NAXÇIVAN :

20 Iyun 2026, Şənbə

NDU-da keçirilən konqresdə Prezident Kitabxanasının əməkdaşları da iştirak ediblər

...

“Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının əməkdaşları Naxçıvan Dövlət Universitetində təşkil olunan konqresdə iştirak ediblər.
"Şərq qapısı" xəbər verir ki, NDU-nun rektoru Elbrus İsayev universitetin Elmi Kitabxanası, beynəlxalq elmi bazalara çıxış imkanları və elmi-tədqiqat mühiti barədə məlumat verib. O, EBSCO, Clarivate və Taylor & Francis kimi beynəlxalq resursların tələbə və tədqiqatçıların istifadəsinə verildiyini bildirib.
Konqresdə çıxış edən Afət Abbasova Qərbi Azərbaycan mövzusunun tarixi-mədəni əhəmiyyətindən danışaraq Prezident Kitabxanasının bu istiqamətdə həyata keçirdiyi layihələrdən bəhs edib. O, “Qərbi Azərbaycan” elektron informasiya resursu və “Qərbi Azərbaycan: tarixi yaddaş və mədəni irs” virtual sərgisi haqqında məlumat verib.
Prezident Kitabxanasının direktorunun müşaviri Nazım Mustafa isə kitabxananın Azərbaycanın tarixi irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi elektron layihələrdən danışıb.
Tədbir çərçivəsində Prezident Kitabxanasının rəqəmsal layihələri təqdim olunub, “Mirzə Qədim İrəvani” adlı videoçarx nümayiş etdirilib. Həmçinin Prezident Kitabxanasının NDU-ya hədiyyə etdiyi kitablardan ibarət sərgi təşkil olunub və kitabların təhvil-təslim aktı universitet rəhbərliyinə təqdim edilib.
Sonda rektor Elbrus İsayev göstərilən diqqətə və kitab hədiyyəsinə görə Prezident Kitabxanasına təşəkkür edib, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Nəşr edilib : 19.06.2026 19:25