NAXÇIVAN :

09 May 2025, Cümə

NDU-da “Ulu Öndərin xatirə həftəsi” çərçivəsində yekun tədbir keçirilib

...

Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Ulu Öndərin xatirə həftəsi” çərçivəsində yekun tədbir keçirilib. Tədbir universitetin Beynəlxalq Kembric Məktəbində baş tutub.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur. Ulu Öndər Heydər Əliyev dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyətdir. Onun zəngin irsi bizə mirasdır, gəncliyə töhfədir. Rektor qeyd edib ki, bu il həm də dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki Qələbəmizin 5-ci ildönümünün qeyd edilməsi ilə əlamətdardır. NDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində müəllim və tələbələrin iştirakı ilə bir çox müxtəlif elmi-praktik tədbirlər, respublika və beynəlxalq səviyyəli konfranslar keçirilir, araşdırmalar aparılır. Rektor bu gün TEC xətti ilə keçirilən “Ulu Öndərin xatirə həftəsi” çərçivəsində elmi tədbirləri də xüsusilə təqdirəlayiq  adlandırıb. Vurğulayıb ki,  5-8 may tarixləri əhatə edən xatirə  həftəsində ilk olaraq universitet kollektivi ilə dahi şəxsiyyət Heydər Əliyevin  Naxçıvan şəhərində ucalan abidəsini və Onun adını daşıyan muzeyi ziyarət etdilib, açılış tədbiri olub və arıcıl tədbirlər keçirilib. Xatirə həftəsi çərçivəsində 2024-2025-ci tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekun konfransını da mahiyyət etibarı ilə önəmli təşəbbüs olduğunu qeyd edən rektor tələbələrin tədqiqatlarının diqqətdə saxlanıldığını və bu tədqiqatlardan keyfiyyət və davamlılıq gözləntilərinin olduğunu əlavə edib. Rektor bildirib ki, tələbə kontingentinin 30%-dən artığı TEC-in müəyyən fəaliyyətlərində iştirak edir. Eyni zamanda bu statistikanın ürəkaçan olduğunu bildirib və tələbələrə uğurlar arzulayıb. 
Sonra Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə çıxış edib. “Ulu Öndərin xatirə həftəsi” çərçivəsində təqdim edilən tədbirlərdən bəhs edib. Həmçinin cari dövrdə 1745 tələbə tərəfindən 1663 elmi tədqiqat işi həyata keçirildiyini bildirib. Qeyd edib ki, son 5 ilə nəzər saldıqda elmi fəaliyyətlə məşğul olan tələbə sayı 3 dəfəyə qədər artıb, hətta elmi-tədqiqatla məşğul olan tələbələrin 10%-ə yaxını əcnəbi tələbələrin payına düşüb.
Sonra konfrans məruzlərlə davam edib. NDU-nun müxtəlif ixtisaslarında təhsil alan tələbələrin maraqlı mövzular ətrafında tədqiqatları dinlənilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin fikrilərinin yer aldığı videoçarx nümayiş olunub.
Sonda mükafatlandırma mərasimi baş tutub. İştirakçılara plaketlər və sertifikatlar təqdim edilib.

Nəşr edilib : 08.05.2025 21:18