Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan Dövlət Universiteti (NDU) beynəlxalq təhsil əməkdaşlıqlarını genişləndirərək müasir texnologiya əsrinin tələblərinə cavab verən mühəndislər yetişdirməyə davam edir. Universitetdə İstanbul Universiteti-Cerrahpaşa ilə imzalanan ikili anlaşma çərçivəsində Türkiyədən gələn akademik heyət artıq bir müddətdir ki, müxtəlif ixtisaslarda tədris prosesinə qoşulub. Onlardan biri də Kompüter mühəndisliyi ixtisasında keçirilən Rəqəmsal Elektronika dərsidir.
Hazırda bu dərsləri aparan və tələbələrlə birgə laboratoriya işlərini həyata keçirən Alasker Özperçin İstanbul Universitetindən gələn müəllim heyətinin üzvüdür. O, Naxçıvan Dövlət Universitetində keçirdiyi müddət ərzində tələbələrin motivasiyasını və öyrənməyə olan marağını yüksək qiymətləndirir. “Burada həm tələbələrimizlə, həm də akademik həmkarlarımızla elmi işlər aparırıq, fikir mübadiləsi edirik. Qardaş vətəndə elmi təcrübələrimizi paylaşmaq bizim üçün böyük sevincdir. NDU tələbələrinin elmə, universitetə və müəllimlərinə yanaşması məni çox heyrətləndirdi. Dərs zamanı göstərdikləri diqqət, öyrənməyə və tətbiq etməyə olan həvəs inanılmaz dərəcədə yüksəkdir”, – deyə professor bildirib.
Türkiyəli müəllim əlavə edib ki, NDU-da keçirdiyi bir həftəlik fəaliyyət onun üçün həm elmi, həm də mənəvi baxımdan dəyərli təcrübə olub. Universitetdə yaradılan müasir laboratoriyalar və praktik yönümlü dərs metodları tələbələrə beynəlxalq standartlara uyğun mühəndislik təhsili almaq imkanı yaradır.
Kompüter mühəndisliyi ixtisasında Rəqəmsal Elektronika dərsləri həm nəzəri, həm də praktiki biliklərin birləşdirildiyi fənndir. Dərs prosesi haqqında məlumat verən müəllimlərdən biri olan Aysel Ersoy bildirib ki, bu sahə tələbələr üçün mühəndisliyin təməl istiqamətlərindən biridir. Onun sözlərinə görə, əvvəlcə nəzəri biliklər verilir, sonra laboratoriya şəraitində praktik məşğələlərə keçilir. Universitetdə Kompüter mühəndisliyi ixtisası üzrə beş laboratoriya fəaliyyət göstərir. Burada tələbələr devre proqramlaşdırma tətbiqini öyrənirlər. Bu fənn tələbələrə gələcək peşə istiqamətlərində yol xəritəsi qazandırır.
Aysel Ersoy, həmçinin qeyd edib ki, tələbələrin dil bilikləri, xüsusilə ingilis dili səviyyəsi, dərs prosesini daha da asanlaşdırır və müasir mühəndislikdə vacib üstünlük yaradır: “Tələbələrimiz həm Azərbaycan, həm də ingilis dillərinə yaxşı bələddirlər. Bu isə onların beynəlxalq səviyyədə mühəndis kimi formalaşmasına imkan verir. Sinifdə səviyyə fərqləri, demək olar ki, yoxdur. Bu, dərsin gedişatını səmərəli və interaktiv edir”, – deyə o bildirib.
İstanbul Universiteti-Cerrahpaşadan gələn müəllimlərdən biri olan Ertuğrul Adıgüzel, Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə mütəxəssisdir. O, artıq 3 aydır, NDU-da çalışır və burada həyata keçirilən layihələrdən məmnunluğunu ifadə edir: “Burada, Naxçıvan Dövlət Universitetinin dəvəti ilə çox gözəl bir layihə həyata keçirdik. Günəş enerjisi üzərində işlər apardıq, tələbələrlə birlikdə layihələr təşkil etdik. Universitetin imkanları doğrudan da çox yaxşıdır. Həm yataqxana şəraiti, həm dərs otaqları, həm də inzibati heyət baxımından bizi çox səmimi qarşıladılar”.
Ertuğrul Adıgüzelin sözlərinə görə, NDU tələbələrinin elmə marağı və fəallığı onu çox sevindirib: “Naxçıvan Dövlət Universitetindəki tələbələr bizimkilərlə, demək olar ki, eynidir, hətta bir az daha yaxşıdırlar. Çünki maraqlıdırlar, öyrənməyə həvəs göstərirlər. Dərsdə tez motivasiya olurlar, “hocam, bunu yoxlayaq, bunu edək”, – deyirlər. Mən onlara dedim ki, siz yalnız Naxçıvan Dövlət Universitetinin tələbələri deyilsiniz, siz gələcəkdə Türkiyədə, Avropada, Amerikada NDU-nu təmsil edəcəksiniz. Bu düşüncə ilə çalışmaq onlarda böyük motivasiya yaradır”.
Türkiyəli mütəxəssis, həmçinin bildirib ki, universitetlə birlikdə enerji təhlükəsizliyi və təchizatı ilə bağlı bir neçə beynəlxalq layihəyə də müraciət ediləcək: “Onsuz da Naxçıvanda böyük günəş enerjisi sahəsi mövcuddur. Biz hibrid günəş və külək enerjisi sistemləri üzərində də işləməyi planlaşdırırıq. Əgər bacarsaq, bu əməkdaşlıq çox uğurlu beynəlxalq layihələrə yol açacaq”.
Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti-Cerrahpaşa arasında qurulan elmi-tədris əlaqələri artıq real nəticələr verir. Türkiyədən gələn müəllimlərin iştirakı ilə keçirilən dərslər, tələbələrin həm peşəkar biliklərini artırır, həm də mədəni və elmi təcrübə mübadiləsini genişləndirir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən Rəqəmsal Elektronika dərsləri göstərir ki, NDU artıq beynəlxalq səviyyədə təhsil keyfiyyəti və müasir yanaşması ilə seçilən bir mərkəzə çevrilməkdədir. Gənc tələbələrin elmə həvəsi, müəllimlərin peşəkarlığı və Türkiyə-Azərbaycan qardaşlığının təhsil müstəvisində təzahürü bu uğurun əsas təməlini təşkil edir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər