NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Naxçıvanlı şagirdlər Respublika Fənn Olimpiadalarında uğur qazandılar – nəticələr 100 faiz artıb

...

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri ilə diqqət çəkiblər. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərindən 6 şagird olimpiadanın qalibləri sırasında yer alıb. Biz də qalib şagirdlərdən bir neçəsi ilə həmsöhbət olub onların təəssüratlarını öyrəndik.
Babək rayon Hacıvar kənd tam orta məktəbinin VIII sinif şagirdi Əzim Hacıyev informatika fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsində qızıl medal qazanıb. O bu uğurun asan əldə olunmadığını, arxasında uzunmüddətli hazırlıq və davamlı zəhmətin dayandığını bildirib.
Əzim Hacıyev qeyd etdi ki, informatika və kompüter sahəsinə marağı kiçik yaşlarından formalaşıb. O bu istiqamətdə biliklərini artıraraq olimpiada hazırlıqlarına ciddi yanaşdığını vurğulayıb: “İnformatika fənninə olan xüsusi həvəsim məni daha çox çalışmağa və olimpiadaya ciddi hazırlaşmağa sövq etdi. Final mərhələsində qalib olduğumu öyrənəndə böyük sevinc hissi keçirdim. Bu nəticə mənim üçün həm qürur, həm də daha böyük məsuliyyətdir”.
Gənc qalib, həmçinin gələcək planlarından da danışıb. O bildirdi ki, məqsədi təhsilini xaricdə davam etdirmək, informatika sahəsini daha dərindən öyrənmək və bu bilikləri gələcəkdə ölkəsinin inkişafına töhfə verəcək layihələrə 
yönəltməkdir.
Uğur hekayəsini bizimlə bölüşən Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin VIII sinif şagirdi, coğrafiya fənni üzrə gümüş medal qazanan Kənan Qənbərov bildirdi ki, bu fənnə marağı VI sinifdən formalaşıb və məhz bu həvəs onu VIII sinifdə Respublika Fənn Olimpiadalarında iştirak etməyə istiqamətləndirib.
Kənan qeyd etdi ki, olimpiadaya hazırlıq dövründə müəllimlərinin və ailəsinin dəstəyi onun uğurunda mühüm rol oynayıb: “Bu prosesdə onlardan aldığım dəstək mənim üçün çox dəyərli oldu. Respublika səviyyəsində medal qazanmaq böyük qürurdur”. 
Gənc olimpiadaçı gələcək hədəflərindən də danışaraq bildirdi ki, bundan sonrakı illərdə də məqsədi Respublika Fənn Olimpiadalarında daha yüksək nəticələr əldə etmək, bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir. O bu istiqamətdə davamlı çalışaraq gələcəkdə daha böyük uğurlara imza atmağı hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların elmə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qalib şagirdlər əldə etdikləri nəticələrlə həm təhsil aldıqları məktəblərin, həm də Naxçıvan təhsilinin uğuruna töhfə verib. Əldə olunan nəticələr ötən tədris ili ilə müqayisədə əhəmiyyətli artımın qeydə alındığını göstərir. Belə ki, 2024-2025-ci tədris ilində şagirdlərimiz Respublika Fənn Olimpiadalarında 1 gümüş və 2 bürünc medal qazandıqları halda, bu il medal sayı 100 faiz artaraq daha yüksək nəticə ilə yadda qalıb.

Zəhra VƏLİYEVA
 

Nəşr edilib : 17.05.2026 15:05