NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Naxçıvanlı şagird beynəlxalq arenada

...

SAT üzrə ölkə birinciliyi, TOEFL  və buraxlış imtahanı üzrə yüksək nəticənin sahibi

Naxçıvan şəhərində fəaliyyət  göstərən 17 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Əliyeva  SAT (ABŞ və digər xarici universitetlərə qəbul üçün keçirilən beynəlxalq imtahan) imtahanı üzrə 1600 ballıq sistemdən 1580 bal nəticə göstərərək ölkə birinciliyi və dünya üzrə ən yüksək nəticə göstərən 1 faizlik tələbə siyahısına daxil olub. İngilis dili üzrə  dil bacarıq imtahanı olan TOEFL imtahanında isə 120 ballıq sistem üzərindən  111 bal toplayaraq C1 səviyyəsini təsdiqləyən Nərmin bu nəticəsi ilə indiyə qədər Naxçıvan üzrə ən yüksək nəticə göstərən şagird olub. O bu uğurlarına gündəlik planlı çalışma, davamlı zəhmət və illərdir, apardığı sistemli hazırlıq sayəsində nail olduğunu bildirir.

Dərsləri ilə yanaşı, maraqlarına da vaxt ayırdığını diqqətə çatdıran Nərmin  ingilis dilini altı yaşından öyrənməyə başladığını,  üçüncü sinifdən etibarən valideynləri tərəfindən  yönləndirilərək danışıq kurslarına qatıldığını vurğulayır. Dil biliklərini inkişaf etdirmək üçün gündəlik həyatında bu dildən istifadə edib, kitablar oxuyub, filmlər izləyib.

Nərminin uğurları  bunlarla   məhdudlaşmır.  O, riyaziyyat sahəsində də uğurlu nəticələr əldə edərək  10-cu sinifdə SASMO olimpiadasında qızıl, Kopernik olimpiadasında isə gümüş medal, 8-ci sinifdə ARTİ-nin keçirdiyi fənn olimpiadasında kimya fənni üzrə bürünc medal qazanıb. Həmçinin Kenquru və TEMO kimi beynəlxalq riyaziyyat olimpiadalarında sertifikatlarla təltif olunub.

Nəticələri ilə bağlı öz təəssüratını bölüşən Nərmin deyir: “Həm buraxılış, həm də beynəlxalq imtahanlara hazırlaşırdım. Təbii ki, çətinlik çəkdiyim, yorulduğum anlar olurdu. Düşünürəm ki, əvvəldə dediyim kimi, dərsləri planlı şəkildə yerinə yetirmək mənə kömək etdi. Ruhdan düşdüyüm anlar, məncə, heç vaxt olmadı. Çünki mən həmişə yorulanda, çətinlik çəkəndə özümü, hansı məqsəd üçün çalışdığımı, məqsədimi xatırlayırdım. Bu da mənə öz təsirini göstərirdi. Ailəm xaricdə təhsil almaq istəyimi ilk gündən dəstləkləmişdilər. 

Buna görə ailəmə  minnətdaram. Müəllimlərimin də, həmçinin bu yolda əməyi böyükdür. Onlar maraq sahələrində və bu nəticələri əldə etməyimdə köməklik ediblər. Məni hər zaman dəstəkləyiblər. Buna görə də müəllimlərimə minnətdarlığımı bildirirəm”.

O, uğurun ölçüsünün başqaları ilə müqayisə deyil, insanın öz inkişaf səviyyəsinə görə qiymətləndirilməsi olduğunu bildirir:  “Uğur insanın əvvəlki halına görə nə qazandığıdır. Bir insan dönüb qısa və yaxud uzun zaman fasiləsindən asılı olmayaraq, keçmişinə baxanda özündə müsbət nəticə görürsə, bu o deməkdir ki, bu insan uğurludur. Buna görə də deyə bilərəm ki, uğur mənim üçün inkişaf deməkdir”.


Nəzrin ABBASLI

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 29.04.2025 14:21