Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Müasir dövrdə gənclərin intellektual inkişafına, dünyagörüşünün formalaşmasına və bilik resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrin önəmi danılmazdır. Bu baxımdan, Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən həyata keçirilən təşəbbüslər həm universitet, həm də məktəb mühitində təhsilalanların bilik səviyyəsinin artırılmasına mühüm töhfə verir.
Dekabrın 10-12-də NDU-nun Tələbə Elmi Cəmiyyəti və “Loqos” Nəşriyyatının birgə təşkilatçılığı ilə keçirilən kitab sərgisi gənclər üçün mühüm maarifləndirici platformaya çevrilib. Sərgi əvvəlcə Xarici dillər fakültəsində başlayıb, ardınca Beynəlxalq münasibətlər və Tibb fakültələrində, eləcə də NDU-nun nəzdində Gimnaziyada və NDU-nun nəzdində Beynəlxalq Kembric Məktəbində davam etdirilib. Layihə müxtəlif yaş qruplarını əhatə etməklə bilik resurslarına bərabər çıxış imkanı yaradıb.
Üç gün davam edən sərgidə “Loqos” Nəşriyyatının elmi, tətbiqi və bədii sahələr üzrə nəşrləri, həmçinin müxtəlif dillərdə ədəbiyyat nümunələri nümayiş olunub. Layihə çərçivəsində düzgün kitab seçimi, mütaliə metodları və nəşriyyat sahəsində müasir tendensiyalar mövzusunda maarifləndirici təqdimatlar keçirilib. Xüsusilə NDU-nun nəzdində Gimnaziya və Beynəlxalq Kembric Məktəbinin şagirdlərinin fəallığı sərginin məhsuldarlığını daha da artırıb. Valideynlər tərəfindən verilən müsbət rəy sərginin mütaliə mədəniyyətinin inkişafına real təsir etdiyini göstərib.
Bu münasibətlə sərginin konsepsiyası, təşkilati prosesi və nəticələri barədə NDU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə ilə həmsöhbət olduq.
– NDU-da və universitetin nəzdindəki məktəblərdə təşkil olunan kitab sərgisi geniş maraq doğurdu. Bu təşəbbüsün əsas konseptual ideyasını necə xarakterizə edərdiniz?
– Sərginin əsas ideyası mütaliə vərdişlərinin və çoxdilliliyin həm ali, həm də orta təhsil mühitində sistemli şəkildə təşviq olunması idi. Biz tədbiri, sadəcə, kitab sərgisi kimi deyil, mədəni, intellektual və maarifçi bir platforma kimi qurmuşduq. Sərginin eyni vaxtda həm Naxçıvan Dövlət Universitetində, həm də universitetin nəzdindəki ingilis dili təmayüllü məktəblərdə təşkili tələbə, şagird, müəllim və valideynləri vahid mütaliə mühitində birləşdirməyi hədəfləyirdi. Layihə NDU-nun Tələbə Elmi Cəmiyyəti ilə “Loqos” Nəşriyyatı arasındakı əməkdaşlığın uğurlu nəticəsi kimi reallaşdı.
– Sərgidə beş dildə kitabların təqdim olunması xüsusi maraq doğurdu. Bu yanaşmanın məqsədi nə idi?
– Xarici dillərdə (ingilis, rus, alman, fransız, ispan) nəşrlərin geniş təqdim olunması strateji qərar idi. “Loqos” Nəşriyyatı bu sahədə böyük nəşr spektrinə malikdir və sərginin məzmununun formalaşmasında həlledici rol oynadı. Dilin yalnız dərsliklə deyil, bədii və dedektiv əsərlərlə mənimsənməsi daha effektlidir. Bu cür ədəbiyyat dilin ritmini, söz ehtiyatını və mətn qavrayışını daha tez inkişaf etdirir.
– Sərgi auditoriyasının marağı gözləntiləri doğrultdumu?
– Bəli, hətta gözləntiləri üstələdi. Xüsusilə NDU-nun nəzədində Beynəlxalq Kembric Məktəbinin şagirdlərinin yüksək fəallığı sərginin dinamizmini artırdı. Valideynlərin tədbirə birbaşa qoşulması, övladları ilə birgə kitab seçimi aparması mühüm göstərici idi. Universitet tələbə və müəllimlərinin iştirakı isə sərginin intellektual mühitini daha da zənginləşdirdi. Tədbir sonrası əldə olunan müsbət rəylər məqsədimizə nail olduğumuzu göstərdi.
– Sərginin davamı nəzərdə tutulurmu? Gələcək planlarınız nələrdir?
- Bəli, bu sərgi yalnız başlanğıcdır və davamlılıq üzərində qurulub. Növbəti mərhələdə kitab sərgilərinin janr baxımından genişləndirilməsi, tanınmış müəlliflərlə görüşlər, debat sessiyaları və açıq mühazirələrin təşkili, həmçinin oxu klublarının formalaşdırılması planlaşdırılır. Çoxdillilik istiqamətində fəaliyyətlərin gücləndirilməsi də prioritetlərimiz arasındadır. Məqsəd sərgiləri universitetin mədəni həyatının daimi elementi kimi formalaşdırmaqdır.
Aidə İbrahimova
NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı
Digər xəbərlər