NAXÇIVAN :

17 May 2025, Şənbə

NDU-nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

...

Naxçıvan Dövlət Universitetinin tələbələri 10 may 2025-ci il tarixdə Norveçin paytaxtı Oslo şəhərində keçirilən “Ən yaxşı tələbə” adlı Beynəlxalq müsabiqədə iştirak edərək uğur qazanıblar. 
Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Təbii Ehtiyatlar İnstitutunun “Hidrogeologiya və mineral sular” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent, Rusiya Təbiətşünaslıq Akademiyasının (RTA) professoru Fizzə Məmmədovanın rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Müalicə işi tisası üzrə V kurs tələbələri Abdulla Əliyev və Elsunə Əliyeva “Gənc tədqiqatçı” nominasiyasında uğurla iştirak ediblər. 
Tələbələr “Naxçıvan Muxtar Respublikası əhalisinin yaşamında mineral suların müalicəvi rolu” mövzusunda təqdim etdikləri elmi məqalə ilə münsiflər heyətinin müsbət rəyini alıblar. Eyni zamanda müsabiqənin digər tələblərinə— elmi məqalələrin sayı, beynəlxalq və respublika konfranslarının materialları, diplom və medallar, elmi-praktiki təcrübə mübadilələri kimi kriteriyalara da tam cavab veriblər.
Müsabiqənin yekununda Abdulla Əliyev, Elsunə Əliyeva və rəhbərləri Fizzə Məmmədova münsiflər heyətinin qərarı ilə diplomlarla təltif olunublar. Laureat diplomu almış qalib tələbələr ixtisaslaşdırılmış ali təhsil müəssisələrinə qəbul imtahanı olmadan, yaxud güzəştli şərtlərlə daxil olmaq, ən əsası isə müxtəlif sahələr – elm, mədəniyyət, incəsənət və təhsil üzrə beynəlxalq mükafat və qrantlar üçün müraciət etmək imtiyazı əldə ediblər. 
Rəhbər və qaliblər 17-21 avqust tarixlərdə Fransanın paytaxtı Paris şəhərində keçiriləcək beynəlxalq Qala mükafatlandırma mərasiminə dəvət alıblar. 
Qeyd edək ki, bu nüfuzlu beynəlxalq müsabiqə  İNTERNATİONAL ACADEMY of SCİENCE, CULTURE and ART, EURO MEDİA STAR GROUP və FRENCH LANGUAGE and TOURİSM ACADEMY kimi tanınmış təşkilatların birgə əməkdaşlığı ilə təşkil olunub.

Nəşr edilib : 17.05.2025 10:22