulları  ilə bir olub düyünlədiyi yumruğun dəmirə dönüb şimşək kimi düşmənin başında necə çaxdığına şahid oldu.

Bu gün Vaqifin Vətənə əmanətləri azad, bütöv Azərbaycanın övladı kimi böyüyür. Onlar atalarının məzarı başında dayananda onun sinə daşını bəzəyən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə baxıb qürur hissi keçirir. Gün gələcək düşmənin xarabaya çevirdiyi Qarabağ abadlaşıb cənnətə dönəcək. Şuşada, Laçında, Ağdərədə dünyaya gələn körpələr  böyüyüb bu Vətəni bütövləşdirib onlara bəxş edən oğulları minnətdarlıq hissi ilə xatırlayacaq.

Nəşr edilib : 09.09.2024 14:54