Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkd...
16:55 27.08.2026
0
0
0
NAXÇIVAN :
27 Avqust 2026, Cümə axşamı
Naxçıvan Dövlət Universitetində tələbə qəbulunun artım dinamikası 2026-2027-ci tədris ilində də davam edib. Cari tədris ilində universitetin bakalavriat pilləsinə 2096 tələbə qəbul olunub. Bu, ötənilki 1854 nəfərlə müqayisədə 242 nəfər və ya 13,1 faiz çoxdur. Qəbul göstəricilərində artım yüksək nəticə göstərən abituriyentlərin sayında da müşahidə olunub. Belə ki, 600-dən yuxarı balla NDU-ya qəbul olunanların sayı ötən il 152 nəfər olduğu halda, bu il 166 nəfərə çatıb. Bununla da yüksəkballı tələbələrin sayında 14 nəfər və ya 9,2 faiz artım qeydə alınıb.
Universitetdə tələbə kontingentinin ümumi sayı da son illərdə əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə, təxminən, 6 min nəfər olan tələbə sayı 2026-cı ildə 11 min 338 nəfərə çatıb. Beləliklə, altı il ərzində tələbə kontingenti, təxminən, 89 faiz artıb.
NDU-da tələbə sayının artımı əmək bazarının tələblərinə uyğun yeni ixtisasların yaradılması və mövcud ixtisasların optimallaşdırılması ilə müşayiət olunur. Son illərdə universitetdə İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Psixologiya, Tibb və digər müasir istiqamətlər üzrə yeni ixtisaslar yaradılıb.
2026-2027-ci tədris ilində də əmək bazarının tələblərinə uyğun yeni ixtisasların açılması davam etdirilib. Eyni zamanda ingilis və türk dillərində tədris imkanlarının genişləndirilməsi, xarici tələbələr üçün yaradılan imkanların artırılması universitetə marağın yüksəlməsinə təsir edən amillər sırasındadır.
Mövcud göstəricilər NDU-da yalnız tələbə sayının deyil, universitetə yüksək nəticə göstərən abituriyentlərin marağının da artdığını göstərir. Yeni ixtisasların yaradılması, tədris dillərinin şaxələndirilməsi və beynəlxalq imkanların genişləndirilməsi bu dinamikanın əsas istiqamətləri kimi diqqət çəkir. Universitetin qarşıya qoyduğu hədəf isə daha böyükdür: 2030-cu ilədək tələbə sayının 20 min nəfərə çatdırılması.
Elnurə CƏFƏROVA
Digər xəbərlər